Yuxarıya
skip to main content

Uşaqlarımızın izlədiyi cizgi filmləri - (İkinci Hissə)

09.01.2020

Ekranların başqa bir təsiri Fotosensitiv Epilepsiya xəstəsi olan uşaqlar üzərində reallaşır. Bu, ifrat dərəcədə çox işığa verilən reaksiya nəticəsində bədənin kəskin paroksizm və konvulsiya yaşamasına verilən addır. Oyunlardakı və cizgi filmlərində vizual effektlərin çoxluğunu özündə əks etdirən “Pokemon” adlı cizgi filmin ortaya çıxması (1997-ci ildə) bu xəstəliyin dominant nümayişində həlledici rol oynadı. Bu cizgi filmində yanıb-sönən, qırmızı, mavi rəngli effektlərdən, gərgin və ani rəng dəyişmələri və parlamalarından neqativ təsirlənən 700-ə yaxın uşaq xəstəxanaların təcili yardımlarına müraciət etmişdi. Bu uşaqların “fotosensitiv epilepsiya” xəstəsi olduqları, onların izlədiyi oyun və ya cizgi filmlərinin həmin xəstəliyə daha da impuls verdiyi bildirilib.

           

Ekspertlər bildirir ki, zorakılıq ilə dolu cizgi filmlərini izləyən uşaqlar əsəbi, aqressiv və davakar olurlar. Onlar eyni zamanda söz dinləməz, inadkar və səbrsiz olaraq yetişirlər. Uşaqlar üzərində zorakılıq saçan cizgi filmlərinin təsirləri ilə bağlı üç əsas məqamı qeyd etməliyik: 1. Onlar başqalarının əzab və acılarına qarşı duyğusuzlaşırlar. 2. Real həyatda ətraflarındakı zorakılıq elementlərindən heç bir narahatlıq hiss etmirlər. 3. Onlar aqressiv reaksiyalar və zorakı davranışlara meyillənirlər. Bu perspektivdən, illər boyu ən çox izlənilən “Tom və Cerri” cizgi filmi mütləq qeyd edilməlidir. Onlar bir-birini qovalayan fiksional xarakterlər - bir siçan və bir pişikdir. Cerri çox ağıllı, Tom isə bir az axmaqdır. Onların müxtəlif alətlərdən istifadə etməklə bir-birilə savaşmaları çox gülməli görünür. Lakin kiçik yaşda bir uşağın bu aktivlikləri cizgi filmindən öyrənməsi və onu real həyatda istifadə etmək istəməsi çox təhlükəlidir. Bununla birlikdə, keçən əsrin 70-80-ci illərində qeyd edilən cizgi filmi özündə partlayışları, silah atışlarını və fiziki deformasiyaları ehtiva etdiyi üçün bir çox ölkələrdə tamamilə yayımdan götürülmüşdü.

 

Uşaqlar süngər kimidir. Bu o deməkdir ki, onlar məruz qaldıqları hər şeyin təcrübəsini analiz etmək və ya dəyərləndirmək əvəzinə, onları xam şəkildə absorbsiya edirlər. Onların daha çox öyrəndikləri məkan televiziyadır. Cizgi filmləri uşaqları saatlarla televiziya başına kilidləyəcək şəkildə onların diqqətini cəlb edir. Lakin eyni cizgi filmləri öz məzmununda seksuallığı və qeyri-adekvat davranışları ehtiva edir. Nickeldeon kanalında 2014-cü ildə yayımlanan “Breadwinners” adlı şou cizgi filmində seksual davranışın aşkar nümunəsidir. Uşaqlar bu şounun rəngarəngliliyinə və tanıya biləcəkləri heyvanlardan istifadə edilməsinə görə cəlb edilirlər. Onların əsasən də cizgi filmlərində belə şeylərin təsirinə məruz qalmaları yolverilməzdir. Bu onların məsum ağıllarında ciddi bir qarışıqlıq və xaos yaradır. Kiçik yaşlı uşaqların seksuallığı ifadə edən cizgi filmlərini izləməməsi çox mühümdür. Belə məzmunlu cizgi filmlərində uşaqlara özünəhörməti aşılamaq anlamında heç nə öyrədilmir. Onların etdiyi sadəcə uşaqlara “bədənlərinin bir oyuncaq olduğunu, istənilən yerdə toxunula və hər yerdə nümayiş etdirilə bildiyini” inyeksiya etməkdir. Bu, uşaqların gördüklərini yenidən icra etmələrinə səbəb olur. Bu perspektivdən, qətiyyən uşaqlar üçün olmayan cizgi filmləri sırasına “Fantastik Mister Foks”, “Animatriks”, “Şahzadə Mononok”, “Atəş və Buz”, “Cadugərlər” kimi cizgi filmləri daxildir.

