Yuxarıya
skip to main content

Qadınların ictimai-siyasi həyatda iştirakı ilə bağlı sorğu nəticələri

07.03.2024

Sosial Tədqiqatlar Mərkəzi bütün tarixi dövrlərdə milli-mənəvi ideallara bağlılığı ilə fərqlənən Azərbaycan qadınlarının ictimai-siyasi, işgüzar həyatda iştirakına, dövlət idarəçiliyində təmsil olunmalarına münasibəti öyrənmək məqsədilə sorğular keçirib. Bu xüsusda sorğuda iştirak edənlərə “Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında iştirakına münasibətiniz necədir?” sualı ünvanlanıb.

Azərbaycan qadınlarının cəmiyyətdə ictimai-siyasi, işgüzar həyatda iştirakçılığı ilə bağlı sorğu nəticələrinə əsasən, respondentlərin əksəriyyətinin və ya 89.3%-nin bu məsələyə münasibəti müsbət olub. Respondentlərin 10,2%-i qadınların ölkənin ictimai-siyasi həyatında iştirakına mənfi baxdığını bildirib. 0,5%-i bu barədə mövqeyini ifadə etməkdə çətinlik çəkib.

Nəticələrin respondentlərin sosial-demoqrafik göstəricilərə nəzərən təhlili müxtəlif qruplar üzrə qadınların ictimai-siyasi həyatda iştirakına müsbət mövqeləri müəyyən etməyə imkan verib. Kişilərin 86.0%-i əks cinsin nümayəndələrinin ictimai-siyasi həyatda iştirakı ilə bağlı müsbət mövqedə olarkən, qadınların 93.0%-i analoji mövqedən çıxış edib. Dövlət həyatının ictimai və siyasi sahəsində qadınların fəal roluna münasibətdə ali təhsilli respondentlərin 90.7%-i, dövlət sektorunda işləyənlərin 91.8%-i və evdar xanımların 92.4%-i müsbət yanaşma göstəriblər.

Sorğuda Azərbaycan qadınlarının dövlət idarəçiliyində təmsilçiliyi ilə bağlı rəylərdə maraqlı nəticələr əldə edilib. İştirakçılara təqdim edilən “Sizcə, Azərbaycanda qadınların yüksək vəzifələrə təyinatı yetərli səviyyədədir, yoxsa yetərli səviyyədə deyil?” sualına onların 52.0%-i “yetərli səviyyədədir”, 40,9%-i “yetərli səviyyədə deyil” cavabını verib. 7,1%-i bu istiqamətdə fikirlərini bildirməkdə çətinlk çəkib.

Sorğular 2024-cü ilin 15-19 fevral tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.