Vətəndaşlar Azərbaycan haqqında nə hiss edir? – Rəy sorğusu
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməsi ilə tarixi ədaləti bərqərar etməsi, bu fonda regional və beynəlxalq nüfuzunun artmasını nəzərə alaraq, vətəndaşların ölkəmiz haqqında düşüncələrinin öyrənilməsi məqsədilə sorğular keçirib. Bu xüsusda, sorğuda iştirak edənlərə “Ölkəmiz haqqında düşünərkən, əsasən nə hiss edirsiniz?” sualı təqdim edilib.
Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin mühüm hissəsi və ya 70,8%-i Azərbaycan haqqında düşünərkən qürur hissi keçirdiyini vurğulayıb. 9,6% iştirakçı ölkəmiz haqqında düşüncələrinin onda sevgi, 8,6%-i ümid hissi, 9,4%-i narahatlıq hissi yaratdığını qeyd edib, 0,8%-i digər fikirləri səsləndirib.
Sorğu nəticələrinin gender aspektindən təhlili kişilərin və qadınların ölkə haqqında hisslərində əhəmiyyətli fərq olmadığını göstərib. Yaş qrupları üzrə nəticələr gənclərin ölkəyə münasibətdə yüksək qürur hissi keçirdiyini deməyə əsas verir. Orta təhsillərin 69,1%-i və ali təhsillilərin əhəmiyyətli hissəsi – 76,6%-i ölkə haqqında düşünərkən qürur hissi duyduğunu bildirib.
Xatırladaq ki, Mərkəzin 2023-cü ilin oktyabr ayında keçirdiyi rəy sorğularında da Azərbaycan bayrağının Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə ucalması bütün respondentlər tərəfindən milli qürur hissi və qələbə ruhu ilə qarşılanmışdı.
Sorğular 2024-cü ilin 15-19 fevral tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.
Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.