Yuxarıya
skip to main content

Şərqi belə görək

12.02.2024

Mediada və fikir diskussiyalarında daim qarşımıza çıxan Şərqə qarşı olan bir yanlı münasibətlər sonralar araşdırmalar apardıqca, öyrəndikcə, araşdırdıqca yazı adamlarını utandırmağa başladı.

Şəms Təbrizinin yazdığı bir fikir var: “Şərqin cövhərini görmək üçün bağlı gözləri açmaq və bir az vicdanlı olmaq bəs edir.”

Açıq etiraf edirəm ki, şəxsən mənim Şərqə bağlı 18-19 yaşında duyduğum qıcığın səbəbi məişət səviyyəsindəki bəsitlikləri şişirtməm, mental basqıların heyifini Şərqin kültüründən və fəlsəfəsindən çıxmaq cəhdlərindən başqa bir şey deyildi. Mən onu da yaxşı bilirdim ki, nə qədər Qərbpərəst və ifrat Avropa meyilli adamlar gizli-gizli Şərq peripatetizm fəlsəfəsini oxuyur, İbn Sina, Əl Biruni, Tusi kimi astronomiya və texniki elmlər sahəsində dünyaya əvəzsiz yeniliklər bəxş edən alim-filosofları öyrənirdi.

Bəs Qərbin unudulan qadın filosoflarından başqa, Şərq qadınının mübarizə simvolu haradan başlayır? Şərqə qarşı elmi və kültürəl qeyri-müəyyənliyin ortaya çıxdığı dövrlərdə orientalizm fəlsəfədən ədəbiyyat və incəsənətə sıçradı. Dünya düşüncə sistemini bəsitləşdirən qütbləşmə Şərqə də təsir etdi. Maraqlı olan isə, Şərqçilik və Şərq dünyasına maraq Qərb fikir adamları və Şərq araşdırmaçıları tərəfindən sistemləşdirilərək dünyaya ötürülməyə başlandı. Orientalizmin anlamını dünyaya təqdim edən Eduard Səid bir cümlə ilə orientalizm cəhdlərini belə izah edirdi: “Orientalizm özlüyündə şərqi anlamaq deyil, kult bir şərqçilikdən başqa bir şey deyil.” Eduard Səid orientalist meyilləri hətta Qərbin hiyləsi hesab edirdi. O, bildirirdi ki, şərqçilik özlüyündə müstəqil bir öz fəaliyyətə dayanmalıdır, amma orientalist Qərb düşüncə adamlarının şərqçi tezisləri ancaq bir ideyaya söykənirdi: “Qərb üstündür və Şərqi öyrənmək Qərb üçün lazımlı deyil, maraqlıdır.”

Özəlliklə orta əsrlər İspaniyasında Şərqə böyük ilgi var idi. 1492-ci ildə Qranadanın süqutu ilə ispanca danışan Şərq əsilli etnik Morisko xalqının da unudulması nəticəsində Şərqi öyrənmə cəhdləri tam aradan qalxdı. Əndəlüs kitbabxanalarında çalışan qadınların qalaq-qalaq əl yazmaları və tezisləri isə gələcəyin İspaniya muzeylərinə yadigar qaldı.

Şərqin özündə qadın haqqları və qadının mövqeyi məsələsində o qədər həssaslıq olmadığı çağlarda Qərb araşdırmaçılar Şərq qadınlarının özəlliyini incələyib, fikirlər səsləndirməyə başladı. Məşhur Bayronun Şərq qadınlarının əlamətləri ilə bağlı şeirləri var idi. Amma təəssüfllər olsun ki, Qərbdə qadınların antik dövrdən başladığı fəlsəfi mücadilələr və mübarizə örnəkləri erkən çağlarda Şərq üçün gözlənilməz xarakterdə idi. Orientalizmin ciddi spekuliyasiyalara səbəb olmasından sonra islam Şərqində qadınlar daha ciddi tədqiq olunmağa, onların irəli sürdüyü fikirlər isə yayılmağa başlandı. Keçən il əlimə bir kitab düşmüşdü. Orada qədim Şərqin qadın müəllimələrindən və ideya daşıyıcılarından bəhs olunurdu. Ağlımda qalanlar daha çox əski Misir və Hind düşüncəsində qadınların mövqeyi ilə bağlıdır. Bundan əlavə yaponların sintoist məbədlərində qadınların xüsusi önəm gördüyü vurğulanırdı. Yaponiyada qadınlar arasında “bilici” ləqəbli simalar seçilir və onlar samurayların fikir və məsləhət aldığı obrazlar olmağa başlayır. Lakin, bu günün Şərq tarixində əski dönəmin qadın mübarizə adlarına çox az rast gəlirik. Bu məsələdə qəribə bir “xəsisliyin” olduğu heç şübhəsiz göz önündədir. Orientalizmin saf niyyətinin sonradan istismarla nəticələnməsi ilə Şərqi tədqiq etmək əzabverici bir rola büründü. Alman orientalisti Ulrix Harman bu məsələ üzərinə qeyd edirdi: “1919-cu ilə qədər bizim alman Şərq tədqiqatçıları məsum deyildi və bizim böyük orientalistlərdən olan Karl Henrix Beker siyasi fəaliyyətlərə aludə olmuş vəziyyətdə idi. O, 1914-cü ildə islamın Afrika boyunca ingilislərə qarşı bir qalxan olacağına inanırdı.” Deməli, Şərqi öyrənmək missiyasının kökündə, əslində istismar və talanlar, bir də zəbt olunacaq ərazilərdə yaşayanların psixologiyasını çözmək dururdu.

