Bölgələrdə icbari tibbi sığorta ilə bağlı xidmətlər ictimai rəydə
Məlum olduğu kimi, 2021-ci ildən etibarən icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqinə başlanılıb. Buna müvafiq olaraq, artıq 3 ildir ki, sığortaolunanlar icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 3 mindən çox xidmətindən istifadə etməyə başlayıb. Buraya ilkin səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış ambulator yardım, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətləri daxildir.
Sosial Tədqiqatlar Mərkəzi “Bölgələrdə əhalinin səhiyyə xidmətlərinə əlçatanlığı və bu xidmətlərdən məmnunluğu”na dair keçirdiyi sorğu anket suallarının əsas istiqamətlərindən biri regionlarda icbari tibbi sığorta ilə bağlı vəziyyətinin öyrənilməsi olub. Bu məqalədə əhalinin məlumatlılıq səviyyəsinə, habelə sığortadan faydalanmaq imkanlarına dair ictimai rəy yer alıb. Sorğu Bakı, Sumqayıt, Gəncə və Mingəçevir kimi iri şəhərlər istisna olmaqla, digər rayon və şəhərləri əhatə edib. Adıçəkilən şəhərlərin seçmə çərçivəsinə daxil edilməməsinin səbəbləri ilə bağlı geniş məqalə www.stm.az-da “Bölgələrdə əhali səhiyyə xidmətlərindən məmnundurmu?” adlı məqalədə yer alıb.
Sorğuda ümumi 613 respondent iştirak edib. İnfoqrafika 1-də respondentlərdən hansı hallarda həkimə müraciət etməsinə, hansı növ sığortaya malik olmasına və bu sığortadan istifadə vəziyyətinə görə rəylə yer alıb.
İnfoqrafika 1.
Bölgələrdə əhali hansı hallarda həkimə müraciət edir?
Sorğuda iştirak edən respondentlərin 55,6 faizi yalnız ağrılar hiss etdikdə həkimə müraciət etdiyini qeyd edib. Digərləri arasında 14 faiz yalnız hər hansı bir xəstəlikdən şübhələndikdə, 8,5 faizi isə xüsusi xəstəliyi ilə əlaqədar tez-tez həkimə müraciət etdiyini bildirib. Yalnız 9,6 faiz respondentin müntəzəm olaraq ümumi yoxlamalardan (chek up) keçdiyi təsbit edilib. 10,6 faiz respondent isə il ərzində, ümumiyyətlə, heç bir həkimə müraciət etməyib.
Sorğunun nəticələrinə əsasən demək olar ki, bölgələrdə insanların icbari tibbi sığorta ilə bağlı məlumatlılıq səviyyəsi çox da yüksək deyil. Respondentlərin əksəriyyətinin ya tibbi sığorta ilə bağlı anlayışa malik olmadıqlarını, ya da heç bir sığortaya sahib olmadıqlarını bildiriblər. Beləliklə, bölgələrdə tibbi sığorta ilə bağlı ictimai rəy aşağıdakı kimidir:
- Respondentlərin 46,6 faizi icbari tibbi sığortasının olduğunu qeyd edib;
- 1,9 faizi xüsusi (özəl) tibbi sığortaya sahibdir;
- 29,1 faizi tibbi sığorta ilə bağlı hər hansı məlumata malik olmadığını bildirib;
- 22,4 faizinin heç bir tibbi sığortaya malik olmadığı təsbit edilib.
Qeyd edək ki, 613 respondentin 62,6 faizi bu il ərzində səhiyyə xidməti aldığını, 9,3 faizi həkimə müraciət edə bilmədiyini, 28,1 faizi isə ümumiyyətlə, müraciət etmək istəmədiyini qeyd edib.
Bu baxımdan səhiyyə xidməti alan respondentlərin tibbi sığortadan necə istifadə etməsinə dair təhlil apararkən cəmi 55,5 faizinin icbari, 1,3 fazinin isə özəl tibbi sığortaya malik olduğu təsbit edilib. 21,9 faizi tibbi sığorta ilə bağlı məlumata malik deyil, 24 faizi isə “heç biri” cavabını seçib.
Səhiyyə xidmətləri ilə bağlı tibbi sığortadan istifadə etmisinizmi?
Tibbi sığortası olan respondentlərin cəmi 68,1 faizi bundan faydalana bilib. Onların 51 faizi istifadə etdikləri tibbi sığortadan çox razı qalıb, 35,6 faizi əsasən razı qalıb. Respondentlərin 4 faizi əsasən razı qalmadığını, 9,4 faizi heç razı qalmadığını bildirib.
İl ərzində hər hansı bir səhiyyə xidməti almaq üçün müraciət etməyən respondentlərə gəlincə, onların 41 faizi ölkədəki icbari tibbi sığortaya dair məlumata malik olmadığı təsbit edilib. Heç bir tibbi sığortası olmadığıni bildirən respondentlər 23,6 faiz təşkil edib. Bu qrupa aid olan sorğu iştirakçılarının 32,3 faizinin icbari tibbi sığortası, 3,1 faizinin özəl tibbi sığortası var.
Vüsalə Rüstəmova
Sosial Tədqiqatlar Mərkəzi
Baş məsləhətçi