Yuxarıya
skip to main content

İqlim dəyişikliyi Azərbaycanda nə dərəcədə aktual hesab edilir?

12.10.2023

İqlim dəyişikliyi və onun canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Bir çox insanlar qlobal istiləşmə və iqlim dəyişikliyini sinonim kimi  başa düşürlər, lakin alimlər indi planetimizin hava və iqlim sistemlərinə təsir edən kompleks dəyişiklikləri təsvir edərkən “iqlim dəyişikliyi” terminindən istifadəni üstün tuturlar. İqlim dəyişikliyi təkcə orta temperaturun yüksəlməsini deyil, həm də ekstremal hava hadisələrini, vəhşi təbiətin populyasiyalarının və yaşayış yerlərinin dəyişməsini,  dənizlərin səviyyəsinin yüksəlməsini və bir sıra digər təsirləri əhatə edir. Bu problemə diqqəti artırmaq üçün bir çox beynəlxalq tədbirlər, elmi-prakriki konfranslar keçirilir, tədqiqatlar aparılır.

Sosial Tədqiqatlar Mərkəzi də mövzunun aktuallığını nəzərə alaraq, Azərbaycan əhalisinin problemə yanaşmasını öyrənmək üçün sorğu keçirib. Sorğunun nəticələrinə görə respondentlərin əksəriyyəti iqlim dəyişikliyini qlobal istiləşmə olaraq başa düşür (51,7%). Qlobal istiləşmə cavabını verən kişilərin nisbəti bu cavabı verən qadınların nisbətindən çoxdur (müvafiq olaraq 57% və 47,1%). Yaş baxımdan yanaşsaq, 45-54 yaş aralığında olan və 65 yaşdan yuxarı respondentlər arasında  “qlobal istiləşmə” cavabını verən respondentlər üstünlük təşkil edir (müvafiq olaraq 62,5% və 63%). Təhsili olmayan  hər on nəfərdən altısı iqlim dəyişikliyini qlobal istiləşmə kimi anlayır.

Ekoloji problemlərin əsas yaranma səbəblərinə də qlobal istiləşmə cavabını verənlər daha çoxdur (43.9%). Nəticələri gender bölgüsünə görə nəzərdən keçirsək, qadınların 40,8%-i, kişilərin isə 47,5%-i ekoloji problemlərin əsas yaranma səbəbi kimi qlobal istiləşməni qeyd edib. Yaş prizmasından yanaşsaq, 65 yaşdan yuxarı şəxslər arasında bu fikirdə olanların nisbəti daha yüksəkdir (58,7%). Bu problemlərin əsas yaranma səbəblərinə insanların ətraf mühitə təsirini qeyd edənlərin nisbəti də qlobal istiləşmə cavabını verənlərin nisbətinə yaxındır (43,4%).

“Yaşadığınız yerdə ətraf mühitə zərər verən üç sahə hansıdır?” sualına “nəqliyyat” cavabının verən respondentlər üstünlük təşkil edir (41.6%). 25-34 yaş aralığında bu cavabı qeyd edənlərin nisbəti daha yüksəkdir (hər on nəfərdən altısı). Maraqlı məqam odur ki, bu suala “yoxdur” cavabını verənlər ikinci yerədir (29.4%). 55-65 yaş kateqoriyasında bu fikirdə olanlar daha çoxdur (49,3%).

“Sizcə, gələcəkdə iqlim böhranı gözlənilirmi?” sualına respondentlərin yarıdan çoxu (54%-i) “yox” cavabını verib. İqlim böhranının gözlənilmədiyini düşünənlər isə 30,9% təşkil edir.

Sorğunun nəticələrinə əsasən, iqlim böhranının qarşısıalınmaz təbii fəlakətlərə gətirəcəyini düşünənlər çoxluq təşkil edir (55,8%). Respondentlərin 26%-i isə iqlim böhranının qlobal aclığa səbəb olacağını düşünürlər. Kişilər arsında “qlobal aclıq” cavabını verənlərin nisbəti qadınlar arasında bu cavabı verənlərin nisbətindən yüksəkdir (29,5% ; 23,8%).

Bəs respondentlər iqlim dəyişikliyini Azərbaycan üçün nə dərəcədə aktual hesab edirlər? Sorğu nəticələri göstərir ki, bu problemi ölkə üçün əsasən aktual sayanlar çoxdur (37,4%). İqlim dəyişikliyini Azərbaycan üçün çox aktual hesab edənlərin nisbəti isə 35,6%-dir. Problemin Azərbaycana təsirlərini müşahidə edənlər respondentlərin 73,8%-ni təşkil edir.

Sorğuda iştirak edənlərin 56,4%-i isə iqlim dəyişikliyini dünya üçün çox aktual problem kimi görür.