           

Uşaqlar zorakılıq saçan cizgi filmlərini izlədikləri zaman qalib olmaq üçün zorakılığa əsaslanan aktları real həyatlarında da tətbiq edirlər. Onlar burada nəyin yanlış olduğunu görə bilmirlər və dostlarına qarşı da bunu etməklə yanaşı, zorakılığın hər bir problemi həll etdiyinə inanırlar. Nadia Qrin qeyd edir ki, bu gün Amerikada 18 yaşına çatmış uşaq 16 min qətl simulyasiyasını və 200 min zorakılıq aktını izləmiş olur. Bu, cizgi filmlərinin uşaqlar üzərində nə qədər təsirli olmasının göstəricisidir. Amerikada Sietl Uşaq Xəstəxanasının Elmi-Tədqiqat İnstitutunun 330 uşaq üzərində apardığı araşdırmanın nəticələrinə görə, məktəbəqədər dövrdə şiddət mövzulu filmlər izləyən uşaqlar daha sonra yaşıdlarına görə üç qat daha aqressiv olur. Bu cür uşaqlarda hiylə, neqativ davranış, tabe olmama, aqressivlik və vicdan əzabı çəkməmək kimi davranışların sıx müşahidə edildiyi ortaya çıxdı. Araşdırmaya görə, uşaqlar məktəbə başladıqları andan məzun olduqları zamana qədər məktəbdə təxminən 13 min saat keçirirlər. Eyni müddət ərzində televiziya qarşısında keçirdikləri vaxt isə təxminən 18 min saatdır. Bu 18 min saat isə, uşaqların zehni, fiziki və ruhi inkişafına çox destruktiv  təsir göstərir.

           

Əksər cizgi filmlərində hoppanan, yüksəkdən atılan və zərərsiz bir şəkildə yerə enən xarakterləri görmək mümkündür. Valideynlər cizgi filmləri hər hansı pornoqrafik elementi özündə ehtiva etmədikcə bunu görməkdən şad olurlar. Amerika Pediatriya Akademiyası, eləcə də Yeniyetmə və Uşaq Psixologiyası üzrə Amerika Akademiyasının araşdırmalarına görə, zorakılığın realistik, tez-tez təkrarlanan və cəzasız qalan bir şey olduğunu görən uşaqlar onu təqlid etməyə çalışırlar. Bu, aqressivliyi və anti-sosial davranışı təşviq etməklə yanaşı, real həyatda və əyləncədə daha çox zorakılıq iştahasına meyili gücləndirir. Araşdırmalara görə, gündə 3-4 saat cizgi film izləyən uşaqlarda zorakılığa daha çox meyillilik ilə yanaşı, koqnitiv funksiyaların marjinallaşması, reallıqlardan qopma, tədricən neqativ davranışlarda kəskin artım özünü göstərir. Cizgi filmlərinin mənfi təsirlərinə məruz qalan uşaqlarda məktəbə qarşı istəksizlik, oxuma vərdişinin kütləşməsi, diqqət dağınıqlığı və hiperaktivlik nizamsızlığı ortaya çıxa bilir. Bundan başqa cizgi filmlərinin təsirində qalan uşaqların gerçək həyatlarında xəyal ilə reallığı ayırd edə bilmədikləri də müşahidə edilən ümumi hallardan biridir.

             

Ölkəmiz müstəqillik qazandıqdan sonra əfsus ki, film sənayesində müstəqil yaradıcılığımızı və milliliyimizi itirdik. Özümüzə məxsus filmlərimiz və film yaradıcılığımız sanki geri plana atıldı. Nəticədə, əcnəbi, xüsusən də ABŞ istehsalı olan Hollivud filmləri, Türkiyə istehsalı olan seriallar sürətlə və qarşısıalınmaz şəkildə ekranları – efir məkanımızı fəth etməyə başladı. Buna paralel olaraq, animasiya filmlərində də əcnəbi cizgi filmlərindən kəskin bir şəkildə asılı olduq. Telekanallarda ya Türkiyə mənşəli, ya da türk dilinə tərcümə edilmiş onlarla əcnəbi cizgi filmləri ilə tanış olduq. Əksəriyyəti də silahlı robotlar, ninja tısbağalar, hərbçi dovşanlar və s. idi. Bu filmlərdə uşaqlarımız dünyanın ancaq mübarizə və müharibədən ibarət olduğuna inandırıldı. Bununla da, tədricən səs-küylü, əcaib məxluqların dialoqları, davranışları təqlid edilməyə başlandı.

