Yuxarıya
skip to main content

Çağdaş əsrdə siyasət və ideologiya (II hissə)

13.02.2024

Totalistik və molekulyar ideologiyaların birləşməsindən “əks-ideologiya” anlayışının meydana çıxması ilə bağlı ümumi baxışa əsasən, Qərb cəmiyyətlərinin mühüm bir hissəsi liberal-demokratiyanın sosial strukturu və siyasi institutlarına heç bir alternativ olmadığını qəbul edir. Bu qəbullanma XX əsrin totalitar sistemləri tərəfindən nümayiş etdirilən ideoloji səfərbərliyin təhlükələrinin nəzərə alınması ilə dəstəklənilir. Lakin mövcud düzənin qəbulunun tablosu kifayət qədər səthidir və çağdaş dünyanın ideoloji siyasətinin daha dərin baxışına ehtiyac var.

C.Şvartzmantelə görə, ən azından liberal-demokratik cəmiyyətlər üçün “post-ideoloji” və ya “ideologiyadan azad” cəmiyyətə varid olduğu iddiası doğruluqdan uzaqdır. Sadəcə dövlətin siyasi hakimiyyəti vasitəsilə deyil, vətəndaş cəmiyyətinin müxtəlif sahələrinə nüfuz edən  güclü bir ideologiyanın var olduğunu söyləmək daha doğru olardı. Bu nüfuzetmə kanallarına insanların şüuruna və özləri barəsində fərqindəliyinə dərindən təsir edən media, təhsil sistemi, sosial strukturlar və institutlar daxildir. Şvartzmantel çeşidli kanallar vasitəsilə bir baxışın monolitik şəkildə özünü təlqin etdiyini iddia etmədən bildirir ki, qeyd olunan cəmiyyətlərdə siyasət və vətəndaşların həyatının idarə edildiyi ideyalar çərçivəsini təşkil edən, “normal” olaraq qəbul edilən bir düşüncə strukturu mövcuddur. Bu düşüncə strukturunu “neo-liberalizm” adlandırmaq da ifrat bəsitləşdirməyə yol açır, çünki adıçəkilən dominant ideologiya əsnək bir amalqam içərisində müxtəlif dərəcələrdə, müxtəlif mövzulardan ibarət daha kompleks xarakterlidir. Burada “neo-liberalizm” anlayışı hər yerə nüfuz edən bir institut kimi bazarın həyati rolu, (qlobal) bazarda bir istehlakçı kimi fərdin dəyəri, istehlakçı seçiminin azadlıq və muxtariyyətin ən ali örnəyi olması, sosial institutların dəyərinin produktivlik və ölçülə bilən istehsal baxımından mühakimə edilməsi, həyatın bütün aspektlərinin əmtəələşdirilməsindən ibarət ideyalara istinad etmək üçün istifadə olunur. Bu perspektivdən, kültür və din ideyalarına yer verilsə də, onların yeri özəl sferada saxlanılır. Kültür və din bağlayıcı qüvvə olaraq deyil, tənqidi və tələbkar müştəri olaraq müxtəlif identikliklər arasında seçim etməkdə azad olan fərdlərin həyat tərzi və seçiminin aspektləri kimi görülür.

Təsvir edilməsi üçün adekvat terminin “neo-liberalizm” olduğu dominant ideologiya budur. Dünya miqyasında bu dominant ideologiyaya qarşı meydanoxumalar var. Bu meydanoxumalar XIX-XX əsrlərdə olduğu kimi Solun Sağa və ya sosializmin kapitalizmə qarşı meydanoxumalarından fərqlidir. Bu əsrlədə siyasətin radikal hərəkatlarının formaları haqlarından məhrum edilmiş kütlələri siyasətə daxil etməyə və daha böyük sosial bərabərlik təsis etməyə çalışırdı. Qlobal anlamda məqsəd, imperializm və müstəmləkəçiliyin boyunduruğunu qırmaq, Qərb ölkələrinin özləri üçün olduğunu iddia etdikləri iqtisadi böyümə və muxtariyyət hüquqları və imkanlarını inkişaf etməkdə olan ölkələrə intişar etdirmək idi.

