Sosial Tədqiqatlar Mərkəzi yeni sorğu keçirib
Sosial Tədqiqatlar Mərkəzinin ötən il keçirdiyi ictimai rəy sorğusu çərçivəsində cəmiyyətin hansı ölkələri dost, hansı ölkələri dost olmayan ölkə kimi gördükləri barədə fikirlərini öyrənib. Nəticələrə görə, Azərbaycan cəmiyyəti üçün dost ölkələr sırasında ilk yerdə Türkiyə qərarlaşıb. Belə ki, respondentlərin 96.4%-i Türkiyəni dost ölkə olaraq xarakterizə edib. Ardıcıllıq üzrə növbəti sıralarda Pakistan və digər ölkələrin adları çəkilib.
Xatırladaq ki, 2022-ci ildə keçirilmiş rəy sorğuları zamanı da respondentlərin mütləq əksəriyyəti Türkiyəni dost ölkələr arasında ilk sırada görüb və növbəti ölkələr üzrə ardıcıllıq eyni olaraq qalıb.
Sorğular 2023-cü ilin 25-28 noyabr tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonları istisna olmaqla, 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.
Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.