Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Azərbaycanda ilk sosioloji anlayışlar kitabı dərc olundu
Azərbaycanda sosial bilik sahəsində maariflənmə və yeni konseptual anlayışları ölkənin elmi müzakirələrinə daxil etmək məqsədilə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən ilk dəfə olaraq 70 sosioloji anlayışı əhatə edən kitab çap edilmişdir.
Sürətlə dəyişən müasir dünyanın tədqiqi və dərk olunması daim yenilənən anlayışların inkişaf etdirilməsini tələb edir. E. Giddens və F.Sattonun müəllifləri olduğu “Sosiologiyada əsas anlayışlar” kitabı sosiologiya elminin yetmiş anlayışını əhatə edir. Hazırda sosiologiya nəzəriyyəsi çoxşaxəlidir, olduqca geniş məsələlər dairəsini əhatə edir və cəmiyyəti dərk etmək üçün zəngin tədqiqat metodlarını cəlb etməkdədir. Bu isə dünyanı anlamaq və izah etmək cəhdlərinin nəticəsi, bizə məlum olan anlayışların təftişi və yenilərinin yaradılması zərurəti deməkdir. Bu kitab həm elmdə öz yerini tutmuş, həm də yeni yaranmış anlayışları ehtiva edir.
Onların arasında zamanın sınağından keçənlər də var, məsələn: “iqtidar”, “sinif”, “ideologiya”, “cəmiyyət”, “mədəniyyət”. Bu anlayışlar sosiologiya tarixində geniş istifadə olunub. Onlar indi də diskussiyaları stimullaşdıraraq, bir sıra tədqiqat layihələrini istiqamətləndirirlər. Digər anlayışlar – “gender”, “istehlakçılıq”, “identiklik”, “həyat yolu” uzun tarixə malik olmasalar da, onların sosiologiyada rolu getdikcə artmaqdadır.
Ənənəvi lüğət tipli kitablardan fərqli olaraq burda anlayışların işçi tərifi və mənası ilə yanaşı, inkişaf tarixi, tənqidə məruz qalan tərəfləri və bütün tənqidlərə baxmayaraq, aktuallıq kəsb edən cəhətləri təqdim edilir. Kitabı xüsusilə dəyərli edən odur ki, belə təqdimat forması sosioloji anlayışların mövcud təsbitlərinin mütləq olmaması, konsepsiyaların ziddiyətliyi və qarşıdurmasının qanunauyğunluğu ideyasını ehtiva edir.
“Sosiologiyada əsas anlayışlar” kitabı sosioloqlar, sosial elmlərin digər sahələri üzrə mütəxəssis və tələbələr, habelə müasir dünyanı daha dərindən öyrənməyə çalışan geniş oxucu dairəsi üçün nəzərdə tutulub. Kitab Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə və baş məsləhətçi Sübhan Padarov tərəfindən tərcümə edilib. Tərcümənin redaktoru H. Axundzadədir.
Kitabın tərcüməsi və nəşri Sosial Tədqiqatlar Mərkəzinin təşəbbüsü olaraq, “Polity Press” Nəşriyyatı ilə P14134 saylı razılaşması əsasında həyata keçirilib. Tərcümə Giddens A., Sutton P. Essential Concepts in Sociology. Second Edition (Polity Press, 2017) nəşrinə əsaslanır.