Xaricdə təhsil: maraqlı nüanslar
Qlobal tələbə axını sahəsində əsas trendləri müəyyən etmək məqsədilə dünyanın müxtəlif regionlarından mütərəqqi ölkələrin informasiya dəstəyi əsasında NOUS Group tərəfindən hazırlanan 2019-cu il, dekabr ayı tarixli International Higher Education Student Flows hesabatı tələbə axını sahəsində beynəlxalq mənzərəni gözlər önünə sərir. Belə ki, hesabata əsasən xaricdə ali təhsil alan 5,5 milyon tələbənin ən çox üz tutduğu ölkələr arasında ilk üçlükdə ABŞ (19,6%), Böyük Britaniya (8,9%), Avstraliya (6,7%) qərarlaşıb. Bunları ardıcıl olaraq Rusiya (4,7%), Fransa (4,6%), Almaniya (4,2%), Yaponiya (2,9%), Kanada (3,7%) izləyir.
Tələbə axınının əsas mənbəyi rolunda ardıcıl olaraq Çin (19,6%), Hindistan (6,8%), Cənubi Koreya (2,3%), Almaniya (2,2%), Nigeriya (2,2%), Qazaxıstan (2,1%), BƏƏ (2,1%), Fransa (1,9%) çıxış edib. Həmçinin qeyd etmək yerinə düşər ki, ötən illərlə müqayisədə Böyük Britaniya, Avstraliya, Fransa kimi ölkələrə tələbə axınında azalma qeydə alınarkən, Rusiya, Almaniya, Kanada, Çin, Niderland kimi ölkələrə tələbə axını nisbətən artıb. Cənubi Koreya, Almaniya kimi ölkələrdən təhsil məqsədilə xaricə üz tutan tələbə sayı ötən dövrə aid göstəricilərlə müqayisədə nisbətən azalarkən, Qazaxıstan, BƏƏ, Hindistan kimi ölkələrdə artım müşahidə olunub.
(Source: International Higher Education Student Flows Report)
UNESCO-nun Statistika qurumunun informasiya portalına yerləşdirdiyi məlumata əsasən, 2017/2018 tədris ili üzrə xarici ölkələrdə müəyyən olunan rəqəmə yaxın, yəni 40452 nəfər azərbaycanlı tələbə bakalavr pilləsi üzrə təhsil alır. Müqayisə üçün qeyd edək ki, həmin tədris ili üzrə yerli ali məktəblərimizə qəbul olan tələbə sayı cəmi 37624 nəfər təşkil edib.
Aşağıdakı qrafik ali təhsil üzrə xarici ölkələrə üz tutan azərbaycanlı tələbə sayını, xarici ölkələri və ölkəmizə gələn xarici tələbə sayını göstərir.
Qrafikdən göründüyü kimi, azərbaycanlı tələbələrin ali təhsil məqsədilə ən çox tutduğu ölkələr sırasında Türkiyə, Rusiya Federasiyası, Ukrayna, Gürcüstan ön sıralarda qərarlaşır. Onları ardıcıl olaraq Almaniya, Böyük Britaniya, Belarusiya, İtaliya və digərləri izləyir.
Buradan belə bir nəticəyə gəlmək olar ki, tələbələrin cəmi 6-7%-i dünyanın mütərəqqi, inkişaf etmiş ölkələrində təhsil alırlar.
Elnur Çıraqov
İqtisad Universitetində bakalavr, Ankara Universitetində magistr dərəcəsi alıb. Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun politologiya və inzibati idarəetmə ixtisası üzrə doktorantıdır. Tədqiqat sahələri siyasi və idarəçilik nəzəriyyələrini, ictimai sfera və sosial-iqtisadi mövzuları əhatə edir.