Yuxarıya
skip to main content

Sovet hökumətinin anti-din siyasətinin hədəfləri – Beşinci yazı / Araşdırma

11.02.2020

Bu dövr sovet hökumətinin kommunizm siyasətinin mühüm bir hissəsi olan dinə qarşı genişmiqyaslı təzyiqlərin və güc tətbiqinin güclənməsi ilə xarakterizə edilir. Dini birliklər və din xidmətçilərinin kilsə minarələrindən antisovet və başqa siyasi performanslar üçün istifadə etməsi, sovet ittifaqının maraqlarına qarşı getməsi, ateistlərin, eləcə də təşkilat və insanların əleyhinə təhqiredici çıxışlar etməsi, antidin təbliğat aparması, inanclıların aktiv dövlət, mədəni və ictimai siyasi fəaliyyətini dondurması və onların ictimai təşkilatlarda mədəni maarif tədrisinə cəlb olunmasını qadağan etməsi qanunsuz sayılırdı. Dini birlik və din xidmətçilərinin öz üzvlərinə maddi yardım etmək məqsədilə büdcə yaratması, sanatoriya və müalicəvi yardımlar təşkil etməsi, koorperativlər yaratması, sənaye müəssisələrinin vəsaitindən və əmlakından dini tələbkarlığı məmnun etməkdən savayı, hər hansı məqsədlər üçün istifadə etməsi, ekskursiya və uşaq meydançaları təşkil etməsi, kitabxana və oxu zalları açması, rəsmi özfəaliyyət dərnəyi yaratması qadağan idi. Bundan başqa, dini birlik və din xidmətçiləri dövlət, cəmiyyət, koorperativ, təhsil qurumlarında, müəssisələrdə dini ayin və mərasimlər təşkil edə, uşaqları, gəncləri və qadınları dini yığıncaqlara cəlb edə, inanclıların müqəddəs yerlərə ziyarətini təşkil edə, cəmiyyəti yalan yollarla hansısa inanclara inandıra, dini birliklərin xeyrinə və başqa məqsədlər üçün pul yığa, vergi tuta, inanclılara cəza tədbirləri tətbiq edə bilməzdi. Qanunla kilsələrin və dini birliklərin əmlaka sahib olmaq hüququ yox idi. Dini birliklər və din xidmətçiləri yerli hakimiyyət orqanlarının icazəsi olmadan öz istəkləri ilə kilsə, məscid, sinaqoq və başqa ibadət binaları tikə və ya aça, ibadət yerlərini yenidən qura və genişləndirə, dini yürüşlər təşkil edə, açıq havada dini ayin və mərasimlər keçirə, dini cəmiyyətlərin və inanclıların evlərində keçirilən ibadətlərə qatıla, onların ümumi dini yığıncaqlarını təşkil edə bilməzdilər. Yeni ibadət binaları yalnız Dini Ayin və və ya Rus Provaslav Kilsəsi Şurasının icazəsi ilə tikilə bilərdi. Bütün dini binalar dövlət əmlakı sayılır, şəhər, rayon icraiyyə komitələri tərəfindən idarə olunurdu. İkinci dönəmdə (1958-1964) fəaliyyətində SSRİ Konstitusiyasını əsas tutan Dini Ayin İşlər Şurası dinə qarşı mübarizədə bu dövrdə inzibati tədbirləri daha da sərtləşdirməsi ilə yadda qalmışdı. Bunu Şuranın 1960-cı ildə yerli orqanlara Gəncədə qeydiyyata alınmış Göy İmam məscidindən başqa, bütün inanclıların ziyarət etdiyi müqəddəs yerlərin xalqın razılığı ilə bağlanılmasına dair verdiyi xüsusi tapşırıqlar da sübut edir. Belə ki, 1960-cı ildə Şura fəaliyyət planında yer alan bu tapşırığı antiateizm, anticəmiyyət fəaliyyəti göstərənlərin müqəddəs yerlərdən öz mənfur məqədləri üçün istifadə etmələri və ziyarətə gələnlər arasında dini fanatizmi alovlandırmaları ilə əsaslandırırdı. Məhz bu məqsədlə də Şura rayon icra orqanlarının və kənd sovetliklərinin qarşısına dini icmaların durumu ilə tanışlıq, müqəddəs yerlərin ərazisində təlimlərin keçirilməsi, eləcə də ruhanilərin fəaliyyəti və nəhayət qeydiyyata alınmamış inanclı qrupların, xüsusilə də sektantlar arasında inanclı qrupların aşkar olunması, yerlərdə dini bayramların keçirilməsinin dərindən öyrənilməsi kimi mühüm vəzifələr qoymuşdu. Yerli orqanlar dini icmaların işlərinə birbaşa müdaxilə edə bilirdi. Sovet dini qanunvericiliyinin pozulması halları da xüsusi nəzarətdə saxlanılır, insanlardan məcburi vəsaitlər yığan kilsə və dini təşkilatlardan gəlir vergisi tutulurdu.

