Dövlət orqanlarının (qurumlarının) stasionar və qaynar xətlərinə vətəndaş zənglərinin cavablandırılması üzrə qiymətləndirmə
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2023-cü il 8 may - 21 iyun tarixlərində dövlət orqanlarının (qurumlarının) stasionar nömrələrinin və qaynar xətlərinin fəaliyyəti və vətəndaşların zənglərinin cavablandırılması üzrə mövcud vəziyyətin qiymətləndirilməsini nəzərdə tutan monitorinq aparılıb.
Monitorinq 5 ali dövlət hakimiyyət orqanı, 25 mərkəzi və 1 yerli icra hakimiyyəti, 10 publik hüquqi şəxs və bir çox dövlət qurumlarının (orqanlarının) kommunikasiya xətlərinin fəaliyyəti və vətəndaşların zənglərinin cavablandırılması üzrə mövcud vəziyyəti araşdırıb.
Müvafiq iş günləri ərzində günün birinci və ikinci yarısında müxtəlif saatlarda 29 qurumdan 25-nin (bəzi qurumların qaynar xətti eynidir) həm stasionar nömrələrinə, həm də qaynar xətlərinə, 11 qurumun yalnız stasionar nömrələrinə (qaynar xətləri yoxdur), 5 qurumun isə yalnız qaynar xətlərinə (stasionar nömrələri yoxdur) zənglər edilib.
Monitorinq çərçivəsində edilən bütün zənglərin planşet vasitəsilə video qeydiyyatı aparılıb.
Monitorinq əsnasında 41 dövlət orqanının (qurumunun) kommunikasiya xətlərinə günün birinci və ikinci yarısı üzrə ümumilikdə 1500-ə yaxın zəng edilib. Nəticələrə əsasən, zənglərin 71,8%-nə cavab verilib, 28,2%-nə cavab verilməyib. Başqa sözlə, ümumi olaraq 1058 zəngə cavab verilib, 403 zəngə cavab verilməyib, 13 zəng üzrə nömrə aktiv olmayıb.
Günün I və II yarısında stasionar nömrələr üzrə zənglərə cavab vermə göstəriciləri
Monitorinq edilən dövlət orqanlarının (qurumlarının) stasionar nömrələri üzrə ümumi olaraq cavab verilmiş zənglər 54,8%, cavab verilməmiş zənglər 45,2% təşkil edib. Nəticələri rəqəmlərlə ifadə etsək, ümumilikdə stasionar nömrələr üzrə 445 cavab verilmiş zəng, 354 cavabsız zəng olub, 13 zəng üzrə nömrə aktiv olmayıb.
Günün birinci yarısında stasionar nömrələr üzrə zənglərin 56,4%-nə və ya 228 zəngə cavab verilib, 42,4%-nə və ya 171 zəngə cavab verilməyib, 1,2% və ya 5 zəng üzrə kommunikasiya xətti aktiv olmayıb.
Günün ikinci yarısında stasionar nömrələr üzrə zənglərin 53,2%-nə cavab verilib, 44,8%-nə cavab verilməyib, 2,0% və ya 8 zəng üzrə nömrə aktiv olmayıb. Daha detallı qeyd etsək, günün ikinci yarısında 217 zəng cavablandırılıb, 183 zəng cavablandırılmayıb.
Təhlillər stasionar nömrələrə edilən zənglərə günün ikinci yarısı ilə müqayisədə günün birinci yarısında daha çox cavab verildiyini göstərir.
Monitorinq nəticələri ötən illə müqayisədə 2023-cü ildə günün birinci yarısında dövlət orqanlarının (qurumlarının) stasionar nömrələrinə edilən zənglərin cavablandırılması ilə bağlı müsbət dinamikanı müşahidə etməyə imkan verir.
Günün I və II yarısında qaynar xətlər üzrə zənglərə cavab vermə göstəriciləri
Monitorinq çərçivəsində qaynar xətlərə edilən zənglərin cavablandırılması üzrə daha müsbət dinamika müşahidə edilib. Nəticələrə əsasən, qaynar xətlər üzrə edilən zənglərin mütləq əksəriyyətinə, yəni 92,6%-nə cavab verilib, cəmi 7,4%-nə cavab verilməyib. Yaxud da qaynar xətlər üzrə ümumi zənglərin 613-nə cavab verilib, 49-na cavab verilməyib.
