Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq elmi konfrans keçirilib
Bakıda Sosial Tədqiqatlar Mərkəzi, Azərbaycan Universiteti, Türkiyənin Sakarya Universiteti, ABŞ-ın Vaşinqton Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Social Work & Social Research” (Sosial İş və Sosial Tədqiqat) beynəlxalq elmi konfransı işə başlayıb.
Təşkil olunan ikigünlük konfransda böhran dövründə sosial iş təcrübəsi, sosial iş təhsilinin inkişafı, bu sahədə beynəlxalq standartların yaradılması, həssas qrupların sosial müdafiəsi və bu kimi digər məsələlər diqqət mərkəzində olacaq və fikir mübadiləsi aparılacaq.
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva açılış nitqi ilə çıxış edərək bildirib ki, konfransın mövzusu təsadüfi seçilməyib. Sosial işin təşkili sahəsində kadr hazırlığı və elmi tədqiqatın təşviqi rəhbərlik etdiyi ali təhsil müəssisəsi üçün prioritet istiqamətlərdən biridir.
Açılış mərasimində ABŞ-ın Vaşinqton Universitetinin professoru Michael Sherraden, Sosial Tədqiqatlar Mərkəzinin direktoru, millət vəkili Zahid Oruc, Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Nazgul Sagindykova, çıxış edən millət vəkilləri, dövlət rəsmiləri və qonaqlar konfransı sosial siyasət və sosial iş sahəsindəki aktual məsələlərin müzakirəsində mühüm addım və platforma kimi qiymətləndiriblər.
Açılışın ardından konfransın işi plenar iclas ilə davam edib. ABŞ-ın Sent Luis və Vaşinqton universitetlərinin professoru Jin Huang “Maliyyə bacarıqları və aktivlərin inkişafı: sosial işçilər üçün təhsil və təcrübə”, Çinin Mərkəzi Maliyyə və İqtisadiyyat Universitetinin professoru Shu Fang “Çində maliyyə bacarıqları və sosial iş” və ABŞ-ın Vaşinqton Universitetinin Braun Sosial iş və ictimai səhiyyə fakültəsinin müəllimi, Sosial İnkişaf Mərkəzinin həmdirektoru Lissa Johnson “ABŞ-da maliyyə bacarıqları və sosial iş” mövzularında məruzə ediblər.
Konfransa dünyanın 32 ölkəsindən 156 məruzə qəbul edilib. Hibrid formada təşkil olunan konfransın işçi dili ingilis dilidir. 10-dan çox ölkədən konfransın mövzusu üzrə dünyanın ən tanınmış 40-a qədər alimi “in person” iştirakını təsdiq edib. Zoom platforması vasitəsilə isə 40-a yaxın ölkədən iştirakçı konfransın işinə qoşulacaq. Konfransın plenar məruzəçiləri mövzu üzrə dünyanın ən tanınmış alimləridir.
Konfrans materialları Web of Science və Scopus bazalarında indekslənmək üçün təqdim ediləcək. 22-23 noyabr 2024-cü il tarixlərində ikinci “Social Work & Social Research konfransının keçirilməsi nəzərdə tutulur.
Konfransda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin Sədri Zahid Oruc da çıxış edib.
Çıxışın mətnini təqdim edirik :
Zahid Oruc:” Qarabağ Universitetini beynəlxalq elmi tədqiqatların məkanına çevirmək üçün ”..
Zəfər ayında-noyabrda ölkəmizin həyatında parlaq hadisələrin, təntənəli hərbi parad və mərasimlərin, silsilə tədbir və görüşlərin, o cümlədən, beynəlxalq elmi konfransların keçirilməsi Vətən müharibəsində Qələbəmizin möhkəmlənməsinə xidmət edən mühüm milli hadisələrdir. Biz xalqımızla birlikdə yeni siyasi təqvimin unudulmaz günlərini yaşayırıq və son 30 ildə Azərbaycanın apardığı haqq savaşında elm xadimlərimiz, görkəmli alim və ziyalılarımız, düşüncə və fikir adamlarımız qələmlərilə, zəkaları ilə mübarizənin ön cəbhəsində gedərək, millətimizin mənəvi və intellektual səfərbərliyində mühüm rol oynayıblar.
