STM yeni sorğu nəticələrini təqdim edir
Dünyadakı hərbi münaqişələrdən irəli gələn qeyri-müəyyənlik və təhlükəsizlik amilləri münaqişələrin tərəfinə çevrilməyən ölkələri yeni geosiyasi nizam axtarışlarına sövq edir. Beynəlxalq və regional güc mərkəzlərinin təsir dairələrinin dəyişməsi zəminində Orta Dəhliz coğrafiyasının yüksələn strateji əhəmiyyəti onun iqtisadi-nəqliyyat potensialı ilə yanaşı, kənar qüvvələrin regionu yeni rəqabət meydanına çevirmə planlarına qarşı birgə təhlükəsizlik siyasətinin nüvəsi rolunda çıxış etmək imkanlarını göstərir.
Sosial Tədqiqatlar Mərkəzi yeni dövrdə regionda formalaşan reallıqlar və şərtlər çərçivəsində cəmiyyətin bu istiqamətdə mövqeyini öyrənmək məqsədilə rəy sorğuları keçirib. Sorğu çərçivəsində vətəndaşlara "Azərbaycanı ilk növbədə aşağıdakılardan hansına aid edirsiniz?" sualı ünvanlanıb və cavab variantları təqdim olunub.
Sorğunun nəticələrinə əsasən, respondentlərin 61.6%-i Azərbaycanı ilk növbədə Türk dünyası ölkələrinə aid edib. Respondentlərin 22.1%-i İslam ölkələrinə, 9.9%-i keçmiş sovet ölkələrinə, 1.6%-i Qərb ölkələrinə, 1.3%-i Şərq ölkələrinə aid etdiyini bildirib. Sorğuda iştirak edənlərin 1.3%-i digər cavab variantlarını qeyd edib, 2.3%-i fikir bildirməkdə çətinlik çəkib.
Sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.
Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.