Texnologiya dövründə informasiyanın həcmi və informasiya platformalarının sayı sürətlə artır. İnformasiya mənbələrində və istifadəçi sayındakı intensiv artım, etibarlı informasiyaya çıxış imkanlarını aktuallaşdırır. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən bu istiqamətdə keçirilən ictimai rəy sorğusu insanların gündəlik əsas məlumat mənbələrini öyrənməyə imkan verib. Nəticələrə görə, respondentlərin 55,7%-i məlumatları sosial şəbəkədən, 45,3%-i televiziyadan, 30,7%-i internet xəbər saytlarından, 12,5%-i yaxın ətrafdan aldığını bildirib. Respondentlərin rəylərində növbəti sıralarda qəzet, jurnal (2,3%), radio (1,8%) və digər informasiya mənbələri (0,5%) yer alıb.
“Sosial şəbəkələrdən aldığınız məlumatın doğruluğunu yoxlayırsınızmı?” sualına cavab olaraq, respondentlərin 26,8%-i yoxladığını, 67,2%-i buna ehtiyac görmədiyini bildirib. Respondentlərin 6,0%-i bu barədə hər hansı fikir bildirməyib.
Sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 12 – 16 oktyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 384 respondent iştirak edib. Sorğuda 12 iqtisadi rayon əhatə olunub. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub.
Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.