Şərq fəlsəfi fikirində və mübarizə tarixində Çin qadınları həmişə arxa planda qalırdı. Qaynaqlarda tapılan dəlillər və arxeoloji araşdırmalar sübut etdi ki, Konfusiçiliyin yayılmasında qadın könüllülər ön sıralarda yer almışdı. Bu ənənə daha sonralar dünya sol fəlsəfəsində sağlam bir yer tutan Mao Tszedunun tərəfdarları arasında da özünü göstərdi. Maoçu qadınlar debatlarda fəal iştirak edir, qızğın müzakirələr aparır, amma nədənsə ön sıralara çıxmağa çalışmırdı. Daha sonralar bunun əski bir Çin kültürü ənənəsi olduğu ortaya çıxır. Hind fəlsəfəsində də diqqəti çəkən iki məqam var: bütün yaranan yeni fikir axımlarının ilk ünvanlandığı nöqtə qadınlar olur və qadınlar hind vedalarının təşəkkülündə quruculuq rolunun məsuliyyətini daşıya bilirlər. Şərqin ilk ciddi materialistlərinin yetişdiyi Çarvak-Lokayata təlimini öyrədən, maddəçiliyə söykənən tədris çevrələrində fizika və riyaziyyatı qadınlar öyrədirdi. Himdistanın qadın zirvəsi isə, heç şübhəsiz İndira Qandinin adı ilə bağlıdır. Hindistan dövlətçiliyinin möhürü olan İndira Qandinin tərbiyə mühiti və aldığı təhsil, onun yetişməsində əsas faktor idi. Bütün həyatı mübarizə ilə dolu olan, adına hind qadın mübarizəsinin ilk pillələrində rast gəlinən İndira Qandi Şərq qadının bir dövlətin siması olma reallığını da nümayiş etdirməyi bacardı. Hind vedalarına ifrat bağlılığı ilə seçilən İndira Qandi söyləyirdi ki, bizim fəzilətimiz və fəlsəfəmiz vedalarda gizlənmişdir. Hind brahmanlarını ” toplumun həyatını aydınlandıran bilginlər” kimi dəyərləndiridi İndira Qandi. O, yalnız mübarizənin və siyasətin adı deyil, həm də Şərq fəlsəfəsinin modern qadın” canlanmasının” siması olmağı bacara bildi. İndira Qandi həmçinin Oksford kimi nüfuzlu təhsil qurumunda təhsil alan çox az sayılı Şərq qadınlarındandır.

Rəhbərliyə gəldiyi sonrakı illərdə atdığı sərt addımlarla da yaddaşlara iz qoymağı bacarmışdı. İndira Qandinin mənə görə, neqativ tərəfi həm əks fikirli və sağ mərkəzçi qüvvələri həbs etdirməsi, həm də senzuranı Hindistanda heç olmayacağı qədər gücləndirməs idi. Ancaq bir qadın kimi onun ən ciddi uğuru xarici siyasətlə bağlı idi. Çünki İndira Qandi Şərqi Pakistandakı ayaqlanmanı dəstəkləməyi ilə müstəqil Banqladeşin yaranmasına ciddi töhfə vermişdi. Bütün bunlara baxmayaraq, sui-qəsdə məruz qalan İndira Qandi həyatını itirdi. İndira Qandinin adı ilə bağlı olan fikirlər bu gün üçün də öz aktuallığını qoruya bilir.

