STM-in sektor müdiri İlyas Hüseynov “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda Ağdaşda çıxış edib
30 sentyabr 2023-cü il tarixində Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” ilə bağlı təqvim planında nəzərdə tutulan tədbirlər çərçivəsində “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda toplantı keçirilib. Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən toplantıda rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin sektor müdiri, politoloq İlyas Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə açaraq, iştirakçıları salamlayıb. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mövzu ətrafında məruzə ilə çıxış edən politoloq İlyas Hüseynov bildirib ki, 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı oldu. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolu böyükdür. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, beynəlxalq münasibətlər sistemində ölkəmizin rolunu artırdı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirərək əməkdaşlığın coğrafiyasının regional çərçivədən çıxaraq beynəlxalq miqyas almasına yol açdı. “Əsrin müqaviləsi” Azərbaycana hansı uğurları qazandırdı» sualının ümumi cavabı bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimizdir.” Toplantıda son 3 il ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağ bölgəsində erməni təxribatçılarına qarşı həyata keçirilən döyüş əməliyyatları, o cümlədən 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən söhbət açılıb, Ordumuzun Qarabağın bütün ərazisinin düşmən tapdağından azad edilməsindəki uğurlarına toxunulub. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyası qarşıdakı illərdə Azərbaycana daha böyük uğurlar bəxş edəcəkdir. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.