 

Şuranın fəaliyyəti nəticəsində 1961-ci ildə 1104 ibadət binasından 882-i məscid, 175-i erməni kilsəsi, 8-i rus-provaslav kilsəsi, 4-ü gürcü kilsəsi, 9-u sektant ibadət evi, 10-u yəhudi sinaqoqu, 2-i alman kilsəsi, 14-ü erməni monastrı, 165-i isə boş binadan ibarət idi. Bunun da 16-ı müsəlman məscidi təşkil edirdi. Bakıda yerləşən Təzəpir və Əjdərbəy məscidləri bütün günü fəaliyyət göstərirdi. Gəncədə Göy İmam məscidi isə dini əhəmiyyətinə görə, Təzəpirdən sonra ikinci yeri tuturdu. Buraya təkcə inanclıların deyil, Gəncədən, ətraf kəndlərdən və yaxın rayonlardan gələn ziyarətçilərə də rast gəlmək mümkün idi. Bu isə o dövrdə adıçəkilən yerlərdə qeydiyyata alınmış məscidlərin olmaması ilə izah edilirdi. Sabirabadda Qalaqayın kəndində boş qalan məscidi inanclılar yalnız ildə bir dəfə məhərrəmlikdə matəm günlərində ziyarət edirdilər. Rayon təşkilatları inanclıların gözündə pis olmamaq üçün bu məscidin fəaliyyətini tamamilə dayandırmamışdı. İbadət binalarının böyük əksəriyyəti mədəniyyət, təhsil müəssisəsi və ambar kimi istifadə edilirdi. Bütövlükdə, 579 məscid kolxoz ambar, 124-ü dini, 74-ü baytarlıq, 65-i ambar, 19-u yaşayış yeri, 15-i memarlıq abidəsi, yerdə qalanları isə dini bina, kinoteatr, baxça, idman zalı, fabrik, qurum idarəsi, xəstəxana, uşaq baxçası və körpələr evi, zavod, çörək sexi, tipoqrafiya, və s. kimi müxtəlif məqsədlərlə istifadə edilirdi.

 

1961-də qeydiyyat alınmayan dini qrupların sayı 64, üzvləri isə 2861 nəfərdən ibarət idi. Məhərrəmlikdə matəm günündə fəaliyyət göstərən müsəlman qruplarının sayı 27, üzvləri isə 1447 nəfərdən ibarət idi. Onlardan 4-ü məscid binalarında, yerdə qalanları isə yaşayış evləri və inanclıların mənzillərində toplaşırdılar. Respublikanın bəzi rayonlarının yerli sovet orqanları və Şuranın iştirakı ilə görülən tədbirləri nəticəsində qeydiyyata alınmamış bu cür qrupların dini fəaliyyətinə son verilmişdi. Belə ki, qeydiyyata alınmış din xadimlərinin sayı 56, dini aktivliklə məşğul olanların sayı 96, sahibsiz mollaların sayı isə 55 nəfər idi. Hətta o da faktdır ki, Sabirabad, İmişli, Saatlı, Əlibayramlı və Xaçmaz kimi rayonların böyük kəndlərində yerli orqanların gücü qeyri-qanuni fəaliyyət göstərən mollalara qarşı effektiv mübarizədə yetərli deyildi. Təbii ki, bu rəqəmlər və araşdırmalar dini fəaliyyət göstərənlərin müəyyən bir hissəsi idi, nəinki mərkəzdə, eləcə də rayonlarda qanunsuz fəaliyyət göstərən belə mollaların sayı çox idi.

