Sosial şəbəkələrin yeni statusu: Hüquqi tənzimləmə sosial sifariş kimi
Sosial şəbəkələrin (ən geniş yayılanı Facebookdur) dünyaya virtual çıxış və ifadə azadlığı üçün hüdudsuz imkanlar yaratması ilə yanaşı, getdikcə ona nəzarətin cilovlanmaması günümüzün əsas və bəlkə də ən vacib problemlərindən biridir. “Digital in 2019.Azerbaijan” qlobal reytinqin məlumatına görə, Azərbaycanda 3,10 milyon nəfər aktiv sosial media istifadəçisi var. Bu, ölkə əhalisinin üçdə bir hissəsi deməkdir. “İnternetworldstats” qlobal reytinq şirkətinin ötən il açıqladığı məlumatda Azərbaycanda Facebook sosial şəbəkə istifadəçilərinin sayının 1.8 milyon olduğu bildirilir. Facebook-a gündəlik daxil olanların faizi 46.3%, Instagram üçün analoji göstərici 59% təşkil edir. Sosial şəbəkələr vasitəsilə saxta məlumatlar yayılaraq informasiyaların manipulyasiya edilməsi, ictimai rəyin məqsədli şəkildə dəyişdirilməsi son zamanlar daha kritik hal almaqdadır. Xüsusilə də ötən il İçərişəhərdə baş verənlərin qısa zamanda sosial şəbəkələrdə pozucu fəaliyyətlə məşğul olanları kütlə şüuruna təsirlə kütləni idarə edə bilmək istiqamətində dərhal hərəkətə keçirməsi, bunun ardınca müxalif yönümlü qüvvələrin sosial şəbəkələrdə Azərbaycanda gedən son dəyişikliklər, ictimai, siyasi və sosial proseslərlə bağlı öncə prezident seçkiləri, sonrasında isə ölkədə geniş islahatlara gedildiyi bir ərəfədə keçirdiyi “sorğular” da buna şübhə yerinə hər hansı bir əsas tanımadı. Birinci vitse-prezidentin vaxtilə məlum hadisəyə İçərişəhərdə olarkən açıq mətnlə yalanlarla üzləşməmək üçün informasiyanın ictimaiyyətə vaxtında və dolğun formada təqdim edilməsinin vacibliyini önə çəkməsinin alt qatında elə bu problemin həllinə dayanan bir çağırış bugünlə də səsləşir. Bu isə özlüyündə ilk növbədə altşüura yanlış informasiyaların ötürülməməsi üçün dövlət idarələrinin mətbuat xidmətlərinin çevik fəaliyyətini, ictimaiyyəti vaxtında məlumatlandırmasını və sosial şəbəkələrdə “fəaliyyət” göstərənlərin dövlət əleyhinə əks-təbliğatına qarşı önləyici tədbirləri zəruri edir. Tədqiqatlar göstərir ki, qəzetlər və sosial media kütlə psixologiyasını idarə etməyin ən rahat yoludur, çünki sosial mediada yayılan xəbərlər əksəriyyət tərəfindən paylaşıldığı üçün doğru olaraq qəbul edilir. Bu arada, Sosial Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi sorğuların nəticələri göstərir ki, əhalinin əksəriyyəti (89,9%) informasiyanı televiziyadan alsa da, informasiya mənbəyi kimi əhəmiyyətlilik dərəcəsinə görə, televiziyadan sonrakı yerdə 68,6% göstərici ilə xəbər saytları qərarlaşır. Son dövrlər sürətlə populyarlıq qazanan internet TV-ni isə əhalinin 31.3%-i gündə bir neçə dəfə izləyir. Media və psixoloji manipulyasiyaya (televiziya, qəzet və jurnallar, sosial şəbəkələr və digər vasitələrlə yönləndirilmə) həyatımızın hər səhnəsində məruz qalırıq. Kütlə üçün xüsusi hazırlanmış informasiya hücumunda kütləvi (Crowd manipulation), məlumat (Data manipulation), bazar (Market manipulation) manipulyasiyalarından istifadə edilir.
Xüsusilə qeyd etmək lazımdır ki, video manipulyasiyası da geniş yayılmış təbliğat üsullarından biridir. Nəzərə çatdıraq ki, Azərbaycanda əhalinin əhəmiyyətli hissəsi - 81.6%-i gündəlik YouTube-a daxil olur. Ümumilikdə, aktiv sosial şəbəkə istifadəçilərinin 92.4%-i YouTube sosial şəbəkəsindən istifadə edir. Mətndən fərqli olaraq manipulyasiyanın bu növü hədəf auditoriyasına böyük təsiri ilə seçilir. Çünki “dipfeyk” adlanan videomateriallar müəyyən hadisənin həqiqətən də meydana gəldiyi təəssüratını yaratmaq xüsusiyyətinə malikdir.
