STM-in baş məsləhətçisi “Milli mənəvi dəyərlərin təbliği: Gənclərimizə nəyi öyrədək?” mövzusu ətrafında keçirilən tədbirdə çıxış edib
“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli: Keçmişdən gələcəyə” layihəsi çərçivəsində “Milli mənəvi dəyərlərin təbliği: Gənclərimizə nəyi öyrədək?” mövzusunda tədbir keçirib.
Təşkilatın sədri Ramiz Cürənov deyib ki, layihənin məqsədi gəncləri milli mənəvi dəyərlər və ailə dəyərləri ilə bağlı maarfləndirməkdir. O, layihə çərçivəsində görülən işlər, layihə çərçivəsində hazırlanan “Milli mənəvi dəyərlərin təbliği: Gənclərimizə nəyi öyrədək?” sərlövhəli yazı barədə məlumat verib. Təşkilatın sədri qeyd edib ki, gənclərimizə milli mənəvi dəyərlərin təbliği vacibdir və “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi də bu yöndə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir.
“Gənclərimizə nəyi öyrədək?” mövzusunda çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Sübhan Padarov qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzinin Azərbaycan gəncliyinin həyat tərzi və sosial-ictimai aktivliyi ilə bağlı tədqiqatı yekunlaşıb, və artıq son mərhələdədir. Bu, Sosial Tədqiqatlar Mərkəzinin 5 illik fəaliyyətində ən böyük hesabatı olacaq və ictimaiyyətə təqdim ediləcək. Sübhan Padarov bildirib ki, ümumiyyətlə, dünyada gəncliyin ən önəmli problemi öz kültürünə yadlaşmasıdır. Mentalitetlə bağlı məsələlərə diqqət çəkən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi müəyyən adət-ənənələrin artıq istehlak müddətini bitirdiyini, lakin bunun bütövlükdə mentallığımızdan imtina anlamına gəlməməli olduğunu söyləyib. Efir məkanında boşluqlara diqqət çəkən Sübhan Padarov virtual məkanın, sosial şəbəkələrin gənclərə təsirindən söz açıb. Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Vətən müharibəsindən sonra ədiblərin, musiqiçilərin fundamental əsərlər ortaya qoymasını, gəncliyə yön verilməsini vacib sayıb.
O həmçinin gəncliyin zövqlər, tərzlər və düşüncələrinin homogenləşməsinə, bu xüsusda bir “amerikanlaşma” fenomeninə, gənclər siyasətindəki ideoloji boşluğa, bölgələrdə bir peşəyə yiyələnə bilməyən işsiz gənclərin radikal dini təriqət və sektalara cəlb olunması probleminə, o cümlədən qlobal anlamda Z nəslinin müsbət və mənfi səciyyələrinə diqqət çəkib.