“Ginnesin Rekordlar Kitabı”na düşən azərbaycanlılar
Bəs belə bir məcmuənin hazırlanması ideyası necə yaranıb?
"Ginness" pivə zavodunun direktoru Hyu Biver 4 may 1951-ci ildə tanışı ilə birlikdə ova çıxır. Ovda onların arasında qızılı cüllütün, yoxsa şotland tetra quşunun daha sürətlə uçması barədə mübahisə düşür. Həmin vaxt bu barədə soraq kitabı olmadığına görə, kimin haqlı olduğunu müəyyənləşdirmək mümkün olmur. Bundan sonra Hyu qərara alır ki, belə bir soraqça tərtib etdirsin. İdeyanı həyata keçirmək üçün o, bu işi Londonda məlumat agentliyi saxlayan Norris və Ross Makuirter qardaşlarına tapşırır.
1954-cü ilin avqustunda soraq kitabının ilk variantı hazırlanır və 1000 nüsxə pulsuz paylanır.
Hazırda "Ginnessin rekordlar kitabı" dünyanın 100-dən çox ölkəsində, 24 dildə çap olunur. O, kitab ticarəti tarixində ən uğurlu kommersiya nəşriyyatıdır.
Kitaba hər il bir-birindən maraqlı və qəribə yeni rekordlar düşür. Adı bu kitaba düşənlər arasında azərbaycanlılar da var. Maraqlıdır, onlar hansı göstəricilərə və ya üstünlüklərinə görə bu kitaba düşüblər?
- Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə adı "Ginnesin rekordlar kitabı"na düşmüş ilk azərbaycanlıdır. O, beş dəqiqəyə 20 nəfərin kölgəsini (siluetini) çəkməklə bu nailiyyətə çatıb.
F.Vəliyev həyatının 25 ilini qrafika sənətinə və kölgə rəsmləri cəkməyə həsr edib. Onun 1992-ci və 1995-ci illərdə Afinada və İstanbulda fərdi sərgiləri təşkil edilib. 2003-cü ilin dekabr ayında Brüsseldəki məşhur "Belqium" muzeyində Belçika kraliçası Fabiolanın rəsmini çəkib. Əsər kraliçanın çox xoşuna gəlib və o, həmyerlimizə məktub vasitəsi ilə öz təşəkkürünü bildirib. Vətənimizin Belçikada tanınması sahəsində yorulmadan təbliğat aparan F.Vəliyev həm də bu ölkədə fəaliyyət göstərən Avropa-Azərbaycan diaspor mərkəzinin vitse-prezidentidir.
- Lənkəran rayonu Aşağı Nüvədi kəndinin sakini Ələsgər Rəhim oğlu Həsənzadə 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb-enib. Onun 7 yaşında göstərdiyi bu rekord "Ginnesin Rekordlar Kitabına" düşüb. Çünki Həsənzadəyə qədər dünyada 7 yaşdan aşağı heç kim belə bir rekorda imza atmayıb.
İdmançı qızıl medalla və Planetin Rekordlarının Qeydiyyatı üzrə Rusiya Komitəsinin diplomu ilə təltif edilib, Ginnesin Rekordlar Kitabında fəxri üzv kimi qeydə alınıb.
Beynəlxalq Rekordlar və Nailiyyətlər Agentliyindən Azərbaycan Prezident İlham Əliyevə ünvanlanmış məktubda Ələsgər Həsənzadə milli nailiyyət kimi dəyərləndirilmişdir.
- Azərbaycanlı şahmar qrossmeysteri, 1986-cı ildə anadan olmuş Qədir Hüseynov 1994-cü ildə Rumıniyada keçirilmiş Avropa çempionatında 1-ci yeri tutaraq 8 yaşında qazandığı bu nailiyyətə görə "Ginnesin Rekordlar Kitabı”na düşüb. O, Müstəqil Azərbaycan respublikasına qızıl medal qazandıran ilk şahmatçı kimi də tarixə düşüb.
- Hüseyn Rzazadə 1978-ci ildə Ərdəbildə anadan olub. Ağırlıqqaldırma üzrə ikiqat Olimpiya və dörd dəfə dünya çempionudur. Soydaşımız "Ginnesin Rekordlar Kitabı"na planetimizin an güclü pəhləvanı kimi daxil olub. 263 kiloqram ağrlığı başı üzərinə qaldıran Hüseyn 2004-cü ildə 263.5 kq. ağırlığı qaldırmaqla özünün müəllifi olduğu dünya rekordunu təzələyib.
