Yuxarıya
skip to main content

Bölgələrdə əhali səhiyyə xidmətlərindən məmnundurmu? - Sorğu

19.10.2023

Səhiyyə sisteminin keyfiyyətli və yerli əhalinin sözügedən xidmətə  əlçatanlığının əlverişli qurulması ölkənin rifah göstəriciləri arasında əsas indikatorlardan biri hesab edilir. Bu baxımdan, Sosial Tədqiqatlar Mərkəzinin “Bölgələrdə əhalinin səhiyyə xidmətlərinə əlçatanlığı və bu xidmətlərdən məmnunluğu”na dair keçirdiyi soğru xüsusi əhəmiyyət kəsb edir. Sorğu Bakı, Sumqayıt, Gəncə və Mingəçevir kimi iri şəhərlər istisna olmaqla, digər rayon və şəhərləri əhatə edib. Adıçəkilən şəhərlərin seçmə çərçivəsinə daxil edilməməsinin əsas səbəbi orada səhiyyə müəssisələrinin tibbi avadanlıqla təchizatının, peşəkar kadrlarla təminatının digər bölgələrlə müqayisədə yüksək olması, eyni zamanda, sözügedən iri şəhərlərin sakinləri üçün səhiyyə ocaqları yaşadıqları əraziyə görə daha qısa məsafədə yerləşməsidir. Həmin şəhərlərlə müqayisədə isə digər regionların əhalisi səhiyyə xidmətləri əldə etmək üçün iri şəhərlərə tez-tez üz tutmalı olurlar. Bu sorğunun da əsas məqsədi əhalinin yaşadığı ərazi üzrə səhiyyə xidmətindən necə istifadə etməsini öyrənmək, eyni zamanda hansı hallarda iri şəhərlərdəki tibbi müəssisələrə müraciət etmək məcburiyyətində qalmasını təsbit etmək, habelə xidmətlərin məmnunluğuna dair rəylərini almaqdır.

Sorğu çərçivəsində 613 respondentin rəyi öyrənilib. Respondentlərin 62,6 faizi bu il ərzində səhiyyə xidmətlərinin alınması üçün müraciət etdiyini, 9,3 faizi müraciət edə bilmədiyini, 28,1 faizi isə müraciət etmək istəmədiyini qeyd edib. (Bax: infoqrafika 1).

İnforqafika 1.

Respondentlərin 51,4 faizi qadın, 48,6 faizi kişi təşkil edir. Sorğuya cəlb edilən respondentlərin 54,6 faizi kənd yerlərində, 10 faizi qəsəbədə, 35,4 faizi şəhər yerində (rayon mərkəzində) yaşayır.

Respondentlər bu il ərzində ən çox hansı tibbi xidməti almaq üçün müraciət edib?

Sorğunun nəticələrinə əsasən, müraciət edənlərin böyük hissəsi- 85,7 faizi müalicə və müayinə, 39,3 faizi laboratoriya və diaqnostka xidmətlərindən istifadə edib. Stomotoloji və əməliyyat üçün isə müraciət edən respondentlər 9,9 faiz və 9,6 faiz təşkil edib. bu il ərzində tibbi xidmət alan respondentlərin 39,4 faizi bir dəfə, 60,6 faizi bir neçə dəfə xidmət ala bilib.

Tədqiqat qrupu tərəfindən hazırlanan anketdə respondentlərin yaşadığı ərazi üzrə tibbi müəssisələrə, ixtisaslı həkimlərə əlçatanlığa dair suallar təqdim edilib. İnfoqrafika 1-də respondentlərin rəyi təqdim edilib. Sorğunun nəticələrinə görə:

  • Respondentlərin 81,2 faizi  yaşadığı ərazidə poliklinika və ya xəstəxanalara əlçatanlığın rahat olduğunu vurğulayıb. Cəmi 17 faiz əlçatan olmadığını, 1,8 faiz isə suala cavab verməkdə çətinlik çəkdiyini qeyd edib.
  • “Yaşadığınız ərazidə təcili tibbi yardıma əlçatanlıq rahatdırmı?” sualına respondentlərin 73,8 faiz “bəli”, 19,3 faiz “xeyr” cavabını verib, 6,9 faiz isə fikir bildirməkdə çətinlik çəkib.
  • Sorğuda iştirak edənlərin 71,8 faizi yaşadığı ərazi üzrə ixtisaslı həkimə əlçatanlığın rahat olduğunu, 24,8 faizi isə əksini düşünüb.

Bölgələrdə sakinlər daha çox dövlət tibb müəssisələrinə müraciət etməyə üstünlük verirlər. Belə ki, il ərzində onların 80,7 faizi dövlət, 32 faizi özəl səhiyyə ocaqlarına müraciət ediblər.

Ölkə daxilində tibbi xidmət almaq üçün respondentlərin hər 3 nəfərindən biri- 30 faizi Bakıya gəlməli olub. Sorğunun nəticələrinə əsasən kənd sakinlərinin daha çox paytaxtda yerləşən səhiyyə müəssisələrinə müraciət etdiyini görmək olur.