 

Başqa bir mühüm məsələ ondan ibarətdir ki, bu gün Türkiyədə, Rusiyada qəhrəmanlıq və vətənpərvərlik ruhunda çoxlu cizgi filmi çəkilir və həmin filmlərə uşaqlarımız internet vasitəsilə baxırlar. Vətənpərvərlik mövzusunda cizgi filmlərin niyə az çəkildiyi də düşündürücü başqa bir məqamdır. Uşaqlarımızın ruhuna doğma olan qəhrəmanlıq, millilik, vətən sevgisi mövzusunda cizgi filmləri çox az sayda istehsal edilir. Tarixi şəxsiyyətlərimiz və qəhrəmanlarımız haqqında vətənpərvər ruhlu, didaktik animasiya filmlərimizin olması azyaşlıların millilik ruhunda tərbiyəsində çox əhəmiyyətli rola malikdir. Vətənpərvərlik mövzusunda cizgi filmi çəkmək əlinə avtomat alan obrazı göstərmək demək deyil. Uşaqlar üçün humanizm, Xeyrin Şər üzərində qələbəsi, etika, tərbiyə və s. kimi hissləri aşılayan cizgi filmləri ekranlaşdırılmalıdır. Bu gün uşaqlarda aqressiya yaradan, nifrət formalaşdıran animasiya filmləri yaratmaq lazım deyil, onlarda ruh yüksəkliyi formalaşdıran cizgi filmləri çəkilməlidir. Vətənpərvərlik mövzusunda cizgi filmi çəkilmədiyi, yaxud az çəkildiyi bir reallıqdır. Ancaq düşünmürük ki, bu mövzuda yazanlarımız varmı? Varsa da, onların yazdıqları nə üçün animatorlara çatmır? Bu gün uşaqlar qəhrəmanlıqdan bəhs edilən cizgi filmlərinə baxanda o qəhrəmanlar kimi olmaq istəyirlər. Xeyrin Şər üzərində qələbəsi təsvir edilməlidir, ancaq aqressiya ilə yox, təbii surətdə.

 

Əlbəttə ki, uşaqların məqbul ölçülərdə və müəyyən edilmiş bir zaman daxilində texnologiya ilə tanış olması və onu bilməsi zəruridir. Çünki o uşaqlara oynama, kəşf etmə və öyrənmə üçün bir çox seçimlər təqdim edir. Ekranı uşaqlara tamamilə qadağan etmək heç bir halda həll yolu deyil. Önəmli olan nüans uşaqları bütövlükdə ekranlara tərk etmədən həm televiziyada, həm də internetdə nələrlə məşğul olduqlarını təqib edərək yönləndirici və məsuliyyətli valideynlər ola bilməkdir. Uşaqların ekranlar qarşısında və texnologiya ilə keçirəcəkləri zamanı yaxşı panlaşdırmaq çox mühümdür. Çünki ekranlarda bioloji, psixoloji, sosio-psixoloji və kultural perspektivlərdən uşaqlara və yeniyetmələrə ciddi təsir edən risklər mövcuddur. Bağlılıq, zorakılığa meyillilik, eqoizm, narsizm, sosial həyatdan qopuqluq (asosiallıq) bu risklərə daxildir.

 

