Yuxarıya
skip to main content

STM-in sektor müdiri Tural İsmayılovun yazısı AzərTac-da dərc olunub

30.05.2024

Prezident İlham Əliyevin bütün gərgin və sıx iş qrafiki fonunda Qarabağa səfərlər etməsi və bu prosesin ardıcıl, sabit şəkildə davamlı hal alması cəmiyyətimizdə ciddi müsbət əhvali-ruhiyyə yaradır. İctimai rəydə dövlətimizin başçısına olan inam və sevginin göstəricisi maksimum həddədir. Elə bir ay yoxdur ki, Azərbaycan Prezidenti Qarabağda olmasın. Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad edən siyasi Lider kimi adını Azərbaycan tarixinə yazdırıb. Bu günlərdə də dövlətimizin başçısının Qarabağdakı bütün işlərə nəzarət etməsi, görülən işlərlə yerində tanış olması, açılışlar etməsi müstəsna dərəcədə önəmlidir. O, Ali Baş Komandan olmaqla yanaşı, böyük qurucu Liderdir. Qarabağın hər bir qarışında gerçəkləşən abadlıq, quruculuq və Böyük Qayıdış prosesi Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri Tural İsmayılov söyləyib.

O bildirib ki, hələ torpaqlarımız işğal altında olan dövrdə Prezident İlham Əliyev ölkə üçün önəmli tarixlərdə, doğum günlərində həmişə qaçqın və məcburi köçkünləri yad edib, onlarla görüşüb. Elə bir dövr olmayıb ki, köçkün vətəndaşlarımızın taleyi və Qarabağ məsələsi arxa plana keçsin. Azərbaycan Prezidentinin xalq ilə iç-içə olması, 30 il ərzində gördüyü qətiyyətli işlər cəmiyyətdə böyük inam yaratmışdı.

“Azərbaycan bu gün təkcə etnik separatizmi bitirib Zəfər salnaməsi yaradan bir ölkə kimi deyil, dirçəltmənin, inkişafın, tərəqqinin qlobal məkanı kimi də xarakterizə olunur. Bu baxımdan da Prezident İlham Əliyevin Xocalıdan səsləndirdiyi fikirlər dosta da, düşmənə də mesaj xarakterli idi. Səslənən fikirlərdən biri o idi ki, bu gün Böyük Qayıdış prosesinin Xocalı səhifəsi yazılır. Yaxın gələcəkdə digər xocalılılar da buraya qayıdacaqlar. Soyqırımı acısını yaşamış sakinlər artıq firavan Xocalını görmək şərəfini yaşayırlar.

Mənfur düşmən qədim Azərbaycan torpağı olan Xocalıda soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma aparmışdı. Onlar Xocalının adını dəyişdirməyə, erməni cinayətkarlarının adına əbədiləşdirməyə çalışırdılar. Lakin istəklərinə nail olmadılar. Həm Vətən müharibəsi, həm də həyata keçirilən antiterror tədbirləri xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi”, - deyə T.İsmayılov vurğulayıb.

https://azertag.az/xeber/azerbaycan_prezidentinin_gorduyu_qetiyyetli_isler_cemiyyetde_boyuk_inam_yaradib__serh-3029666