STM Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə bağlı sorğu keçirib
Azərbaycan yaxın dövr ərzində Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması istiqamətində zəruri tədbirlər görüb.
Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Xankəndi şəhərində məskunlaşan ermənilərə ilkin mərhələdə 40 ton un göndərilib.
Sentyabrın 26-da Azərbaycan növbəti humanitar yardım çərçivəsində ümumilikdə 40 ton un, gigiyenik vasitələr, tibbi ləvazimatlar və zəruri ehtiyaclarla təmin olunmuş 4 yük avtomobilini və təcili tibbi yardım maşınlarını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salıb.
Eyni zamanda, bağçaların, təcili tibbi yardım və yanğın-söndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi məqsədilə 38 ton benzin, 16 ton dizellə dolu növbəti 2 avtomobil, həmçinin daha 30 ton benzin və 34 ton dizel göndərilib.
Sosial Tədqiqatlar Mərkəzi göstərilən humanitar yardımlar barədə ictimai rəyi öyrənmək məqsədilə sorğu keçirib. “Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə humanitar yardım göstərməsini dəstəkləyirsinizmi?” sualına respondentlərin 54,8%-i “bəli, dəstəkləyirəm” cavabını verib. Sorğuda iştirak edən təqribən hər üç nəfərdən biri (34,6%) dəstəkləmədiyini bildirib, 10,6%-i bu barədə rəyini bildirməkdə çətinlik çəkib.
Bu istiqamətdə rəylər respondentlərin sosial-demoqrafik xüsusiyyətlərinə görə fərqlənib. Nəticələri gender bölgüsünə görə nəzərdən keçirdikdə, qadınların 67,9%-i, kişilərin 41,8%-i humanitar yardımların göstərilməsini dəstəklədiyini ifadə edib. Yaş artdıqca humanitar yardımlar barədə müsbət mövqedə olanların sayında artım qeydə alınıb. Belə ki, bu mövqe 18-24 yaş qrupuna mənsub olan respondentlər üzrə 38,5%-ə, 35-44 yaş qrupu üzrə 52,5%-ə, yaşı 65-dən yuxarı olanlar üzrə 77,3%-ə bərabər olub. Ali təhsillilərin 58,1%-i, orta təhsillilərin 50,4%-i humanitar yardımların göstərilməsinə dəstəyini ifadə edib.
Qeyd edək ki, ötən dövrlə müqayisədə humanitar yardımların dəstəklənməsi ilə bağlı rəylərdə müsbət dinamika qeydə alınıb. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 08-11 sentyabr tarixlərində keçirilmiş sorğular zamanı yuxarıdakı suala münasibətdə respondentlərin 46,4%-i “bəli, dəstəkləyirəm”, 50,5%-i “xeyr, dəstəkləmirəm” cavabını verib, 3,1%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Metodologiya
Cari sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 26 – 30 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 385 respondent iştirak edib. Sorğuda 12 iqtisadi rayonu əhatə olunub. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub.
Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.