Bu gün yaşadığımız əsrin tipik bir uşağı gündəlik olaraq televiziya, xüsusilə də cizgi filmlər izləyir. Cizgi filmlər uşaqlar üçün əylənmə və öyrənmə tərzidir, yəni hər zaman belə olduğu düşünülüb. Lakin zaman keçdikcə onu müşahidə edirik ki, cizgi filmlərinin faydalılığı və xarakteri sürətlə dəyişir. Getdikcə seksuallaşan, zorakılıq saçan, uşaqları düşündürməyən və onlara bir həyat dərsi öyrətməyi hədəf seçməyən cizgi filmləri uşaqlar üzərində kəskin dərəcədə neqativ təsirləri özündə ehtiva edir. Sadəcə görüntü və dinamikanın olduğu müasir cizgi filmləri uşaqlara heç nə öyrətmir, onlara heç nəyi izah etmir, uşaqların əqli inkişafına da müsbət təsiri çox azdır, əksinə onların əxlaqi duyarlılığını məhdudlaşdırır. Digər tərəfdən, cizgi filmləri seksuallaşdıqca və zorakılıq saçdıqca təhsilləndirmə qabiliyyətini bütövlükdə itirir, habelə uşaqların məsum ağlını darmadağın etməklə, onların düşünmə qabiliyyətini xaotikləşdirir. Lakin keçmişdə cizgi filmləri uşaqları əyləndirməklə yanaşı onlara həyat dərsi keçir və öyrənməyə sövq edirdi. Bu gün uşaqları refleksiyaya və dərin düşüncəyə sövq edən cizgi filmlərinin sayı çox azdır. Uşaqlardan düşünmək qabiliyyətini istifadə etmək və ya şeylərin dəyərini dərk etmək tələb edilmir. Müasir cizgi filmlərini izləyərkən uşaqların susqunluğu məhz bununla bağlıdır. Onları düşündürəcək, cavabı tələb edilən heç bir sual yoxdur.

           

Bu hal qarşısında valideynlər nə etməlidir?

 

1. Televiziya izlənilməsi gündəlik olaraq 1-2 çərçivəsində məhdudlaşdırılmalıdır. Lakin unutmamaq lazımdır ki, mühüm olan məsələ kəmiyyət deyil, keyfiyyətdir. Başqa sözlə, əhəmiyyətli olan nə qədər izləmək deyil, nəyi izləməkdir.

 

2. Valideynlər uşaq proqramlarını və ya cizgi filmlərini öncədən izləməli, onların uşaq üçün uyğun olub olmaması haqqında qərar verməlidir.

 

3. Valideynlər zorakılığı özündə ehtiva edən kontentləri uşaqla müzakirə etməlidirlər. Bu onların reallıq ilə fantaziyanı bir-birindən ayırd etmələrində önəmli amildir. Zorakılığın qəbul edilən bir şey olduğu mesajlarına qarşı olaraq, onun səbəb olduğu acı üzərinə fokuslanılmalıdır.

 

4. Araşdırmalar onu ortaya qoyur ki, cizgi filmlərinin neqativ təsirlərindən yayınmanın ən effektiv yollarından biri onları televiziyada gördükləri tərəfindən necə neqativ yöndə təsirlənə biləcəkləri haqqında kiçik diskussiyalara cəlb etməkdir.

 

5. Uşaqlar daha sosial və təhsilləndirici (edyukativ) televiziya proqramlarına baxmağa həvəsləndirilməlidir. Öyrənməni gücləndirən, əxlaqi dərslər aşılayan və doğru davranış modelləri təlqin edən (Məsələn, Mister Rocersin Qonşuluğu) televiziya proqramlarını izləmək pozitiv təsirə malikdir.

 

6. Televiziya izlənilməsinə alternativlər tapılmalı, uşaqlar dərgilər və jurnallar oxumağa həvəsləndirilməli, onların idman və dərsdənkənar fəaliyyətlərdə iştirakı təmin edilməlidir

 

7. Televiziyadan dayə kimi istifadə edilməsindən yayınmaq da valideynlərin yerinə yetirməli olduğu mühüm vəzifələrdən biridir. 

 

8. Ən sonda və ən həlledici olan amil isə valideynlərdəki məsuliyyətlilik hissidir. Onlar uşaqlarla adekvat pozitiv zaman keçirməli və uşaqlarının mənimsəmələrini istədikləri dəyərlərin onlara öyrədilməsində birbaşa rol almalıdırlar (bir ana və bir ata olaraq). Onlar məhz bu şəkildə uşaqlarının problemləri və konfliktləri qeyri-zorakı vasitələr, effektiv kommunikasiya ilə həll etməyi öyrənmələrinə yardım edə bilərlər. Valideynlərinə güclü bağlılıqları olan, sevilən və sevgi hiss edən uşaqlar təcrid edilən yaxud da etinasızca yanaşılan uşaqlara nisbətən televiziyanın neqativ təsirlərinə daha az məruz qalır. Valideynlər bilməlidirlər ki, uşaqlarının tərbiyəsi və yetişmələrində ilkin təsir qüvvəsi televiziya deyil, məhz özləridir.

