STM-də "Yeni tarixi mərhələ - yeni milli ideologiya" mövzusunda müzakirələr aparıldı
26 fevral tarixində Sosial Tədqiqatlar Mərkəzində "Yeni tarixi mərhələ - yeni milli ideologiya" mövzusunda dəyirmi masa keçirilib.
Keçirilən tədbir dəyirmi masa formatında aktiv müzakirələrlə baş verib. Tədbirdə bir sıra millət vəkilləri, elm adamları və araşdırma mərkəzlərindən qonaqlar, media təmsilçiləri və tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirin açılış nitqini Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Elşad Mirbəşir edib. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən və Xocalı şəhidləri 1 dəqiqəlik sükutla yad edildikdən sonra tədbir müzakirələrlə davam edib. Elşad Mirbəşir milli şüurun vacibliyindən, qazanılan zəfərin önəmindən və digər ideoloji səpkilərdən danışıb.
Daha sonra fəlsəfə elmləri doktoru, professor, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə çıxış edib. O milli ideya mövzusunda öz fikirlərini bildiirb:
“Yaddaş tarix, mədəniyyət və ideologiya, bunlar arasında münasibətlər kimi nəzərdən keçirilməlidir. İdeologiya yalnız tarixvə ya yalnız mədəniyyət deyil. O, həm tarix, həm də ideologiyadır. Milli ideologiyanın daşıyıcıları məhz bizik. Geosiyasət milli ideya ilə bağlıdır. Prezident İlham Əliyev də bunu yaxşı görür. O bilir ki, geosiyasət ilə milli ideologiya sıx bağlıdır” – deyə İlham Məmmədzadə bildirib.
Tədbirin gedişatında sonrakı çıxışın müəllifi Milli Məclisin deputatı Etibar Əliyev olub. O, maarifçilik ideyasından, müasir filosoflardan və yeni maarifçiliyə ehtiyacın olması kimi mövzulardan danışıb. O bildirib ki, identiklik olduqca vacib məsələdir və Roma klubu kimi ideya mərkəzlərinin nümunəsi Azərbaycanda da yaradılmalıdır.
Millət vəkilləri Bəhruz Məhərrəmov və Elşən Musayev də mövzu ətrafında öz fikirlərini bölüşüblər. Daha sonra tədbir iştirakçıları mövzu ilə bağlı ideya və təkliflərini səsləndiriblər.
Tədbirin sonunda STM-də bu tip müzakirələrin bundan sonra da davam etdiriləcəyi bildirilib.