Günün birinci yarısında qaynar xətlər üzrə cavab verilmiş zənglər 92,0% və ya 300 zəng, cavab verilməmiş zənglər 8,0 % və ya 26 zəng təşkil edib.
Günün ikinci yarısında qaynar xətlərə edilən zənglərin 93,2%-i və ya 313 zəng cavablandırılıb, 6,8%-i və ya 23 zəng cavablandırılmayıb.
Qaynar xətlərə edilən zənglərə günün birinci yarısından fərqli olaraq günün ikinci yarısında daha çox cavab verilib.
Monitorinq nəticələrinin təhlilinə əsasən, stasionar nömrələrlə müqayisədə günün birinci və ikinci yarısında qaynar xətlər üzrə zənglərə daha çox cavab verilib.
Həmçinin dövlət orqanlarının (qurumlarının) qaynar xətlərinə günün birinci və ikinci yarısında edilən zənglərə ötən illə müqayisədə daha çox cavab verilib.
Günün I və II yarısında stasionar və qaynar xətlər üzrə zənglərə cavab vermə sürətləri
Hər iki kommunikasiya xətti üzrə cavab verilmiş 1058 zəngin 55,1%-nə 10 saniyə, 30,2%-nə 10 saniyə - 1 dəqiqə, 10,3%-nə 1 - 5 dəqiqə, 4,4%-nə 5 dəqiqədən çox müddət ərzində cavab verilib.
Stasionar nömrələr üzrə ümumilikdə zənglərin 58,8%-nə 10 saniyə, 34,7%-nə 10 saniyə - 1 dəqiqə, 5,8%-nə 1 - 5 dəqiqə, 0,7%-nə 5 dəqiqədən çox müddətdə cavab verilib.
Qaynar xətlər üzrə zənglərin 52,4%-nə 10 saniyə, 26,8%-nə 10 saniyə - 1 dəqiqə, 13,6%-nə 1 - 5 dəqiqə, 7,2%-nə 5 dəqiqədən çox müddətdə cavab verilib.
Günün birinci yarısında cavab verilmiş zənglərin stasionar nömrələr üzrə 46,6%-i, qaynar xətlər üzrə 53,4%-i ilk 10 saniyədə cavablandırılıb. Günün ikinci yarısında cavab verilmiş zənglərin stasionar nömrələr üzrə 43,3%-i, qaynar xətlər üzrə 56,7%-i 10 saniyə ərzində cavablandırılıb.
Həmçinin günün birinci yarısında stasionar nömrələr üzrə 10 saniyə - 1 dəqiqə ərzində cavablandırılmış zənglər 45,6%, qaynar xətlər üzrə 54,4% təşkil edib. Günün ikinci yarısında cavab verilmiş zənglərin stasionar nömrələr üzrə 50,9%-i, qaynar xətlər üzrə 49,1%-i 10 saniyə - 1 dəqiqə ərzində cavablandırılıb.
1 - 5 dəqiqə gözləmə müddəti ilə günün birinci yarısında cavab verilmiş zənglər stasionar nömrələr üzrə 32,7%, qaynar xətt üzrə 67,3%-dir. Günün ikinci yarısında 1 - 5 dəqiqə gözləmə müddəti ilə cavab verilmiş zənglər stasionar nömrələr üzrə 15,8%, qaynar xətt üzrə 84,2% təşkil edib.
Stasionar nömrələr üzrə günün birinci yarısında 5 dəqiqədən çox gözləmə müddəti ilə cavablandırılmış zənglər 8,3%, qaynar xətlər üzrə 91,7% təşkil edib. Bundan fərqli olaraq, günün ikinci yarısında stasionar nömrələr üzrə 5 dəqiqədən çox gözləmə müddəti ilə cavablandırılmış zənglər 4,3%, qaynar xətlər üzrə 95,7% təşkil edib.
Yalnız stasionar nömrələri olan qurumlara edilən zənglərin 44,4%-i 10 saniyə, 51,4%-i 10 saniyə - 1 dəqiqə, 4,2%-i 1 - 5 dəqiqə ərzində cavablandırılıb.
Yalnız qaynar xətti olan qurumlar üzrə zənglərin 44,6%-i 10 saniyə, 28,4%-i 10 saniyə - 1 dəqiqə, 24,3%-i 1 - 5 dəqiqə, 2,7%-i 5 dəqiqədən çox müddət ərzində cavalandırılıb.
Aygün Yusibova
Sosial Tədqiqatlar Mərkəzinin İctimai Rəyin Öyrənilməsi departamentinin sektor müdiri