Lakin bu gün tablo fərqlidir. Dominant neo-liberalizmə qarşı qlobal müxalifət çeşidli qüvvələri ehtiva edir, və bu ideoloji konfrontasiyada əksər elementlər Sol-Sağ ideologiyalarının ənənəvi mehvəri üzərində həqiqətən xəritələndirilə bilməz. Bu meydanoxumalardan bəziləri özünəməxsus identikliklərə öncəlik verməyə çalışan “identiklik siyasəti” olaraq təsnif edilə bilər. Başqa sözlə, hegemonik neoliberalizmə qarşı meydanoxumaların bir qrupu ənənəvi Sol ideologiyaları ilə qeyri-müəyyən münasibət içərisində olan identiklik ideologiyalarından qaynaqlanır. “İdentiklik” və “Sol” heç də bir-birinə zidd deyil, lakin onlar arasındakı fərqliliklər belə izah oluna bilər: Solun ənənəvi ideologiyaları universalist idi. Onlar ümumbəşəri dəyərlər adı ilə işçi sinfinin dərdlərinə xitab etməyi arzulayırdılar, çünki marksist anlamda işçi sinfi yanlışları bütövlükdə insanlığın yanlışları olan “ümumbəşəri sinif” idi. Beləliklə, məqsəd insanlığın bütününün özlərini tanıyacağı ədalətli bir cəmiyyət yaratmaq idi.

Bu gün üzləşdiyimiz fərqli situasiya isə neoliberalizmə qarşı tənqidi mövqedə dayanan həmin ideologiyaların daha partikulyarist mövqeyi qəbul etmələri və “identiklik ideologiyaları” kimi adlandırılmalarıdır. Burada isə ali niyyət ümumbəşəri dərdləri adı ilə bütövlükdə insanlığın azadlığı deyil, müəyyən bir identiklik formasına sayğının, onun icrası üçün bir məkanın təmin edilməsi, və həmin identikliyin ictimai olaraq tanınması, qəbuludur. Başqa sözlə, identiklik ideologiyaları”nın məqsədi ümumbəşəri dəyərlər naminə cəmiyyətin ümumi transformasiyası layihəsində müxtəlifliyin aşılması deyil, qarşılıqlı olaraq daha tolerant bir cəmiyyətdə birgə yaşamın “modus vivendi”sidir. Lakin digər tərəfdən də, identiklik siyasətinin neo-liberalizm üçün elə də ciddi təhdid olmadığını də vurğulamaq gərəkdir.  Çünki məqsəd bu cəmiyyəti transformasiya etmək və ya onun fundamental prinsiplərinə hücum etmək deyil, bu cəmiyyətdə müəyyən bir identikliyin ortaq sahiblərinin mövcudluğunun himayə olunduğu məkan əldə etməkdir. Ona görə də, neo-liberal cəmiyyətdə siyasi konflikt qətiyyən ideoloji deyil, əsasən identiklik siyasəti kontekstində bir müxaliflik, fraqmentar mübarizədir.

İdentiklik meydanoxumalarının ideoloji statusu və onun tənqidi qüvvə olaraq səmərəliliyi dərin şübhə altındadır. Dominant ideologiyaya qarşı gələn növbəti qüvvələr isə qlobal ədaləti arzulayan və buna çağırış edən qüvvələrdir. Onlar neo-liberalizmin dəyərlərini və bazarın hər şeyə nüfuzedici roluna qarşı çıxırlar. Buradakı problem qeyd olunan hərəkatların epizodik və kifayət qədər fraqmentar xarakteridir. Belə bir hərəkatın formaları formal üzvlük və ya təyin olunmuş hüdudların çatışmadığı sosial mübarizənin muxtar vahidləri arasında kommunikasiya, koordinasiya və qarşılıqlı dəstəyin mərkəzsizləşdirilmiş şəbəkəsi olaraq xülasələndirilə bilər.

Qordon bildirir ki, fraqmentasiyaya uğramış cəmiyyətə təşkilatlanmanın parçalanmış və ya şəbəkə formaları uyğun gəlir. Onlar sadəcə təşkilati arxitekturasında deyil, həm də ideoloji çərçivəsində əsnək olan hərəkatları tərcih edirlər. Rigid ideologiyalar həddən ziyadə doqmatik, ortodoks olduqları üçün və eyni zamanda, iyerarxiya və xaricetmənin yeni formalarına yol aça bilmə təhlükəsinə görə rədd edilir. Beləliklə, dominant neo-liberalizmə qarşı çıxan ideoloji hərəkatları belə vurğualamq olar: bir tərəfdən, identiklik siyasəti, və digər tərəfdən qlobal ədalət siyasəti. İkincisi dominantlıq formalarına qarşı antaqonizmi ilə mərkəzsizləşmiş şəbəkə siyasi hərəkatları formasında anarxizmin oyanışı kimi təzahür edir.

