2007-ci ildə 1-ci sinfə daxil olan 118290 şagirdin təxminən 8.1%-i ümumi orta təhsil almayıb
İlk növbədə qeyd edək ki, Dövlət İmtahan Mərkəzi, bir qayda olaraq, ölkə və regionlar üzrə həm buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan şagirdlərin sayını və tərkibini dəqiqləşdirir, həm buraxılış imtahanlarında müvəffəqiyyət qazananların növbəti təhsil səviyyələri və pillələrindəki göstəricilərini araşdırır, həm də təhsilini davam etdirməkdən (buraxılış imtahanlarında iştirakdan) kənarda qalan, 9-cu və 11-ci sinfi bitirdikdən sonra haqqında məlumatı olmayanların sayını və bunun səbəblərini müəyyənləşdirməyə çalışır. 2018-ci ildə də ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələrini bitirən şagirdlərin təhsilə davamiyyətinin vəziyyəti, bilik səviyyəsi və bütövlükdə bu sahədə gedən dəyişikliklərin dinamikası müqayisəli şəkildə təhlil edilib.
Belə ki, 2018-ci ildə 11-ci sinfi bitirən şagirdlər 2007-ci ildə 1-ci sinfə daxil olublar. Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2007-ci ildə 1-ci sinfə daxil olan şagirdlərin sayı 118290 nəfər olub. 2016-cı ildə 9-cu sinfi bitirən şagirdlərin sayı 108734 nəfər idi. Həmin ildə 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin sayı isə faktiki olaraq 104729 nəfər olub və 4005 şagird buraxılış imtahanında bu və ya digər səbəbdən iştirak etməyib. Göründüyü kimi, 2007-ci ildə 1-ci sinfə daxil olan 118290 şagirdin təxminən 8.1%-i ümumi orta təhsil almayıb və onların təhsili haqqında heç bir məlumat yoxdur. Qeyd olunduğu kimi, 2016-cı ildə ölkədə 9-cu sinif üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin sayı 104729 nəfər olub və bu şagirdlərin təxminən 16%-i təhsilini davam etdirməyib. Həmin şagirdlərin IX sinfin buraxılış imtahanlarında aldıqları qiymətlərə görə paylanması diaqram 1-də verilib.
Diaqramdan göründüyü kimi, bu kontingent buraxılış imtahanlarında, əsasən, "2" və "3" qiymət alanlardır. Qeyd etmək lazımdır ki, belə zəif nəticə göstərən şagirdlərin 69%-i kənd məktəblərini təmsil edir (bax: cədvəl 1).
IX sinfi bitirənlərin yalnız 7%-i təhsilini peşə liseylərində və orta ixtisas təhsili müəssisələrində davam etdirib. Şagirdlərin qalan 72%-i isə 2018-ci ildə tam orta təhsilini başa vurub. Nəticədə, 2007-ci ildə 1-ci sinfə daxil olan 118290 şagirdin 68%-nin tam orta təhsil səviyyəsini, 24%-nin isə ümumi orta təhsil səviyyəsini başa vurduğu məlum olub. 2018-ci ildə tam orta təhsilini başa vurmuş şagirdlərin təxminən 23%-i təhsilini davam etdirməməyi qərara almış və ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciət etməyib (onların 66%-i oğlan, 34%-i qız şagirdlərdir).
Cədvəl 1. 2016-cı ildə 9-cu sinfi bitirdikdən sonra haqqında məlumat olmayan məzun seçməsinin tərkibi
Oğlan |
Qız |
Şəhər |
Kənd |
51% |
49% |
31% |
69% |
Həmin şagirdlərin buraxılış imtahanlarında aldıqları qiymətlərə görə paylanması diaqram 2-də göstərildiyi kimidir.
Diaqram 2.
Diaqram 2-dən göründüyü kimi, bu şagirdlər, əsasən, təhsildə zəif nəticə göstərənlərdir. Acınacaqlısı odur ki, onların 81%-i kənd məktəblərini bitirib (bax: cədvəl 2).
2018-ci ildə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün 63178 şagird, yəni 2007-ci ildə 1-ci sinfə daxil olan şagirdlərin yalnız 53%-i ərizə verib (Cədvəl 3-dən göründüyü kimi, onların 52%-i oğlan, 48%-i qız, 40%-i şəhər, 60%-i kənd rayonlarından olan şagirdlərdir). Bu şagirdlərin 7798 nəfəri təhsilini orta ixtisas təhsili müəssisələrində, 33419 nəfəri isə ali təhsil müəssisələrində davam etdirmək imkanı əldə edib. Ali məktəblərə qəbul üçün ərizə vermiş, eləcə də qəbul olmuş abituriyentlərin buraxılış imtahanlarında aldıqları qiymətlərə görə paylanması müvafiq olaraq 3 və 4 saylı diaqramlarda verilib. Ali məktəblərə qəbul üçün ərizə vermiş, həm də qəbul olmuş abituriyent seçmələrinin tərkibi ayrı-ayrılıqda 3 və 4 saylı cədvəllərdə verilib.
