Yuxarıya
skip to main content

Antiterror tədbirləri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini sürətləndirəcəkmi?

04.10.2023

Postsovet məkanındakı ən uzunmüddətli münaqişənin 44 gün ərzində həllindən sonra Azərbaycan regionda arzulanan sülh və sabitlik təşəbbüsü ilə çıxış edib.

10 noyabr tarixli üçtərəfli bəyanat münaqişəyə son qoyan ilk hüquqi sənəd rolunda çıxış etməklə, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən olunması, sülh razılaşması, nəqliyyat dəhlizlərinin açılması və digər mühüm istiqamətlər üzrə danışıqlara start verilib. Beynəlxalq məkanda yaranan təhlükəsizlik boşluğu Cənubi Qafqazda sülhün əldə olunmasını daha da zəruri etməklə, beynəlxalq vasitəçilik səylərini gücləndirib. Azərbaycan və Ermənistan arasında sülh danışıqları üzrə Rusiya ilə yanaşı, Avropa İttifaqı və ABŞ vasitəçi rolunda çıxış etməyə başlayıb.

Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair baza prinsiplərini Ermənistana təqdim edib. Həmçinin sülh  müqaviləsi üzərində işləməyə hazır olduğunu, işçi qrupunun təşkilinin razılaşdırılması niyyətini müxtəlif beynəlxalq müzakirə formatlarında açıq ifadə edib. Prezident İlham Əliyev Soçi görüşü zamanı bildirib ki, sitat: “Biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq."

2023-cü ilin may ayında Brüssel görüşü zamanı iki ölkə ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsinə birmənalı sadiq olduqlarını təsdiqləyiblər  və sülh sazişi üçün uzunmüddətli danışıqlar planı barədə razılığa gəliblər. Lakin Azərbaycanın "yeni sülh səhifəsini" açmaq niyyətinə baxmayaraq, Ermənistan tərəfi ötən üç il ərzində sülh müqaviləsini gecikdirmə taktikasına əl atıb. Sülh tənliyinin yeganə həlli yolu Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yanaşı, sülh gündəliyinin prinsiplərini yerinə yetirməsi çərçivəsində mümkün ola bilərdi. Lakin Ermənistan Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsini, status mexanizmlərini sülh gündəliyinin tərkibinə daxil etməklə sözdə “hərtərəfli sülh danışıqları” ilə sülhquruculuğu prosesini mürəkkəbləşdirib. Ötən dövrdə keçmiş qondarma rejimi sülh danışıqlarının subyektinə çevirmək niyyəti, ATƏT-in Minsk qrupunu sülh danışıqlarına cəlb etmək cəhdləri, həmçinin qondarma rejim rəhbərinin sülh müqaviləsini “kağız parçası” hesab etməsi, “xarici işlər naziri”nin “Qarabağın yerinə heç kim qərar verə bilməz” ritorikası Ermənistan tərəfindən sülh müqaviləsinin imzalanmasına qarşı yaradılan maneələrin tərkib hissəsi olub.

Azərbaycanın Qarabağ bölgəsində təhlükəsizliyin və Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19 sentyabrda başlatdığı antiterror tədbirləri yekun etibarilə Qarabağda qondarma rejimin ləğvinə və status müzakirələrinə son qoymaqla Ermənistanla sülhün əldə olunması qarşısında maneələri praktiki olaraq aradan qaldırıb.

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi ictimai rəy sorğusu Azərbaycan cəmiyyətinin antiterror tədbirlərindən sonra sülh müqaviləsinin imzalanacağı barədə nikbin mövqedə olduğunu göstərib. “Keçirilmiş antiterror tədbirləri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini sürətləndirəcəkmi?” sualına münasibətdə respondentlərin 72.4%-i “bəli” cavabını verib. Sorğuda iştirak edənlərin 21.4%-i bu barədə əks mövqedən çıxış edib, 6.2%-i fikir bildirməkdə çətinlik çəkib.

Nəticələrin respondentlərin sosial-demoqrafik məlumatlarına görə təhlili bu istiqamədə rəylərdə iştirakçıların gender mənsubiyyətinə və təhsil səviyyəsinə görə əhəmiyyətli fərq olmadığını göstərib. Orta və yaşlı nəslə aid respondentlər gənc nəsil ilə müqayisədə bu barədə daha nikbin mövqeyə malikdir.

Qeyd edək ki, sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 26 – 30 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 385 respondent iştirak edib. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub.

Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.