C.Şvartzmantel bildirir ki, radikalizm və müxalifliyin daha qədim ideologiyalarını əvəzləməməklə yanaşı, onlarla ekksentrik bir qarışma içərisindədir. Bu amalqamdan meydana çıxan isə siyasi spektrin Sol cinahı üzərində yerləşdirilə biləcək yeni bir ideologiyadır. Siyasətin Sağ-Sol aspekti və ya spektri hələ də adekvat olaraq görülür. Sol və Sağ arasındakı bölünmə hələ də bir-birinə zidd bərabərlik və iyerarxiya dəyərlərinə əsaslanır. Lakin bu spektrdə fokal nüanslar çağdaş şərtlər daxilində dəyişikliyə məruz qalıb. Ənənəvi ekstrim ideologiyalar kommunizm və ya faşizm böyük kütləvi hərəkatlar və ya koherant ideologiyalar kimi mövcud deyillər, hətta faşizm özünü neo-faşizm və radikal-Sağ ksenofobiya hərəkatları formasında göstərsə də. Bu gün Sol özünün sosial-demokratik formasında neo-liberal agendanın geniş çərçivəsini qəbul edib. Bu, sosial-demokratiyanın transformasiyasını bəyan edən, lakin neo-liberalizmin yumşaq forması tərəfindən sosial-demokratiyanın əvəzlənməsi olaraq daha yaxşı başa düşülən “Üçüncü Yol”un dərki baxımından çox əhəmiyyətlidir. Onun dəstəkçilərindən biri olan E.Giddens “Üçüncü Yol”un bir forması kimi “neo-proqressivizm” ideyası ilə çıxış edir. Giddensə görə, Sağ və Solun ənənəvi antitezisi çağdaş liberal-demokratik cəmiyyətlərin ideoloji səhnəsini təsvir etmək üçün adekvat deyil. Bu cəmiyyətlər çox kompleks “refleksiv modernlik” cəmiyyətləridir. Onlar daha böyük fərdiyyətçilik, insanların ehtiyaclarını təmin etmənin birformalı üslublarını təlqin edən dövlətin rəddi ilə qeyd olunur. Bir vaxtlar, Modernliyin və tərəqqinin öncülü olan, dövlətin həyati yenidən bölüşdürücü rolunun olduğu bir eqalitar cəmiyyət uğrunda mübarizə aparan Sol, bu gün yalnız dövlət tənzimləməsinin minimal olduğu bir rifah cəmiyyətini mühafizə etmək arzusunu ehtiva edir.

Ənənəvi Sağ da tradisional iqtidar və iyerarxiya konseptinə çağırışların Ənənənin gücünü itirdiyi bir cəmiyyətdə heç bir qarşılığının olmamasına görə oxşar çətinliklər ilə üzləşməkdədir. Bu səbəbdən, sağ mühafizəkarlar özlərini “yeni Sağ” neo-liberalları olaraq yenidən biçimləndirməli və ya orqanik, koherant cəmiyyət baxışlarının uğursuzluğa düçar olduğunu qəbul etməlidirlər. Çünki klassik Sağın siyasət və ideologiyalarının əsaslandığı ənənəvi sosial bazalar və siyasi institutlar tamamilə aradan qalxıb. Bu anlamda, Sağ və Solun fövqündəki bir cəmiyyətdə “həyat tərzi siyasəti”, istehlak məsələləri, fərdiyyətçilik və özəl sfera üzərində fokuslanan yeni ideoloji yanaşmaya ehtiyac var. Lakin görünən odur ki, bu neo-proqressivizm neo-liberalizmi tənqidində kəskinlikdən yayınır və daha yumşaq tənqidə yönəlməli olur. Belə ki, mövcud sosial-demokratik formasında sosializm neo-liberal ideyalar və onun dominant çərçivəsinə tabe olub.

