Dünyada insanlar iqlim dəyişikliyi ilə bağlı nə düşünürlər?
“Ipsos” tədqiqatlar mərkəzi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı (COP28) işə başlamazdan öncə insanların iqlim dəyişikliyi ilə bağlı düşüncələrini, yanaşmalarını öyrənib. Konfrans 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. Konfransın açılışı noyabrın 30-da baş tutub və dekabrın 12-dək davam edəcək.
22 sentyabr 6 oktyabr tarixləri arasında keçirilən sorğunun nəticələrinə görə isə 31 ölkədən respondentlərin əksəriyyəti (57%-i) artıq yaşadıqları yerdə iqlim dəyişikliyinin ciddi təsirinin şahidi olub. İqlim dəyişikliyinin ən yüksək təsiri Meksika (81%), Braziliya (79%) və Türkiyədə (79%) qeydə alınıb. Ən çox Latın Amerikası ölkələrində insanlar iqlim dəyişikliyindən narahatdırlar.
Sorğuda iştirak edənlərin 38%-i bildirib ki, yaxın 25 ildə onlar iqlim dəyişikliyinin təsirləri səbəbindən yaşadıqları yeri tərk edəcəklər. Bununla bağlı ən yüksək narahatlıq Türkiyə (68%) və Braziliyadadır (61%).
Qlobal miqyasda insanlar əllərində olan məlumatların düzgün addımlar atmağa kömək etmək üçün kifayət olduğuna inanmırlar.
On nəfərdən altısı (59%) bildirir ki, onların höküməti iqlim dəyişikliyi ilə mübarizə barədə yetərincə məlumat vermir. Qlobal miqyasda vətəndaşların üçdə birindən bir qədər çoxu (36%) hökumətlərinin iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün çox çalışdığına inanır. 31 ölkədən 21-də əhalinin yarısından çoxu deyir ki, onların hökuməti iqlim dəyişikliyi ilə mübarizə üçün kifayət qədər səy göstərmir, hətta heç nə etmir. Argentinada vətəndaşların təxminən 9%-i hökumətin bu məsələ üzərində çox çalışdığını düşünür. Peruda (13%) və Yaponiyada (19%) insanlar da bununla bağlı administrasiyalarına aşağı qiymət verirlər.
Respondentlərin 42%-i hesab edir ki, media iqlim dəyişikliyinin nəticələrini lazımi səviyyədə qiymətləndirmir, 22%-i isə şişirtdiklərini qeyd edir. Latın Amerikasında medianın təsiri lazımi səviyyədə qiymətləndirməməsi daha çox düşünülür.
Tənqid təkcə media və hökümətləri əhatə etmir. Sorğuda iştirak edənlərin 59%-i öz ölkələrində müəssisələrin iqlim dəyişikliyi ilə mübarizə üçün yetərincə çalışmadıqlarını ifadə edirlər. Respondentlərin 32%-i onların bu istiqamətdə çox çalışdığını qeyd edir. Qlobal miqyasda respondentlərin 71%-i heç olmasa arabir bizneslərin real dəyişiklik etmədən ətraf mühitə dair iddialardan istifadə etdiyini düşünür. Müəssisələrin bunu tez-tez və ya həmişə etdiyini düşünənlərin göstəricisi 37%-dir.
Bununla belə, vətəndaşlar özləri də iqlim dəyişikliyi ilə mübarizə üçün kifayət qədər iş görmədiklərini hiss edirlər. Respondentlərin 59%-i öz ölkələrində insanların bu mövzuda yetərincə, ya da heç çalışmadığını bildirirlər. Peru (79%), Argentina( 77%) və Kolumbiyada bu düşüncədə olanlar daha çoxdur.
İqlim dəyişikliyinin növbəti on il ərzində yaşadıqları əraziyə ciddi təsir göstərəcəyini düşünənlərin nisbəti isə 71%-dir.
Qeyd edək ki, mövzunun aktuallığını nəzərə alaraq Sosial Tədqiqatlar Mərkəzi də oktyabr ayında iqlim dəyişikliyi ilə bağlı sorğunun nəticələrini təqdim edib. Sorğunun nəticələrinə əsasən, iqlim böhranının qarşısıalınmaz təbii fəlakətlərə gətirəcəyini düşünənlər çoxluq təşkil edir (55,8%).
Şəfanə İbrahimova
BDU-nun jurnalistika fakültəsini həm bakalavr, həm də magistr pilləsi üzrə bitirib. Müxtəlif media orqanlarında jurnalist kimi çalışıb. Hazırda Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edir.