Yuxarıya
skip to main content

Yaşlılara qayğının sosial aktorlar arasında bölgüsü ictimai rəydə

27.10.2023

2023-cü ilin iyul sessiyasında BMT-nin Baş Assambleyası hər il 29 oktyabrın  Beynəlxalq Qayğı və Dəstək günü kimi qeyd olunmasına dair Qətnamə qəbul edib. Son onilliklərdə qayğı və onun müxtəlif aspektləri qlobal səviyyəli problem kimi meydana çıxıb. Qayğı məsələləri çoxşəxali olub, bir sıra sosial institutları əhatə edir. Uşaqlara, yaşlılara, əlillərə qayğı, onun ailədaxili və institusional növləri, qayğıya ehtiyacı olanlarla yanaşı qayğı təminatçılarının öz problemləri, qayğı peşələrinin kölgə iqtisadiyyatından çıxarılması və s. istiqamətlər bura aiddir.

            Sosial Tədqiqatlar Mərkəzi qeyd olunan istiqamətləri diqqətdə saxlayaraq, tədqiqatlardan əldə olunan bəzi nəticələri - yaşlı insanlara qayğının sosial aktorlar arasında arzuolunan distrubyusiyasına dair fikirlərini təqdim edir. Yaşlılara qayğının təmin olunmasında müxtəlif sosial aktorların iştirakçılığı yalnız mövcud ənənə və qanunverici baza deyil, həm də vətəndaşların konkret qayğı təminatçısına nə dərəcədə inanması, onun təqdim edə biləcəyi xidmətlərin qayğı normaları və idealları ilə uyğunluq səviyyəsindən asılıdır. Respondentlərin qayğı təminatçısı kimi  görmək istədikləri sosial aktorları daha dəqiq və hərtərəfli müəyyənləşdirmək üçün onlara belə bir sual ünvanlanmışdır: “Gələcəkdə yaşlıların sayı daha çox olacaq. Fikrinizcə, onların tələbatlarını ödəmək üçün əsas məsuliyyət kimin üzərindədir?”.

Göstəricilər yaşlılıq dövründə  arzuolunan qayğı təminatı haqqında bir sıra  məsələlərə aydınlıq gətirir. Respondentlərin 68,8%-i yaşlıların tələbatlarını ödəmək üçün əsas məsuliyyətin ailənin,  62,1%-i isə dövlətin (sosial işçilər) üzərində olması fikri ilə tam razıdır. Ailənin məsuliyyəti ilə ümumilikdə razı olanlar  86,8%, dövlətin məsuliyyəti ilə isə ümumilikdə  73,3%-dir. Yaşlılara görə ailənin məsuliyyət daşıması ilə tam razılaşan şəhər respondentləri (66,1%) kənd respondentlərindən (73,0%) azdır.

Dövlətin yaşlılara görə məsuliyyət daşımasına münasibətin yaşa görə bölgüsündə tam razılaşanların yaşı 65-dən yuxarı olan respondentlər (70,5%), məşğuliyyətinə görə isə özəl sahədə işləyənlər (72,7%) olması üzə çıxıb. Qeyd edək ki, dövlət sektorunda işləyən və dövlətin yaşlılara görə məsuliyyət daşıması fikri ilə tam razılaşanlar cəmi 58,8%-dir. Dövlətin məsuliyyəti ilə tam razılaşanlar isə kənd və şəhər tipli yaşayış yerindən olanlar arasında demək olar ki, eynidir (61,6% və 61,4%). Analoji cavab gender və təhsilə görə bölgülərdə də əhəmiyyətli fərqə malik deyil. Ailə qayğısı ənənələrinin davam etməsi, eyni zamanda dövlət qayğısına münasibətdə yüksək gözləntilər, respondentlərin fikrincə, yaşlılara ən ideal qayğı formasının ailə və dövlət arasında bölüşdürülən qayğı olduğunu göstərir.

Qeyd etmək vacibdir ki, burda ailə dedikdə, məhz bir ev təsərrüfatında yaşayan nüvə ailəi nəzərdə tutulur. Belə ki, “digər qohumların” yaşlı insanın qayğısına qalmaq məsuliyyəti ilə razılaşmayanların sayı kifayət qədər yüksək -  74%-dir. Yaşa görə bölgüdə “digər qohumlarının” yaşlılara görə məsuliyyət daşıması ilə heç razılaşmayan qruplar daha çox 55-64 yaşlılar (77,3%), məşğuliyyət növünə görə isə təqaüdçülərdir (70,5%). Yaşayış yerinə görə təsnif etdikdə, şəhərli respondentlər arasında heç razılaşmayanlar (70,5%) kənd yerlərindən olan respondentlərdən (62,7%) daha çoxdur. Bunu da kənd və şəhər sakinlərinin qohumluq əlaqələrinə fərqli yanaşması kimi şərh etmək olar.

Dostlar və qonşulardan qayğı gözləntisi isə ümumi nəticədə maksimal neqativ seçim faizi ilə seçilir -  80%. Bu istiqamətdə “heç razı deyiləm” cavabını verənlərin demoqrafik bölgüləri qadınların (77,3%) kişilərdən (72%) daha çox olması, belə respondentlər arasında yaşı 55-64 arası olanların  (82,%), ali təhsillilərin (77,4%), dövlət sektorunda işləyənlərin (75,9%) və şəhər respondentlərinin (77,6%) üstünlük təşkil etməsi göstərir.

Növbəti vacib məsələ özəl sektorun (özəl qayğı mərkəzlərinin, qayğı üzrə ixtisaslaşan agentliklərin) məsuliyyəti ilə bağlıdır. Özəl sektorun yaşlılara qayğı xidmətlərində iştirakçılığı ilə ümumən razılaşanlar və razılaşmayanların faiz göstəricilərini təqribən  bir-birinə yaxın rəqəmlərdir. Razılaşanlar 46,6% (tam razılaşanlar – 22,4%, əsasən razılaşanlar – 24,2% olmaqla), razılaşmayanlar isə  - 49,6% dir (heç razı olmayanlar  - 46,4%, əsasən razı olmayanlar 3,2%-dir). Xeyriyyə cəmiyyətlərinin yaşlılara görə məsuliyyət daşıması fikri ilə tam razılaşanlar 35,5%, könüllü təşkilatlarına nəzərən müvafiq cavabı verənlər ümumən respondentlərin 29%-dir. Bu sosial aktorlara münasibətdə gözləntilər və etimadın daha az olması ilə əlaqələndirilə bilər.

            Beləliklə, təhlillərə əsasən belə nəticəyə gəlmək olar ki, müasir  cəmiyyətimizdə yaşlı vətəndaşlara ideal qayğı modeli ilk növbədə nüvə ailəsinin və dövlətin arasında bölüşdürülən qayğıdır. Nüvə ailəsindən kənar qohumlar, qonşu şəbəkəsi, xeyriyyə cəmiyyətləri və s. aktorlara qarşı gözləntilər aşağıdır. Belə yanaşma öz-özlüyündə neqativ olmasa da, adı çəkilən iki aparıcı aktorun qayğı yükünün daim yüksək olmasını şərtləndirir. Bu səbəbdən, gələcəkdə alternativ qayğı təminatının inkişaf etdirilməsi, fərqli sosial aktorlara etimadın artırılması məqsədəuyğun görünür.