Giddens, ənənəsizləşmiş, post-tradisional, Sağ və Sol ideologiyaların fövqündə dörd mühüm məsələdən ibarət radikal bir alternativ təklif edir: Klassik Solun nəzərə almadığı ekoloji perspektivi ehtiva edən “insaniləşdirilmiş təbiət”, post-qıtlıq iqtisadiyyatı, müzakirəçi iqtidar və “dialoji demokratiya”. Post-qıtlıq iqtisadiyyatı ideyası “produktivlik” məqsədinin “produktivizm” məqsədini əvəzləməli olduğuna vurğu edir. Lakin özlüyündə kifayət qədər qeyri-müəyyən və amorf olan bu ideyalar, Sağ və Sol ideologiyaların keçərsizliyini tam əsaslandıra bilməkdən uzaqdır. Bu ideyaların mütləq şəkildə Sağ və Sol ideologiyaların tam uyğunsuzluğu anlamına gəlib-gəlmədiyi aydın deyil. Əslində isə burada təməl problem Sağ və Solun Z.Baumanın “axıcı cəmiyyət” olaraq xarakterizə etdiyi çağdaş cəmiyyətə özünü uyğunlaşdıra bilməsidir. Bu cəmiyyətdə sinif, evlilik, milli dövlət kimi sabit müəyyənlənmiş (fikse) münasibətlər və strukturlar getdikcə axıcılaşır, keçici xarakter alır. 

Nəticə ondan ibarətdir ki, həm qədim, həm də yeni ideologiyaların bir-birinə ehtiyacı var. Birincisinin ehtiyacı uyğunsuzluq, faydasızlıq və deqradasiyadan yayınmaq, ikincisinin isə əsasən identiklik xüsusunda epizodik etiraz hərəkatları kimi məhdudlaşmaya əngəl olmaq üçün. Digər bir ifadə ilə, vurğulanan arqument ona dəlalət edir ki, bir eklektik ideoloji sintez forması yeni sosial hərəkatlar və molekulyar ideologiyalar tərəfindən qaldırılan məsələləri absorbsiya edən ənənəvi sosializmin miqyasını genişləndirməkdədir.

Postmodern əsrdə siyasət və ideologiya arasındakı münasibət olduqca kompleks və analiz edilməsi çətindir. İdeoloji siyasət ideyası cəmiyyəti ideologiyanın ehtiva etdiyi böyük vizyona əsasən biçimləndirməni çağırışdırır. “Axıcı” təbiəti ilə fraqmentasiyaya uğramış cəmiyyət isə gerçəkdən də, ənənəvi Sol və Sağ ideologiyalarda ifadə olunan, Modernizmin böyük ideoloji narrativlərinin əsaslandığı postulatları aradan qaldırır. Bu anlamda, Z.Baumanın fikirləri korrektliyi ilə seçilir: cəmiyyət daxilən bölündükcə və fraqmentarlaşdıqca onun bir siyasi transformasiya amalına yanaşması da skeptikləşir. Bu, çağdaş cəmiyyətlərin üzləşdiyi çox önəmli bir problemdir. Skeptik, axıcı, seçimin çox mühüm rol oynadığı “refleksiv modernləşmə” - liberal-demokratik cəmiyyətlərdə ideologiyaların lüzumsuz kimi görünməsi, siyasi həyatın yoxsullaşması və atrofiyası ideoloji siyasətin zəifliyindən – uğrunda mübarizə aparılacaq bir məqsəd təklif edən genişperspektivli vizyonların çatışmazlığından irəli gəlir.

 

            Ədəbiyyat:

  1. Giddens, Anthony (1998) The Third Way. The Renewal of Social Democracy. Cambridg Giddens, Anthony (ed.) (2003) The Progressive Manifesto. New Ideas for the Centre-Left. Cambridge: Polity.e: Polity.
  2. Gordon, Uri (2007) ‘Anarchism reloaded’, Journal of Political Ideologies, 12(1): 29–48.
  3. Gray, John (1995) Enlightenment’s Wake: Politics and Culture at the Close of the Modern Age. London: Routledge
  4. Bauman, Zygmunt (2000) Liquid Modernity. Cambridge: Polity Press
  5. Benhabib, Seyla (ed.) (1996) Democracy and Difference. Contesting the Boundaries of the Political. Princeton, NJ: Princeton University Press

 

Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.