 

Təkcə 1963-cü il üzrə təhlillər göstərir ki, respublika üzrə qeydiyyata alınmamış mollalar əsasən 19 rayonda daha çoxluq təşkil edirdi. Belə ki, Sabirabadda 13, Qubada 14, Lənkəranda 14, Qəbələdə 21, Ağdaşda 30, Masallıda 39, digər 13 rayonda isə 64 qeydiyyata alınmamış molla var idi. Qanunsuz fəaliyyət göstərən din xidmətçilərinin ümumi sayı 181 nəfərdən ibarət idi. Naxçıvan, Şahbuz, Culfa, Ucar rayon icraiyyə komitələri fəaliyyət göstərdikləri ərazilərdə qeyri-qanuni işləyən mollaların varlığını gizli tutmağa çalışırdı. Rayon icraiyyə komitələri hətta dövrün yerli və satirik Kirpi kurnalının tez-tez şəhər və kəndlərdə işləyən belə qeydiyyatsız mollalar haqqında yazılarına belə məhəl qoymur, hər vəchlə  bunu inkar edirdilər. Onlardan fərqli olaraq mollalar dövrü mətbu orqanlarında yazılan həmin məqalələri bir növ məhşurlaşmaq yolunda  bir fürsət olaraq dəyərləndirirdilər. Buna baxmayaraq Şura rayonlarda dini fanatizmə yoluxmuş qeydiyyatsız din xidmətçilərinin varlığından xəbərdar idi və yerli orqanların hər kəsin gözü önündə qeyri-qanuni fəaliyyət göstərən ruhanilərə və molla sifəti altında müxtəlif şarlatanlara qarşı mübarizəsini və sovet dini qanunvericiliyinə nəzarətini yetərli və sistematik hesab etmirdi. Şuranın fəaliyyəti nəticəsində 1958-ci ildən 1963-cü ilə kimi 41 pir fəaliyyətini dayandırmışdı. Abşeron rayon orqanlarının göstərişi ilə bu ərazidə pirlərin bağlanması ilə bağlı bir sıra tədbirlər görülmüşdü. Ət Ağa kimi digər müxtəlif ziyarətgahlarda büstlərin aradan götürülməsi ilə bağlı verilən göstəriş bunun bariz nümunəsi idi. Belə müqəddəs yerlərə ziyarətlərin böyük əksəriyyətini qadınlar təşkil etdiyindən onlar arasında aktiv qadınların gücü ilə xüsusi antidin təbliğatına start vermişdi. Halbuki 1958-ci ildə 61 belə müqəddəs yer fəaliyyət göstərirdi. Fəaliyyətini davam etdirən müqəddəs yerlərə Əli Ayağı, Pir Səid, Ət Ağa ziyarətgahlarını, Bərdə, Nehrəm və Zəngilanda yerləşən imamzadələri, Lənkəranda Şıxagəranda Şıx Zahid, Xaçmazda Həmzəli Piri, Gəncədə Surp-Sarkis pirini nümunə göstərmək olar.

 

Apardığmız araşdırmalar göstərir ki, Dini Ayin İşlər Şurasının fəaliyyəti (1962) nəticəsində sovet qanunvericiliyinin pozulmasına dair faktlar  bununla bitmirdi. Dini fəaliyyətə nəzarəti həyata keçirən qurumlar İmişli, Saatlı və Sabirabadda nəzarətin zəifləməsindən istifadə edərək qeyri-qanuni məscidlərdə məhərrəmlik matəminə riayət edən inanclılar tərəfindən ciddi qanun pozuntularına (özünü döymə, işgəncə vermə) verildiyini müəyyələşdirmişdilər. Saatlının Sarıcalar və başqa kəndlərində, Cəbrayılın Xələfli kəndində, Xanlarda bu, konkret faktlarla müşayiət edilirdi. Saatlı, İşimli və Sabirabada yerli sovet orqanları təşkilatlarının kəskin tədbirləri nəticəsində bu kimi hallar aradan qaldırılmış, sözügedən dini binalar kənd kitabxanası, kolxoz, invertar və sovxoz ambarı kimi istifadəyə verilmişdi. Analoji pozuntular eyni zamanda, Xaçmazda və Gəncədə Şah Abbas məscidində də qeydə alınmışdı.

Aygün Yusibova
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini davam etdirir. Tədqiqat sahələri Qarabağ, sülh quruculuğu, ictimai-siyasi mövzuları əhatə edir. Müvafiq sahələr üzrə tədqiqatların, elmi araşdırma və məqalələrin müəllifidir.