Nəhayət, 3 il əvvəl aparılan 44 günlük müqəddəs müharibə elmi-texniki tərəqqinin son nailiyyətləri, 5-ci nəsil texnologiyalarının həlledici rolu ilə gerçəkləşib, bir sözlə alimlər, məktəblər və universitetlərin böyük insan-yaradıcı resurslarının hamısı düşmən üzərində Qələbəyə töhfə verib. 90-cı illərdən fərqli olaraq, azərbaycanlı alimlər düşmənin mifologiya, ədəbiyyat, kitab arsenalı və işğalçılığı ideologiyalaşdıran təhsil ocaqlarına qalib gəldilər. Elmi və tarixi həqiqətlərdən məhrum olan “Ocaq” əsərinin məğlubiyyətinin səbəbi budur.
Ölkəmizin ali təhsil ocaqları sırasında mühüm yer tutan Azərbaycan Universiteti, Amerikanın Sent-Lüis İnstitutu, qardaş Türkiyənin Sakarya Universiteti və təmsil etdiyim Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən hazırki əhəmiyyətli tədbirdə qalib alim və ziyalılarımızı bir daha ürəkdən təbrik edir, onlara zəka savaşında xüsusi təyinatlı ordumuz kimi uğurlar arzulayırıq.
Beynəlxalq konfransın Ulu öndərin anadan olmasının 100 illik yubileyində keçirilməsi müəllimi, məktəbi, təhsili millət quruculuğunun müqəddəs yolu kimi uca tutan parlaq siyasi şəxsiyyətin ideallarının gerçəkləşməsidir. Bir əsr yaşı olan Heydər Əliyevin həyatı elmi fikrin ən yüksək zirvəsidir. Ulu öndər Dövlət Akademiyasının Bir Nömrəli Alimidir. Ona görə də İlham Əliyevin 20 illik mübarizəsi hərbi Zəfərə gətirib çıxardı. Ölkə başçısı hakimiyyət estafetini qəbul edərkən, elmə və alimə dəyər verən döclət siyasətinə sahib çıxaraq, dedi, sitat: “müxtəlif ölkələrin tarixinə, keçmişinə, təcrübəsinə nəzər salaraq görürük ki, ölkənin potensialını elmin inkişafı müəyyən edir...: “nə təbii ehtiyatlar, nə coğrafi vəziyyət deyil, məhz intellektual potensial, elmin səviyyəsi o ölkələri tərəqqiyə və inkişafa gətirir”. Gerçəkdən, elm sərvəti tükənməzdir.
Konfransın gündəliyi, “Sosial iş və Sosial tədqiqatlar” mövzusu ilə bağlı rəydən əvvəl dövlətin evolyusiyasına dair tarixi bir fikri xatırlatmaq yerinə düşər. Tomas Hobs dövləti “ictimai müqavilə” hadisəsi hesab edirdi, yəni, vətəndaşlar öz aralarında razılığa gələrək dövləti təsis edirlər. Bolşevik inqilabının rəhbəri Vladimir Leninsə, dövləti cəbr hadisəsi adlandırır, insanlarla hesab çəkən sərt quruluşa üstünlük verirdi. 6 fevral 2014-cü il tarixli respublika müşavirəsində idarəetməyə daha yüksək ideallarla yanaşan İlham Əliyevsə belə dedi: ”dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm”. Göründüyü kimi, ölkənin Birinci Şəxsi konstitusion vəzifələrini, ali statusunu millətinə sosial xidmətçi kimi şərəf və ləyaqətlə çalışmaqda görür.
