Yuxarıya
skip to main content

STM yeni sorğu keçirdi

17.01.2024

Sosial Tədqiqatlar Mərkəzi 5 ilə yaxınlaşan fəaliyyəti ərzində dövrün aktual ictimai-siyasi, sosial-iqtisadi mövzuları üzrə ictimai rəyin öyrənilməsi məqsədilə 100-dən yuxarı sosioloji sorğu həyata keçirib, sorğularda ümumilikdə 80 mindən çox vətəndaş iştirak edib. Sorğular sözügedən istiqamətlərdə ictimai rəyin dinamikasını, ümumi tendensiyaları müəyyən etmək və müvafiq dövlət siyasətinin formalaşdırılmasına töhfə vermək məqsədi daşıyıb.

STM-in sosioloji sorğularla yanaşı, beyin mərkəzi statusunda hazırladığı çoxsaylı təhlil sənədləri elmi tədqiqatların idarəetmə prosesini daha səmərəli edəcəyi ideyasına əsaslanır. Belə ki, beyin mərkəzlərinin rasional idarəetmədə müstəsna rolu dünyada XX əsrin əvvəlindən ənənə formalaşdırıb, strateji araşdırmalar “soyuq müharibə” dövründə renessans mərhələsini keçib və 90-cı illərdə yaradılan beyin mərkəzlərinin sayı kulminasiya nöqtəsinə çatıb. STM və digər analoji qurumlar hazırda ölkənin aparıcı beyin mərkəzləri olaraq, bu missiyanı uğurla yerinə yetirməyə çalışır.

STM-in növbəti sorğusunda dövlətin siyasət və qərarlarının hazırlanmasında vətəndaş rəyinin nəzərə alınmasına ictimai münasibət öyrənilib. “Sizcə, dövlətin siyasət və qərarlarının formalaşmasında ictimai rəyin nəzərə alınması zəruridirmi?” sualına respondentlərin 90,3%-i “bəli, zəruridir”, 7,4%-i “xeyr, zəruri deyil” cavabını verib. Respondentlərin 2,3%-i fikir bildirməkdə çətinlik çəkib.

İctimai rəyin nəzərə alınmasının zəruriliyi respondentlərin sosial-demoqrafik məlumatlarından, onların cinsindən, yaşından, təhsil səviyyəsindən və məşğulluq vəziyyətindən asılı olmayaraq, mütləq əksəriyyəti tərəfindən ifadə olunub.

Qeyd edək ki, sorğular 2023-cü ilin 25-28 noyabr tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonları istisna olmaqla, 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğularda anonimlik təmin edilib. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.