Beləliklə, ictimai rəyin manipulyasiya edilməsinin postmodern dövrünün problemi olmadığını nəzərə alsaq, onun bugünümüzdə inkişaf etməsi və müxtəlif platformalarda sürətli təzahürü haqlı olaraq təəccüb doğurmamalıdır. Xüsusilə SSRİ ilə Qərb ölkələri arasında - sovet ideologiyası ilə azad dünya ideologiyası arasında informasiya müharibəsini xatırlatmaq yerinə düşər. Hazırda sosial şəbəkələrdə gedən informasiya savaşının bir qədər mikro modeli isə ciddi prinsipial məsələlərdə fərqli mövqelərin olduğunu göstərir. Faktiki olaraq Azərbaycanda son hadisələr, xüsusilə də prezident seçkisi ərəfəsindəki situasiya göstərdi ki, medianın sosial şəbəkələrə uduzması da bəzi dairələrin ictimai rəyə manipulyasiya imkanlarını genişləndirir. Bu baxımdan, dövlət qurumlarının media ilə koordinasiyalı fəaliyyəti hazırkı dövrün əsas tələbələrindən biri kimi çıxış edir. Burada digər önəmli bir məsələ isə sosial şəbəkələrin fəaliyyətinin təsadüfi mövzular, fərdi və qrup maraqları üzərində cəmləşməsi ilə bağlıdır ki, bu da özlüyündə manipulyasiyaya şərait yaradan amillərdən biridir. Çünki burada məqsəd əlbəttə ki, həqiqi ictimai rəyi formalaşdırmaq deyil, birbaşa və dolayı yönləndirməkdən ibarətdir. Yeri gəlmişkən, STM-in apardığı tədqiqatlar göstərir ki, əhalinin yarıdan çoxu sosial şəbəkələrdən ölkədə və dünyada baş verən hadisələr haqqında (51.8%) və müxtəlif mövzularda məlumat almaq üçün (54.4%) istifadə edir.
Ümumiyyətlə, sosial şəbəkələrin tənqidi medianı əvəzləməsi isə özlüyündə bir növ normal tənqidi medianı şərtləndirən faktor rolunda çıxış edir. Bundan başqa, ənənəvi media vasitələrinə yol tapa bilməyən radikal ünsürlərin beynəlxalq hüquq normaları ilə qorunmayan sosial şəbəkəyə daha çox üz tutması və yalan informasiyaları bu sferada maneəsiz yayma imkanları sosial şəbəkələrin işinin nizama salınması, eləcə də təhlükəsizliyinə nəzarətin artırılmasının vacibliyini bir daha gündəmə gətirir. Sosial şəbəkələri “sosial media” kimi qəbul etdirməyə çalışanların müəyyən “mərkəzlər” tərəfindən idarə olunması və onlara xüsusi dəstək də ölkədə siyasi manipulyasiyanın imkanlarını stimullaşdırır. Hazırda yalan xəbərlər, feyknyus və informasiya manipulyasiyalarına qarşı dünyanın bir çox demokratik ölkələrində effektiv həll yolları axtarılır. Bu yaxınlarda ABŞ Prezidenti Donald Trampın ölkəsində sosial şəbəkələrin işinin nizama salınması ilə bağlı fərmanı problemin həlli istiqamətində bir sıra ölkələrdə də analoji müzakirələri aktuallaşdırıb. Görünür, informasiya cəmiyyətinin aktual problemlərini müzakirə etmək üçün geniş diskusiyya platforması zərurəti postpandemiya dövrünün tələblərindən biri olaraq meydana çıxmaqdadır.
Sosial şəbəkələrdə manipulyasiyanın önlənməsi zərurəti
Azərbaycana qarşı düşmən mövqe sərgiləyən bəzi xarici dairələrin nüfuz müvəkkilliyini yerinə yetirən qüvvələr ölkə rəhbərliyinə, hökumətin yeritdiyi sosial siyasətə, güc strukturlarına və orduya inamı azaltmaq, cəmiyyətin milli-mənəvi, mənəvi-dini dəyərlərini sarsıtmaqla milli, etnik qarşıdurmaya zəmin hazırlamaq, dövlətin iqtisadi və siyasi stabilliyinə zərbə vurmaq və kütlə düşüncəsində inamsızlıq mühiti formalaşdırmaq və bununla da real mənzərəni ləkələmək cəhdləri artıq qarşısıalınmaz problemə çevrilib. İnformasiya müharibəsində süni üstünlüyə nail olunması yolunda sosial şəbəkələrdə (əsasən də Facebook) öncədən hazırlanmış yalan informasiyalarla xüsusilə pandemiya dönəmində ictimai panikanın yaradılması yönündə son hərəkətlənmələrin artması da məhz bundan xəbər verir. Bu xüsusilə də Azərbaycan əhalisi arasında sosial şəbəkələrdə yalan informasiyanın daha çox yayılması fikri ilə öz sosioloji təsbitini bir daha isbatlayır. Bu kontekstdə müxtəlif faktlar üzərindən təhlillər problemin kökündə dayanan səbəbləri eyni müstəvi üzərindən əyaniləşdirməyə imkan verir. Bir müddət öncə Yasamal və ictimai panika xarakterli siyasi hədəf mahiyyəti etibarilə ardından onu izləyən Dağıstan insidentini birləşdirən ümumi cəhətlər Azərbaycanın virus əleyhinə mübarizəsinə opponentliyi ilə bəzi fiksə edilmiş kontur nöqtələri müəyyənləşdirməyə imkan tanıyır. Hər iki prosesin siyasi təfərrüatına varmadan onların məqsəd və vəzifələri arasındakı bağlılıq baş verənlərin izafi mahiyyətinə işıq salmağa imkan verir. Yasamal insidenti ilə cəmiyyətin ikiyə bölünməsi fonunda polis-vətəndaş münasibətlərinin pozulmasında maraqlı qüvvələrin hədəf nüvəsinin yalnız birinci ilə tamamlanması, əslində isə məsələnin vətəndaş-vətəndaş kontekstindən çıxarılması məqsədi olduqca aydındır: ölkə rəhbərliyinə, polis və orduya inamı azaltmaq. Baxın, hədəf polis, qurban rolunda “səbəbkar” isə xalqdır. Yekun nəticə isə proseslərin milli məsələlər üzərindən don geyindirilməsinə edilən uğursuz cəhdlərdən dolayı yenə məqsədinə çata bilmədi. Təəssüf ki, tanış izlərin bu dəfə ölkə daxilinə birbaşa Dağıstanla sərhəddən cığır açması fonunda proseslərin pandemiya şəraitindən və ən əsası böhran nəticəsində Rusiyada işini itirmə təhlükəsindən savayı, bir az etnik qarşıdurma xarakterli, daha çox isə dövlətə və hakimiyyətə qarşı itaətsizlik, qanunsuz aksiya çağırışlı siyasi çalarları diqqətdən yayına bilməz.
Göründüyü kimi, Azərbaycan əleyhinə kütlə psixologiyası ilə idarə edilən manipulyativ savaşın sırf milli zəminin dağıdılması yolunda işə salınan təbliğat “alətləri” (konkret hadisələr) dəyişsə də, məqsəd eyni olaraq qalır. Sosial şəbəkələrdə radikal müxaliflərin saxta profillər vasitəsilə “kütləvi narazılıq fonunun” yaradılması istiqamətindəki canfəşanlığını da xüsusilə qeyd etmək olar. Azərbaycan əleyhinə fəaliyyət göstərən qüvvələrin antihökumət iddialarının əsasında onlara vəd edilən güclü maddi maraqların dayanması hər keçən gün bu tendensiyanı daha da gücləndirir. Bu da onu göstərir ki, radikal müxalifətin nümayəndələri həmin maraqları naminə belə bir həssas dönəmdə hökumətin fəaliyyətinə kölgə salmaq yolunda ən adi və qeyri-səhih məlumatı belə iqtidarın əleyhinə çevirməyə hazırdırlar. Məsələn, təkcə vaxtilə İçərişəhərlə bağlı müzakirələrin üzərindən heç 24 saat keçməmiş Bakının Süleyman Rüstəm küçəsindəki “Malakan dua evi” kimi tanınan binanın söküləcəyi ilə bağlı yaradılan suni ajiotaja nəzər salmaq kifayətdir. Facebook sosial şəbəkəsində “informasiya terrorçuları”nın bu “fəaliyyət”lərində əsas hədəfinin siyasi hakimiyyət olduğunu nəzərə alsaq, qarşıda analoji halların təkrarlanması gözlənilməz olmamalı idi. Qeyd edilən məqamlar göstərir ki, müxalif qüvvələrin və təşkilatların sosial şəbəkələrdən siyasi və ictimai rəyi yönəltmək və bununla da sosial mediada internet seqmentinin inkişafına əngəl törətmək cəhdlərinin qarşısının alınması üçün aidiyyəti qurumların ciddi monitorinq keçirməsinə ehtiyac var.
Araşdırmalar göstərir ki, narıncı inqilablar, ərəb baharı, Ukrayna böhranı məhz ictimai şüurun idarə olunmasında fəal rol oynayan kiberməkanın effektiv vasitələrindən məharətlə istifadə edilməsi nəticəsində yaranıb. Nəzərə alınmalıdır ki, əvvəllər bu proses dövlətlər və ya fərdlər üzərindən edilirdisə, hazırda xüsusi sosial qrupların da prosesə cəlb olunması ictimai rəyin manipulyasiyasını genişləndirir. Bu baxımdan, cəmiyyətin oturuşmuş sosial-siyasi təməlinə zidd baxışların formalaşdırılması üçün manipulyasiya yolu ilə yalan informasiyanın kütlə şüuruna destruktiv təsirinin səciyyələndirilməsi və istənilən sahədə təzahür imkanlarının göz önündə saxlanılaraq qabaqlayıcı addımların hazırlanması antiazərbaycan qüvvələrin ölkədə siyasi, sosial, iqtisadi, maliyyə, eləcə də hərbi proqramları hədəfə alan planlarını zərərsizləşdirə bilər. Təbii ki, bu da özlüyündə mühüm bir məsələni - informasiya cəmiyyətinin milli iradə ilə idarəsinin təşkili zərurətini ortaya çıxarır.
“Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında” qanun layihəsi sosial sifaiş kimi
Artıq bir neçə ildir ki, millət vəkilləri və dövlət məmurları sosial şəbəkələr və ümumilikdə, internet üzərində nəzarət məsələsini qaldırırlar. Ümumiyyətlə, bütün demokartik üsullarda əsas hədəf vətəndaşın şərəf və ləyaqətinin müdafiəsi naminə son dərəcə vacibdir. Belə cəmiyyətlərdə KİV-lərin azadlığı və sosial şəbəkələr üzərində nəzarət də məhz buna görə mümkündür və zəruridir. 2017-ci ildə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik internet məkanında görüləcək işləri tənzimləmək baxımından önəmli idi. Eynilə 2018-ci ildə Cinayət Məcəlləsinin 147-ci (Böhtan), 148-ci (Təhqir) və 148-1-ci (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə görə 1 ilədək azadlığın məhdudlaşdırılması) maddələrinin sanksiyalarına yeni cəza növü əlavə edilsə də, göründüyü kimi, bu mübarizə tədbirləri kifayət etmir. Etik normaların gözlənilməsi - sosial şəbəkələrdə saxta profillərə, dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi sosial şəbəkələrdə artıq ənənəvi hal almış problemin həllində əsas tələblərdən biri kimi çıxış edir. İki il öncə isə “Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında” qanun layihəsinin hazırlanmasına başlanılsa da, hələ ortada konkret nəticə yoxdur. İdeya şəklində olan qanun layihəsi ilkin variantda 1 fəsil və 9 maddədən ibarət olmaqla sosial şəbəkələrdən istifadə, informasiya yayımı, xüsusən də, sosial mediadan Azərbaycana, yaxud da ayrı-ayrı şəxslərə qarşı qaralama kampaniyasına qarşı və s. kimi hüquqi tənzimlənmələri özündə əks etdirir. Ekspertlər qanunun müzakirəsi zamanı bir çox məsələlərin geniş təhlilini, hüquqi məsuliyyətin müəyyən olunmasını, eləcə də cəmiyyətin fikirlərinə yer ayrılmasını vacib sayırlar. Eyni zamanda, qanun layihəsində nizam-intizam qaydalarının pozulmasını əngəlləyən müddəaların nəzərdə tutulması da vacib hesab edilir. Qanun özündə sosial şəbəkədən istifadənin tənzimlənməsini ehtiva etsə də, hüquqşünsalar yeni layihənin hazırlanmasında söz və media azadlığının qorunmasını ön şərtlərdən biri olaraq görürlər. Qanun layihəsinin hələ də qəbul olunmaması sosial şəbəkələrdə hərc-mərcliyin və sui-istifadə hallarının baş alıb getməsinə səbəb olur. Bu baxımdan da ictimai rəyin manipulyasiyasına qarşı sosial şəbəkələrdən istifadənin ayrıca qanunla tənzimlənməsinin mövcud problemin çözümündə həlledici rolu nəzərə alınmalıdır. Cəmiyyətə dağıdıcı əhval-ruhiyyə gətirmək istəyən qüvvələrin sosial şəbəkələrdə qızışdırıcı çağırışları və bu yolla özlərinə “sosial baza” hazırlamaq cəhdləri (söyüş müxalifəti) Azərbaycanda da “Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında” qanun layihəsini labüd edir.
Aygün Yusibova
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini davam etdirir. Tədqiqat sahələri Qarabağ, sülh quruculuğu, ictimai-siyasi mövzuları əhatə edir. Müvafiq sahələr üzrə tədqiqatların, elmi araşdırma və məqalələrin müəllifidir.