Hörmətli dostlar, ölkəmizdə 2005-ci ildə təhsilin magistratura, 2008-ci ildə isə bakalavr pilləsində sosial işçi mütəxəssisi hazırlığına başlanılıb. Hazırda respublikamızın 10-dan çox ali təhsil ocağında sosial işçi proqramı yerinə yetirilir. Müvafiq hüquqi bazada-“Sosial xidmət haqqında” qanunda mütəxəssis hazırlığı 4 illik ali təhsillə aparılır. Hər il Azərbaycan Universitetinə bakalavr təhsili üzrə sosial iş ixtisasına 120, Bakı Dövlət Universitetinə 100, magistraturaya hər birində 10-dan çox tələbə qəbul edilir. Bir çox universitetlər Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyasına (SİMBA- IASSW ) üzv olublar.
Əlbəttə, ölkəmizdə Vətən müharibəsi iştirakçıları, yaralı və şəhid, eləcə də aztəminatlı ailələrə qulluğa qədər geniş spektrdə fəaliyyət göstərən sosial işçilərə dərin ehtiyac var. Fikrimizcə, Hərbi sosial işçilərin hazırlanması dövlət və özəl sektorun qarşısında duran ən mühüm vəzifədir. 30 ildə iki müharibədən keçən xalqımıza xidmət üçün on minlərlə peşəkar mütəxxəsis gərəkdir.
İndi Böyük Qayıdış qarşısındayıq. 30 ildən sonra doğma torpaqlarına dönən hər bir ailə ilə yaxından çalışmaq, onların dayanıqlı məskunluğunu təmin etmək və dağıdılmış ərazilərdə həyatı canlandırmaq ordumuzun işi qədər müqəddəsdir. Biz postmüharibə sindromunu-amansız savaşdan sabit həyata dönüşün çətinliiyni yaşayan Birləşmiş Ştatlar, yaxud Almaniyanın təcrübəsində olduğu kimi, ölkəmizdə də özünə qəsd edən hər bir əsgər və zabiti necə qoruyacağımızın yollarını tapmalıyıq. İndi ata-baba yurduna qayıdan insanları müxtəlif mənəvi-psixolji, o cümlədən mədəni və sosial qayğı ilə əhatə etməsək, düşmən hər gün mina, məmur diqqətsilziyi, kommunikasiya boşluğunu ələ alıb Qayıdışa qarşı təxribatlarını gücləndirəcəklər. Universitetlərimiz, ali təhsil ocaqlarımız millətimizin qabaqcıl qüvvələridir. Uzun on illər təkcə ölkəmizdə deyil, həm də beynəlxalq miqyasda Heydər Əliyev Fondu ən böyük sosial xidmətçi olduğunu sübuta yetirib.
Bir neçə kəlmə də sosial tədqiqatlar haqqında. Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə Yeni Hakimiyyət quruculuğu çərçivəsində idarəemə sistemində genişmiyqaslı struktur və kadr dəyişikləri həyata keçirildi. İndi, 5 il sonra tam məsuliyyətlə demək olar ki, həmin islahatlar Vətən müharibəsində siyasi elitanın monolitliyi, qərarqəbuletmənin çevikliyi və dövlət-ordu-millət birliyində müstəsna rol oynadı.Təmsil etdiyim Mərkəzin yaradılması həmin siyasətin nəticəsi idi, belə ki, ictimai rəyin öyərinlməsi, DATA- ya söykənən, bir sözlə tədqiqat əsaslı idarəetmə dövlətimizin Yeni Kursuna çevrildi.
