Azərbaycanın tarixi qələbəsi və onun yekun nəticələri ictimai rəydə
Azərbaycanın 2020-ci ildə Vətən müharibəsindəki hərbi, siyasi, diplomatik qələbəsi və cəmi üç il sonra bu tarixi missiyasını uğurla tamamlaması güclü və bütöv dövlət fenomeni mahiyyətindən ötə, regionda ədalətli düzəni bərqərar edib, beynəlxalq münasibətlər sisteminə yeni geosiyasi ölçülər gətirib.
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanın tarixi qələbəsinin yekunu fonunda regional və beynəlxalq müstəvidə yaranan yeni reallıqlara ictimai münasibəti öyrənmək məqsədilə əhali arasında rəy sorğusu keçirib. Bu məqsədlə vətəndaşlara “44 günlük müharibənin və 1 günlük antiterror tədbirlərinin yekun nəticələrini necə dəyərləndirirsiniz?” sualı ünvanlanıb və onların bu istiqamətdə təqdim edilən fikirlərlə razılaşıb-razılaşmadığı öyrənilib.
Sorğunun nəticələrinə əsasən, Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad edərək qələbə qazanmasının milli, eləcə də regional və beynəlxalq müstəvidə siyasi, iqtisadi, hüquqi yekunları təqdir edilərək yüksək qiymətləndirilib.
Sorğu iştirakçılarının 95,3%-i Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini əsas nəticələrdən biri olaraq dəyərləndirib. Bu istiqamətdə cəmi 4,7% respondent əks mövqe ilə çıxış edib.
Azərbaycanın regionda apardığı müstəqil siyasət mütləq əksəriyyət tərəfindən (94,5%) yüksək təqdirə layiq görülüb. Cəmi 5,5% respondent qeyd edilən fikirlə razılaşmayıb.
Respondentlər birmənalı olaraq 98,7% göstərici ilə Azərbaycanın tarixi qələbəsini Prezidentin öz vədinə sadiqliyinin ifadəsi kimi qiymətləndirib. Cüzi hissə - 1,3% bu fikirlə razılaşmayıb.
Qələbənin hərbi meydanla yanaşı, diplomatik müstəvidə qazanılması ilə razılaşanlar 94,5% təşkil edib. Respondentlərin 5,5%-i bu fikirlə razılaşmadığını bildirib.
Sorğu iştirakçılarının mütləq əksəriyyəti, yəni 90,4%-i hədəflərə çatmaq üçün geosiyasi şəraitin yetişməli olduğu qənaətindən çıxış edib. 9,6%-i bu barədə əks mövqeyini ifadə edib.
Regionda sülhə və təhlükəsizliyə nail olunacağı gözləntisi iştirakçıların 90,6%-nin rəyində ifadə edilib. 9,4%-i isə bu mövqe ilə razılaşmayıb.
Sorğuda sosial-iqtisadi vəziyyətə dair müsbət gözləntilər də yer alıb. Belə ki, sosial-iqtisadi vəziyyətə dair müsbət gözlənti içərisində olan respondentlər 85,2% təşkil edib. Qeyd edilən istiqamətdə respondentlərin 14,8% rəyində hər hansı gözlənti müəyyən edilməyib.
Qeyd edək ki, sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 18 – 20 oktyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 1212 respondent iştirak edib. Sorğuda 12 iqtisadi rayon əhatə olunub. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub.
Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.