Cədvəl 2. 2018-ci ildə ali təhsil müəssisələrinə ərizə verməyən məzun seçməsinin tərkibi
Oğlan |
Qız |
Şəhər |
Kənd |
66% |
34% |
19% |
81%
|
Diaqram 3.
Cədvəl 3. 2018-ci ildə ali təhsil müəssisələrinə qəbul üçün ərizə vermiş
abituriyent seçməsinin tərkibi
Oğlan |
Qız |
Şəhər |
Kənd |
52% |
48% |
40% |
60% |
Diaqram 4.
Cədvəl 4. 2018-ci ildə ali təhsil müəssisələrinə qəbul olan abituriyent seçməsinin tərkibi
Oğlan |
Qız |
Şəhər |
Kənd |
50% |
50% |
46% |
54% |
Diaqramlardan göründüyü kimi, ali məktəblərə ərizə verən abituriyentlər buraxılış imtahanlarında, əsasən, "3", "4" və qismən "5" qiymət alanlardırsa, qəbul olanların böyük əksəriyyəti "4" və "5" qiymət alanlardır. Bütün bunlar buraxılış və qəbul imtahanlarında qiymətləndirmənin obyektiv aparıldığını və imtahanlarda istifadə olunan test tapşırıqlarının etibarlılığı və validliyini bir daha təsdiq edir.
Onu da qeyd edək ki, Dövlət İmtahan Mərkəzi əvvəlki illərin qəbul imtahanlarının statistik nəticələrinin təhlili əsasında 2018-ci ildə ali təhsil müəssisələrinə qəbul üçün ərizə verən, lakin qəbul olmayan kontingentin sonrakı 5 ildə neçə faizinin ali təhsil müəssisələrinə qəbul olacağını da proqnozlaşdırıb. Bu proqnoza əsasən, həmin kontingentin təxminən 18%-nin sonrakı 5 il ərzində ali təhsil müəssisələrinə qəbul olacağı ehtimal olunur.
Yuxarıda sadalananları ümumiləşdirərək qeyd etmək olar ki, 2007-cı ildə 1-ci sinfə daxil olan 118290 şagirdin 53%-i əmək bazarına heç bir peşə və ixtisas üzrə təhsil almadan çıxacaqdır. (2023-cü ilə olan proqnoz diaqram 5-də təqdim edilib).
Diaqram 5.
Aşağıda 2016-cı ildə 9-cu sinif üzrə buraxılış imtahanlarında tədris dili və riyaziyyat fənlərindən “2”, “3”, “4” və “5” qiymət alan şagirdlərin 2018-ci ildə 11-ci sinif üzrə buraxılış imtahanlarında həmin fənlərdən aldıqları qiymətlərin paylanması diaqramları təqdim olunub (bax: diaqram 6 və 7).
Diaqram 6.
Diaqram 7.
Göründüyü kimi, şagirdlər 11-ci sinfin buraxılış imtahanlarında da 9-cu sinfin buraxılış imtahanlarındakı səviyyəyə uyğun bilik nümayiş etdiriblər. Məsələn, 2016-cı ildə tədris dili fənnindən 9-cu sinif üzrə buraxılış imtahanında “2” alan şagirdlərin 93.9%-i 2018-ci ildə 11-ci sinif üzrə buraxılış imtahanında da “2” və “3” qiymət alıb (bax: diaqram 6). 9-cu sinif üzrə buraxılış imtahanında “5” qiymət alan şagirdlərin 79.0%-i 11-ci sinif üzrə buraxılış imtahanında da “5” qiymət alıb. Qeyd edək ki, 2016-cı ildə 9-cu sinif üzrə buraxılış imtahanında həmin şagirdlərin tədris dili fənni üzrə 15%-i "2", 45%-i "3", 24%-i "4", 16%-i "5", riyaziyyat fənni üzrə 19%-i "2", 37%-i "3", 21%-i "4", 23%-i "5" qiymət alıb.
Aqşin Məmmədov
Bakı Dövlət Universitetində bakalavr və magistratura, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorantura təhsili alıb. Filologiya üzrə fəlsəfə doktorudur. Milli-ideoloji məsələlər, etnik və dini azlıqlar, təhsil, elm və dil siyasəti və s. istiqamətlərdə tədqiqatlar aparır.