Xarici əlaqələrin coğrafiyasını genişləndirmək mühüm çağırışdır
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc Böyük Britaniyanın Sosial Tədqiqatlar üzrə Milli Mərkəzinin Beynəlxalq Əlaqələr üzrə direktoru Şerin Makkarti ilə görüşüb. Ölkəmizdə beyin mərkəzlərinin dövlət və ictimai həyatın müxtəlif sferalarının öyrənilməsində əvəzsiz rolundan bəhs edən Z. Oruc təmsil etdiyi Mərkəzin həyata keçirdiyi çoxsaylı araşdırmaları tərəf müqabillərinə təqdim edərək, onların qərarqəbuledicilər, o cümlədən, cəmiyyət üçün əhəmiyyətindən danışıb. 100 mindən artıq respondentin rəyinin öyrənilməsini Biq Data əsaslı idarəçilik üçün vacib göstərici olduğunu vurğulayan natiq Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra regional və beynəlxalq çəkisinin artmasının siyasi institutlar üçün də mühüm çağırışlar yaratdığını qeyd edib.
Z. Oruc xarici əlaqələr sahəsində STM-in tərəfdaşlarının sayını artırmaq, əməkdaşlıq coğrafiyasını genişləndirmək məqsədilə Avropa arealında böyük təcrübə və nüfuza malik olan təşkilatlarla yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını söyləyib.
Öz növbəsində, 50 yaşlı bir mərkəz olaraq, Britaniyada sosial tədqiqatlar sahəsində aparıcı yer tutan bir təşkilatın gördüyü işlərdən bəhs edən Ş. Makkarti hazırda həyata keçirdikləri təhsil, ictimai idarəçilik, sosial transformasiya və digər sahələrdəki mühüm layihələrin hakimiyyət orqanları, eləcə də biznes, qeyri-hökumət təşkilatları və universitetlər üçün xüsusi önəm daşıdığını qeyd edib. Hazırda Körvəz ölkələri, o cümlədən, keçmiş sovet məkanına daxil olan bir sıra dövlətlərin müvafiq qurumları ilə yaxından əlaqələrə malik olduqlarını vurğulayan Ş.Makkarti Cənubi Qafqazdakı prosesləri, millətlərarası münasibətləri və yeni tendensiyaları yaxından izlədiklərini, ona görə də partnyorlarla birlikdə müxtəlif mövzuları birgə tədqiq etmək niyyətlərini dilə gətirib.
Tərəflər müxtəlif konseptlər əsasında qarşılıqlı maraq doğuran strategiyalar üzrə gələcəkdə də görüşləri davam etməkdə qərarlı olduqlarını söyləyiblər.
STM İctimai əlaqələr Departamenti.