Zahid Oruc COP29 Simulyasiya layihəsinin iştirakçılarıyla görüşüb

05.06.2024

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə keçirilən COP29 simulyasiya layihəsi iştirakçı tələbələr üçün əhəmiyyətli bir təcrübə olub. STM-in İdarə Heyətinin sədri Zahid Oruc tədbirdə iştirak edərək, tələbələrlə fikir mübadiləsi aparıb. Zahid Oruc Azərbaycanın dünyada tanıdılması və ekoloji məsələlərdə fəal iştirakı baxımdan COP29 kimi əhəmiyyətli beynəlxalq platformalarda gənclərin təbliğat və təmsilçilik işlərinin önəmini vurğulayıb. O, həmçinin tələbələrin simulyasiya prosesindəki performanslarını qiymətləndirib və onların bu təcrübədən əldə etdikləri bacarıqları real məsələlərin həlli üçün necə istifadə edə biləcəkləri barədə müzakirələr təşkil edib.

 

Tələbələr simulyasiya prosesində qlobal istixana qazı emissiyalarının azaldılması, ekoloji dayanıqlılıq və bərpa olunan enerji mənbələrinin təşviqi kimi mühüm məsələlər üzrə öz təklif və həll yollarını irəli sürüblər. Simulyasiya onların bu mövzularda dərin anlayış qazanmalarına və müzakirələrdə fəal iştirak etmələrinə imkan verib.

 

Tədbirin sonunda iştirakçı tələbələrə sertifikatlar təqdim olunub. Bu tədbir həm tələbələrin fərdi inkişafında, həm də onların peşəkar həyatlarında önəmli rol oynayacaq bilik və bacarıqların artırılmasına töhfə verib. Qeyd edək ki, 5-dən artıq universitetin 30-a qədər tələbəsi layihə iştirakçısı kimi seçilib.