- “Ginnesin Rekordlar Kitabı”nı Gürcüstanın Borçalı mahalında yaşayan azərbaycanlı, «Maqnit adam» ləqəbi ilə tanınan Etibar Elçiyev də düşüb. Öz bədəni ilə dəmir əşyaları saxlamağı bacaran Etibar Elçiyev “Ginnesin rekordlar kitabı”nın 2014-cü il üçün hazırlanmış versiyasına düşməyi bacarıb. Etibar Elçiyev bədənindəki xüsusi maqnit cazibəsinin köməyi ilə eyni vaxtda bədənində saxladığı metal qaşıqları sayına görə dünya rekordu vurub. «Maqnit adam» bədənində eyni vaxtda 50 qaşıq saxlayıb.
- Azərbaycanlı sirk ustası Üzeyir Novruzov hazırda ABŞ-ın Las-Veqas şəhərində yaşayır və 2015-ci ildə qatılıdığı "America's Got Talent” yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə edib. O, 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla “Ginnesin Rekordlar Kitabı”na düşüb. Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib.
- Hazırda Dubayda tanınmış şirkətlərdən birinin Marketinq direktoru vəzifəsində çalışan azərbaycanlı Vüqar Adıgözəlov çox maraqlı bir ideyanı reallaşdıraraq, Ginnesin Rekordlar Kitabına adını yazdırıb.
Oxford Universitetində magistr təhsili alan Vüqar Adıgözəlov 145 ölkə vətəndaşını bir təyyarədə toplayaraq tarixi uçuşa imza atıb. Rekord ideyası ona elə təyyarədə olarkən gəlib. Bir neçə ay öncə səfərdən qayıdanda təyyarədə qeyri-adi bir elanla rastlaşıb, kapitan bildirib ki, təyyarə heyəti 14 müxtəlif dildə danışa bilir. Bələdçidən öyrənib ki, təyyarədə əllidən çox millətdən sərnişin var. Evə çatar-çatmaz dünyada ən çox millətin uçduğu resylə maraqlanıb. Belə məlumata rast gəlməsə də, qarşısına bir çox millətin nümayəndəsinin bir araya gəlib müxtəlif rekordlar qırdığı haqda məlumat çıxıb.
Rəsmi rekord cəhdi üçün “Emirates” hava yollarına məxsus “A380” təyyarəsi seçilib. Təyyarə bu hadisəyə özəl olaraq rənglənib: üzərində müxtəlif millətlərdən əl-ələ tutmuş insanlar təsvir edilib. Təyyarə Dubay Beynəlxalq Hava Limanından (DXB) qalxaraq, BƏƏ-nin bütün əmirlikləri üzərində uçuş edəndən 1 saat sonra yenidən Dubaya qayıdıb.
Uçuşda ən az 75 müxtəlif millətin nümayəndəsinin iştirakı kifayət edirdi ki, uçuş dünya rekordu kimi qeydə alınsın. Təyyarənin göyərtəsində olarkən Ginnes Dünya Rekordlarının rəsmi nümayəndəsi uçuşda 145 fərqli millətin nümayəndəsinin iştirak etdiyini rəsmən açıqlayaraq rekordun qeydə alındığını bildirib. Beləliklə, bu hadisə və hava yolları Ginnes Dünya Rekordu olaraq qeydə alınıb və rəsmən "Möhtəşəm" titulunu qazanıb.
“İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən və dünyadakı ilk Miniatür Kitab Muzeyi də Ginnesin Rekordlar Kitabına daxil edilib.
Bu muzey 2002-ci il aprel ayının 23-də təsis edilib. XIV əsrin möhtəşəm memarlıq abidəsi olan Şirvanşahlar Sarayının yaxınlığında yerləşir.
Miniatür Kitab Muzeyində sərgilənən nümunələr ənənəvi kitablardan çox fərqlənir və hər gün onlarla ziyarətçi qəbul edir. Muzeydə dünyanın 70-dən çox ölkəsində nəşr edilmiş kitablar sərgilənir.
Muzeyin təsisçisi və yaradıcısı, Respublika “Kitab” Cəmiyyətinin idarə heyətinin sədri, Əməkdar incəsənət xadimi Zərifə Salahovadır. Zərifə xanım bu muzeyin yaradılması üçün ömrünün 30 ildən çoxunu miniatür kitabların toplanmasına sərf edib.
“Ginnesin Dünya Rekordları” təşkilatı 2010-cu il mayın 29-da Azərbaycanın Dövlət Bayrağı Meydanındakı bayraq dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2 metr, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, ağırlığı isə 350 kiloqramdır.
Şəfanə İbrahimova
BDU-nun jurnalistika fakültəsini həm bakalavr, həm də magistr pilləsi üzrə bitirib. Müxtəlif media orqanlarında jurnalist kimi çalışıb. Hazırda Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edir.