Ümumi respondentlərin 71,4 faizi yaşadığı rayonun/şəhərin xəstəxanasına, 17,7 faizi digər rayonun və şəhərin xəstəxanasına müraciət edib. Yaşağıdı ərazi üzrə poliklinikanın xidmətindən isə 12,5 faiz istifadə edib.

Kənd sakinlərinin 73,2 faizi yaşadığı ərazinin tibb müəssisələrinə, 29,7 faizi Bakıdakı klinika və xəstəxanalara, 20,1 faizi digər rayon və ya şəhər xəstəxanalarına müraciət edib.

Qəsəbə sakinləri üzrə bu göstərici yaşadığı ərazinin şəhər və xəstəxanasına müraciət edənlər 55,5 faiz, Bakıdakı klinika və xəstəxanalara  40,7 faiz, digər rayon və ya şəhər xəstəxanalarına müraciət edənlər 14,8 faiz təşkil edib.

Rayon mərkəzləri\şəhər yerlərində yaşayanların isə 71,6 faizi yaşadığı ərazinin xəstəxanasına müraciət etməyə üstünlük verib. Bakıya müalicə və müayinəyə gedən respondentlər 28,4 faiz ,digər rayon və ya şəhər xəstəxanasına gedənlər 15 faiz təşkil edib.

Ümumiyyətlə, əhali arasında poliklinikalara müraciətlə bağlı aktivlik nisbətən aşağıdır. Poliklinikalara müraciətlə bağlı göstəricilər kənd sakinləri üzrə 10,5 faiz, qəsəbə sakinləri üzrə 22,2 faiz,  şəhər sakinləri üzrə isə 13,5 faiz təşkil edib. 

“Aldığınız tibbi xidmətdən razı qaldınızmı?” sualı üzrə respondentlərin rəyləri aşağıdakı kimidir:

  • Yaşadığı rayon və ya şəhərdə aldığı tibbi xidmətdən çox razı qalanlar 46,4 faiz, əsasən razı qalanlar 34,3 faiz təşkil edib. Bu qrupda olan respondentlərin 5,1 faizi əsasən, 13,9 faizi isə heç razı qalmayıb.
  • Digər rayon və şəhərlərin xəstəxanasına müraciət edən respondentlərin 50 faizi çox razı qalıb, 38,2 faizi əsasən razı qalıb, 11,8 faizi isə heç razı qalmayıb.
  • Bakıdakı səhiyyə müəssisələrinə müraciət edən respondentlərin 58,3 faizi aldığı tibbi xidmətdən razı qalıb. Onların 29,6 faizi əsasən razı qaldığını, 0,9 faizi əsasən razı qalmadığını, 10,4 faizi isə heç razı qalmadığını bildirib.
  • Ərazi üzrə poliklinikada aldığı tibbi xidmətdən çox razı qalanlar 39,6 faiz, əsasən razı qalanlar 45,8 faiz təşkil edib. Bu qrup üzr “əsasən razı qalmadım” deyən respondentlər 6,3 faiz, “heç razı qalmadım” deyənlər 8,3 faiz olub.

İl ərzində səhiyyə xidməti ala bilməyən respondentlər 2 qrupu bölünür:

1) xidmət almaq üçün müraciət etmək imkanları olmayanlar (24,9 faiz);

2) ümumiyyətlə, müraciət etmək ehtiyacında olmayanlar (75,1 faiz).

Bu qrupdan olan respondentlərin  almaq istədikləri tibbi xidmətin 78,9 faizi müayinə və müalicə, 22,8 faizi laboratoriya və diaqnostika ilə bağlı, 12,3 faizi əməliyyatla bağlı olub. Onların 51,8 faizi yadaşığı rayon və ya şəhərin xəstəxanasına, 41,1 faizi  Bakıdakı xəstəxanalara, 10,7 faizi isə digər rayon və şəhərin xəstəxanalarına müraciət etmək istəyib.

Sorğuda açıq tipli suallar sırasında respondentlərə müraciət edə bilməməklərinin səbəbi soruşulub. Vətəndaşlar tərəfindən verilən cavabları qruplaşdırarkən maddi imkansızlıqdan qaynaqlanan səbəblərin ilk pillədə gəldiyini demək olar. Daha sonra həkimə müracitə edə bilmək üçün vaxt yetərsizliyini əsas gətiriblər. Səhiyyənin keyfiyyətinə dair inamsızlıq kimi amillər isə növbəti səbəblər sırasında yer alır.   

Müraciət edə bilməyən respondentlərin 54,4 faizi kənd yerlərində yaşayırsa, 45,6 faizi qəsəbə və şəhər yerlərində yaşayır. Hər iki qrup üzrə (səhiyyə xidməti alan və səhiyyə xidməti ala bilməyənlər) ümumi respondentlərin “poliklinika və xəstəxanalarda əlavə ödəniş tələbi ilə qarşılaşmısınızmı?” sualına cavablarına 70 faiz “xeyr”, 26,3 faiz” bəli” deyib, 3,8 faiz isə cavab verməyib.