Məsələn, onun ən sevilən sitatı budur : “Aludəçiliklərinizə diqqət edin, sonra dəyərləriniz olacaq, dəyərlənizə diqqət etməyəndə sizin xarakterinizə çevriləcək və xarakteriniz də daha sonra sizin taleyiniz olacaq”. Feodal sistemə qarşı çıxan cəsur Şərq qadınlarından biri də Bənazir Butto idi, şübhəsiz. Müşərrəfin embarqoları üzünən ölkəni tərk etsə də, daha sonra Pakistana geri döndü. Bənazir də Qandi kimi Oksfordu bitirmişdi. Bundan başqa Harvardda da təhsil alır. Buttonun bütün həyatı siyasi qalmaqallarla və çevriliş cəhdləri ilə doludur. Bundan başqa, o insan azadlığı faktoruna çox diqqət edirdi. Elə Pəncabda başlayan ilk anti Butto çağırışlarına da səbəb olan onun yerli feodal mülkiyyətçilərin talanına qarşı olması idi.

Misirdə Mursi xuntasına qarşı qiyam edən sosial kütlənin qaldırdığı Rabia işarsəi indi o coğrafiyada əsas mübarizə simvoludur. Rabia işarəsi sufi filosof qadın Rəbiyyə Əl Ədəviyyənin adı ilə bağlıdır. Sufizimin asketik qanadının ən güclü qadın dayağı olan və ifrat sufizm dedikdə ağıla gələn ilk qadın filosofdur Rəbiyyə Əl Ədəviyyə. İfrat və asketik həyat təzi keçirən Rəbiyyə “eşqin ilahi məcrasını” Allaha olan bağlılıqda görürdü. Həyat nemətlərini küçümsəyən, dünyadakı ədalətsizlikləri anlamayan, insanların ədalətsizliyindən bezərək, dərvişanə həyatı seçən Rəbiyyənin gəzdiyi yerlərdə çoxlu tərəfdarları oldu. Rəbiyyə Əl Ədəviyyə sufizm fəlsəfəsində öz dəsti-xəttini yaratdı. O ancaq Allah eşqini müdafiə edir və deyirdi: “Həyat o qədər fani və ansızdır ki, bu ani olan dünya məni əbədi olan eşqdən ayıra bilmədi .” Rəbiyyə Əl Ədəviyyənin keçdiyi asketik sufi həyat tərzi və ölümü onu bu gün müsəlman şərqində mübarizənin, əzmkarlığın simvoluna çevirdi.

Modern dövrün islam mübariz qadınlarından biri də Zeynəb Qəzali idi. Misirin kasıb əyalətində dünyaya gələn Zeynəb Qəzali 12 yaşına kimi yetim böyüdü. Ailəsi onun təhsil almasına qarşı olsa da o qızların oxuya biləcəyi bir məktəb eşidir həmyaşıdlrından və ailəsini razı salmağı bacarır. Bu qızın təfəkkürü o qədər işıqlı olur ki, bir ay sonra imtahan verərək sinifi keçir. Daha sonra lisey bitirən Zeynəb Qərb yönlü bir qadınlar təşkilatında işləməyə başlayır. Həmin təşkilatın rəhbəri isə müsəlman qadınların avropalaşmasını müdafiə edən Hüda Şəravi idi. Ancaq Zeynəb təşkilatda çalışsa da, onların fikirlərini bölüşmür və hətta Şəravinin onu təhsil üçün Fransaya göndərmə fikirindən də yan keçir. Zeynəb Qəzali özü daha sonra “Müsəlman Qadınlar Birliyi” qurur və hətta dərgi də çıxarmağa başlayır. Daha sonra müsəlman qardaşlarına qoşulan Zeynəb Qəzali dəfələrlə həbsə və məhrumiyyətlərə düçar olur.

Qadınların Şərqdəki feminist cəhdlərinə İran və İndonezyada rast gəlinir. 2008-ci ildə İranda yasaqlanan “Zənən”, daha sonra isə İndonezyada “Svara Rəhimə” dərgiləri qadın haqqları müdafiəçilərinin əsas yığıncaq orqanları idi.

Şərqin qadın filosofları arasında xüsusən indiki 50 türk lirəsinin üzərində yer alan Fatma Aliyənin də adı qeyd olunmalıdır. 20-ci əsrin əvvəllərində qadınlarla bağlı ciddi cəhdləri olmuş və qadınların hüquq və təhsil problemlərindən bəhs edən yazılar yayımlamağa başlamışdı.

Şərqin qadın fikiri yaddaşlarda qalmağı bacardı.

Şərqi zülmətdə görənlərə ən yaxşı cavab sadaladığımız qadınların varlığıdır.

 

Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır