Bu, üçüncü döyüşdür, davamı da olacaq
18.06.2020
Bu virus pişiklərdə, donuzlarda, quşlarda, o cümlədən, insanlarda da xəstəliklər yaradırdı, amma elə bir ciddi təhlükəli hadisə baş vermirdi. Virusoloqlar bununla laboratoriyada məşğul olurdular, geniş əhali kütləsi isə taclı virusdan xəbərsiz idi. Bəşəriyyət ilk dəfə bu virusla 2002-2003-cü illərdə Çində SARS (ing. Severe Acute Respiratory Syndrome) və ya atipik pnevmoniya adı altında kütləvi yoluxma halları baş verəndə tanış oldu.
Əvvəlcə bu xəstəlik 2002-ci ilin noyabrında Çinin Quandun əyalətində bir fermerdə tapıldı. Ölkənin rəsmi dairələri hadisəni gizli saxlamağa çalışdılar və dünya ictimaiyyətini ancaq 2003-cü ilin fevralında məlumatlandırdılar. Xəstəlik digər ölkələrə, xüsusən Hon-Konq və Vyetnama da keçdi, nəticədə 8437 insan yoluxdu və onlardan 813 nəfəri dünyasını dəyişdi. Virusun öldürmək qabiliyyəti təqribən 9,6% idi. Beynəlxalq ictimaiyyət Çin Xalq Respublikasının rəhbər vəzifəli şəxslərini informasiyanı gizli saxlamaqda, vaxtında tədbir görməməkdə qında və rəsmi Pekin üzr istədi. Son yoluxma halı 2003-cü ilin iyun ayında qeydə alındı və virus yenə də kölgəyə çəkildi.
Aradan 10 il keçdi. 2012-ci ilin payızında Səudiyyə Ərəbistanında virus yenidən, daha ciddi mutasiya olmuş şəkildə peyda oldu. Məlum oldu ki, orada meyvə yeyən yarasaların tüpürcəyindən həmin meyvələri yeyən dəvələrə, onlardan da insana keçib. Yeni xəstəliyi MERS (ing. Middle East Respiratory Syndrome) adlandırdılar. 2015-ci ilə qədər bütün ərəb ölkələrində, Fransada, İtaliyada, Almaniyada, Yunanıstanda, Koreyada, bir sözlə, 23 ölkədə 1154 insan xəstələndi ki, onlardan 413 nəfəri dünyasını dəyişdi. Sonra virus sakitləşdi və hazırda tək-tək hallarda üzə çıxır. Bu vaxtacan xəstəliyə cəmi 2506 insan yoluxub və onlardan 912 nəfəri dünyasını dəyişib. Oldürmək qabiliyyəti təqribən 36%-dir. Bu səbəbdən, virus dünyaya yayıla bilmədi və yenə də kölgəyə çəkildi.
Aradan 7 il keçdi. 2019-cu ilin 31 dekabrında Ümumdünya Səhiyyə Təşkilatı Çinin Hubey vilayətinin Uhan şəhərində 44 nəfərdə naməlum etiologiyalı kəskin pnevmoniyanın aşkar olunması haqqında informasiya verdi. Sonrakı araşdırmalar göstərdi ki, hamımızın çoxdan tanıdığı, haqqında çoxlu fantastik filmlər çəkilmiş, kitablar yazılmış koronavirusun yeni mutasiyası ilə qarşılaşmışıq. Adını COVİD-19 (ing. Corona VIrus Disease 2019) qoydular.
Virus artıq yeni xassələr qazanmışdı. Öldürmək qabiliyyəti azalmış, yoluxuculuq qabiliyyəti artmışdı. İnkubasion dövr daha çoxdur, bu səbəbdən, insan yoluxandan 2-14 gün arası müddətdə heç bir əlamət olmasa belə, ətrafdakıları yoluxdurmaqda davam edir.
Bəşəriyyətə üçüncü hücum cəhdində Koronavirus bütün inkişaf etmiş dövlətlərin səhiyyə sistemini çökdürdü. Sürətlə bütün dünyaya yayıldı. İndi biz bu yeni mutasiya ilə mübarizədəyik.
Mən əminəm ki, biz bu virusa qalib gələ biləcəyik. Bir neçə aydan sonra insan şüuru virusu məhv etməyə qadir olacaq. Və... Aradan daha bir 10 il keçəcək. Bəs onda hansı sürprizlər bizi gözləyəcək?...
Qalib Əsədov
Nevroloq