Ona görə də beynəlxalq meyarlara cavab verən beyin mərkəzini qurmağa çalışdıq. Əlbəttə, cəmiyyətimizi kənardan öyrənən bir çox sıra xarici kəşfiyyat və siyasi mərkəzlər təkcə hərbi meydanlarda deyil, eləcə də milli gündəliyə aid bütün sferalarda dərin təhlil və hesabatlar apararaq, xalqımızı parçalamağa, onu strateji hədəflərindən yayındırmağa çalışır. Hərbi Qələbəmiz həm bir universitetin, məktəb və müəllimin, o cümlədən, yeni siyasi institutların qələbəsi olmaqla, hər birinin qarşısında mühüm vəzifələr qoyur.
Sosial Tədqiqatlar Mərkəzi 5 ildə 100 minə yaxın respondenti əhatə edən sorğular keçirdi, 40-dan artıq tədqiqat layihələri və nəşrləri, o cümlədən 10 kitab və digər intellektual məhsulları dövlətimizə və ictimaiyyətə təqdim etdi. Biz onlardan yalnız bir neçəsinin, “Azərbaycan ailəsi və uşaqlarının sosial portreti”, “Kibercinaykarlıq və kibertəhlükəsizlik”, Azərbaycan gəncliyi:” dəyərləri, həyat tərzi və ictimai-siyasi aktivliyi” tədqiqatlarını əhəmiyyətini qeyd etmək istərdik. Nəinki bir Mərkəzin, bütövlükdə elmi tədqiqat institutlarının yaradıcılığında parlaq yer tutan “Böyük Qayıdış” sorğu-hesabatı məcburi köçkünlərin hansı təminatlar altında evlərinə dönəcəyini sistemli və beynəlxalq meyarlar əsasında tədqiq edir. Bəli, Qayıdış tədqiqat əsəri 21-ci əsrdə təkdir, müstəsnadır, çünki 30 ildən sonra savaşaraq öz torpaqlarına qayıdan xalq nümunəsi yoxdur.
Biz konfransın tribunasını və audoriyasını nəzərə alaraq, təkcə bir ölkənin-Avropada orta inkişaf göstəricisinə malik İrlandiyanın nümunəsində ölkəmizdə elmi tədqiqatlara ayrılan vəsaitlərin bir neçə artırılmasını təklif etmək istərdik. Məsələn, əhalisi 5 milyondan bir qədər çox, ÜDM-i 633 miliyard dollar olan İrlandiyada R və D xərcləri 2021-ci ildə 4,6 milyard avro təşkil edib. İqtisadiyyatın bütün sektorları üzrə R and D sahəsində çalışanlar 34 min nəfər olub, onlardan 59%-i biznes sferasında çalışıb, 54%-ni kişilər təşkil edib. Biz dövlət və özəl sektorun maliyyələşmədəki çəkisi, OECD ölkələri ilə müqayislə təhlillərini də nəzərə alaraq, ölkəmizdə bütün tədqiqatçıların, onların çalışdıqları əsas sahələrin, ayrılan maliyyyə vəsaitlərinin son 10 illik dinamikası və digər parametrləri əsasında mötəbər DATA bazanın yaradılmasını vacib sayırıq.
İkinci təklif, prezidentin 2022-ci ildə imzladığı “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələrək, ölkəmizdə tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında 2 tədqiqat universitetinin yaradılmasını sürətləndirməyi, ali məktəblərin yeni elmi tədqiqat ənənəsinin artırılmasını, qabaqcıl elmi-tədqiqat nəşrlərində aktiv iştirakını Zəfərimizi möhkəmləndirən mühüm vəzifə sayaraq, sahə nazirliklərinin gecikmədən çalışmaya dəvət edirik.
Nəhayət, yaxın gələcəkdə yaradılacaq, Qarabağ Universitetini beynəlxalq elmi tədqiqatların məkanına çevirmək və Qafqazın Harvardı statusuna yüksəltmək üçün aparıcı xarici universitetlərinin elmi və alim potensialından istifadəyə dair qərarların qəbulunu vacib sayırıq.
Sonda bir daha konfransın işinə uğurlar arzulayır, hər birinizə can-sağlığı diləyirik.