 

Bu gün ekranlar müstəsna qüvvəyə sahibdir. İnterneti, sosial mediası, elektron kitabları, rəqəmsal oyunları ilə ekranlarda dünyaları xilas edib, ekranlarda yaşayırıq. Ekranlarda həyata bağlanır, ekranlarda həyatdan qopuruq. Bilirik ki, ekransız dünya uzaq keçmişimizdə qalıb. Evlərimizin əsas bucağını xüsusi olaraq ayırdığımız televizorlar ilə həyatımıza daxil olan ekranlar cəmiyyətin hakim tenedensiyalarını və gedişatını müəyyən etmədə önəmli ünsür halına gəldi. Miqyası kiçildikcə masadan enərək dizlərimizin üzərinə, sonra da ovuclarımıza sığacaq hala gələn ekranlar demək olar ki, hər anımızın şahidi və həyatımızda baş aktyor olmağa başladı. Ona görə də, həm zehni, həm də mənəvi-ruhi olaraq sağlam gələcəyimiz üçün uşaqlarımızın onları zorakılıq və aqressivlik ilə hipnotizasiya edən cizgi filmlərini deyil, tərbiyəvi, təhsilləndirici, düşündürücü, dostluq, yardımsevərlik və humanizm duyğularını aşılaya biləcək cizgi filmlərini izləmələri çox zəruridir.

 

Yerli istehsalın məhsulu olan cizgi filmlər məsələsində isə valideynlər müəyyən mənada haqlıdırlar, çünki bu filmlərin əksəriyyəti satışda yoxdur, telekanallarda da yayımlanmır. Son dövrlər bizdə Azərbaycan dilində cizgi filmləri demək olar ki, yoxdur. Verilişlər isə çox az və ya maraqsızdır. Bu zaman valideynlər xarici cizgi filminə üstünlük verirlər. Uşaqlar isə getdikcə xarici dilə meyil edirlər. Məsələyə digər tərəfdən baxdıqda isə, uşaqlar xarici cizgi filmlərindəki rəngarəngliyi, peşəkarlığı, canlılığı, işıqlandırmanı görürlər və  bizim cizgi filmlərinə ondan sonra o qədər də meyil etmirlər. Uşaqlar izlədiyi əcnəbi cizgi filminin dilinə meyilləndikcə, o dildə  danışır, o təfəkkürlə düşünür. Bu da valideyn və övlad arasına müəyyən sədd çəkir. Hər halda yerli və keyfiyyətli  cizgi filmlərimiz çox olarsa,  təbliğ olunarsa, uşaqlarımız da bu istiqamətə meyillənər. Ona görə də, insanlar milli cizgi filmlərimizin az olduğunu düşünürlər. Bu yöndə telekanalların üzərinə düşən məsuliyyət də böyükdür. Onların milli filmlərin fonduna, videotekaya müraciət etmələri kifayətdir. Eyni zamanda onların təsviri obrazlarını yeniləmək, uşaqları müasir mövzulardan agah etmək də çox zəruri bir məsələdir. Əksər psixoloqların qənaətinə görə, əcnəbi cizgi filmləri arasında rus cizgi filmləri  uşaqların psixologiyasına daha yaxşı təsir göstərir. Çünki Sovet dövründə cizgi filmləri üzərində senzura var idi, onların uşaqlara təsirinə xüsusi diqqətlə yanaşılırdı. Animatorlar üçün kurslar müntəzəm olaraq fəaliyyət göstərirdi. Sovet dövründə bir cizgi filmini 45-ə qədər rəssam və animator ərsəyə gətirirdi. Qərb ölkələrində çəkilən əksər cizgi filmlər isə, uşaqların psixologiyasında ciddi problemlər yaradır. Ona görə də yaxşı olar ki, milli filmlərə və Sovet dövründə çəkilən cizgi filmlərinə üstünlük verilsin. AzTV-nin videotekasında milli cizgi filmlərinin demək olar ki hamısı var. Onları daha modern rəng solyusiyaları və animasiya metodlarından istifadə etməklə yenidən, uşaqlar üçün cəlbedici formada hazırlamaq olar. Üstəlik, "Soyuzmultfilm"in istehsalları və SSRİ-nin müxtəlif respublikalarında çəkilən bəzi cizgi filmlərini də bura əlavə etmək mümkündür.  

Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.