Yuxarıya
skip to main content

Azərbaycanın hərbi sənaye imkanları ictimai rəydə

25.09.2024

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanın hərbi sənaye imkanlarına ictimai münasibəti öyrənmək məqsədilə əhali arasında sorğular keçirib.

Ümumi nəticələr ölkənin hərbi sənaye potensialının yüksək qiymətləndirildiyini göstərir. Belə ki, “Sizcə, Azərbaycanın hərbi sənaye imkanları hansı səviyyədədir?” sualına respondentlərin əhəmiyyətli hissəsi, yəni 74,9%-i “güclüdür” cavabını verib. Sorğu iştirakçılarının 17,1%-i Azərbaycanın hərbi sənaye imkanlarının orta səviyyədə, 2,3%-i zəif olduğunu düşünür. 5,7%-i bu suala cavab verməkdə çətinlik çəkib.

Nəticələrin respondentlərin yaş qruplarına və təhsil səviyyələrinə görə təhlili gənc nəslin və ali təhsilli sorğu iştirakçılarının Azərbaycanın hərbi sənaye imkanlarını yüksək səviyyədə qiymətləndirdiyini göstərir.

Sorğular 2024-cü ilin 17-27 sentyabr tarixlərində, yaşı 18 və ondan yuxarı olan 388 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə çərçivəsi ehtimallı üsulla və ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib, gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Respondentlərə nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.