Təhsildən niyə yayınırıq?
Təhsil kişilərlə qadınların hüquq bərabərliyini təmin edən təməldir. Fərdi inkişafın təminatçısı da təhsildir. O, eyni zamanda, ölkənin intellektual ə mənəvi potensialının əsasıdır.
Avropa Şurasının Gender Bərabərliyi strategiyasında (2018-2023) “Təhsil sahəsində gender stereotipləri ilə mübarizəyə dair” Helsinki Konfransının (2014) tövsiyələrinin yerinə yetirilməsini təşviq etmək nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda bütün vətəndaşların təhsil almaq hüququ təsbit olunmuşdur. 2006-cı ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəul edilmiş “Gender bərabərliyinin təminatları haqqında” Qanuna görə, dövlət qadınlara ictimai həyatın bütün sahələrində, o cümlədən təhsildə kişilərlə bərabər imkanlar yaradılmasına təminat verir.
1998-ci ildə Parisdə keçirilən Ümumdünya konfransında qəbul edilmiş “İyirmi birinci əsr üçün ali təhsil: yanaşmalar və praktiki tədbirlər” adlı dünya bəyannaməsində insan hüquqlarının, davamlı inkişafın, demokratiyanın və sülhün təmin olunmasında ali təhsilin çox mühüm rolu olduğu vurğulanıb. Bəyannamə bütün insanların təhsil almaq hüququnu, fərdi bilik və qabiliyyət əsasında ali təhsilin hamı üçün əlçatan olmasının zəruriliyini bir daha təsdiqləyib.
1993-2018-ci illər üzrə oğlan və qız abituriyentlərin sayının dinamikası
2018-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 82724 abituriyent ərizə verib. Onların 52.55 %-i oğlan, 47.45%-i qız abituriyent olub. Qeyd edək ki, artıq altıncı ildir ki, qəbul imtahanlarında iştirak etmək üçün ərizə verən abituriyentlər arasında oğlanların sayı qızlardan çox olub. Azərbaycan və rus bölmələrində oğlan və qız abituriyentlərin say nisbəti fərqli olub. Belə ki, Azərbaycan bölməsində oğlanlar (53.06%), rus bölməsində isə qızlar (53.09%) sayca üstünlük təşkil edib.
1992-ci ilə aid məlumatın diaqramda öz əksini tapmaması həmin il abituriyentlərin cinsi mənsubiyyəti haqqında məlumatın qəbul imtahanlarının məlumat bazasına daxil edilməməsi ilə əlaqədardır. Statistik təhlil göstərir ki, Azərbaycan və rus bölmələri üzrə bütövlükdə götürdükdə əvvəlki illərdə ali təhsil müəssisələrinə ərizə verən abituriyentlər içərisində qızların sayı oğlanların sayından üstün olub. Ən böyük fərq 1993 və 1994-cü illərə təsadüf edib. Həmin illərdə qız abituriyentlərin sayı oğlan abituriyentlərin sayından 1,7 dəfə çox olub. Bu, o vaxt ali və orta ixtisas təhsili müəssisələrində qəbul kampaniyasının birgə aparılması ilə əlaqədar idi. Çünki, bir qayda olaraq, orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin böyük əksəriyyəti qızlardan ibarət olur.
Bölgələr üzrə oğlan və qız abituriyentlərin nisbi sayı
Respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qız abituriyentlərin say nisbəti müxtəlifdir və bu göstərici geniş diapazonda dəyişir. Bunun səbəbini respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qızların qəbul kampaniyasında müxtəlif dərəcədə iştirak etməsi ilə izah etmək olar. Əgər eyni bir zonaya aid olan Yardımlı, Lerik, Cəlilabad və Masallı bölgələrindən olan abituriyentlər arasında qızların nisbi sayı 22-37% təşkil edirsə, respublikanın şimal-qərbində yerləşən Qax, Zaqatala və Balakən bölgələrindən olan abituriyentlər arasında onların nisbi sayı 54-57%-dir.
Bölgələr üzrə oğlan və qız məzunların nisbi sayı
(9-cu siniflər üzrə buraxılış imtahanı)
Buraxılış imtahanlarında iştirak edən şagirdlərin gender tərkibi göstərir ki, 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 53,94%-ni (58130 nəfər) oğlanlar, 46,06%-ni (49638 nəfər) qızlar təşkil edib. 11-ci siniflər üzrə buraxılış imtahanında də mənzərə, demək olar ki, buna oxşar olub və imtahanda iştirak edən şagirdlərin 54,99%-i (44272 nəfər) oğlan, 45,01%-i (36230 nəfər) qız şagirdlər olub. Başqa sözlə hər iki imtahanda oğlan və qız şagirdlərin nisbəti bir-birinə yaxındır. Qeyd edək ki, 2016-cı ildə 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 53,93%-i (56484 nəfər) oğlan, 46,07%-i (48245 nəfər) qız şagirdlər olub.
Bölgələr üzrə oğlan və qız məzunların nisbi sayı
(11-ci siniflər üzrə buraxılış imtahanı)
Məlum olduğu kimi, 2018-ci ildə 11 siniflər üzrə buraxılış imtahanında iştirak edənlərin 2016-cı ildə 9-cu sinfi bitirənlər olub. Ayrı-ayrı bölgələr üzrə bu göstəricilər arasında kəskin fərqlər müşahidə olunur. Məsələn, cənub rayonlarında (Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallı) 2016-cı ildə 9-cu sinif şagirdlərinin 47,21 faizini qızlar təşkil etmişsə, 2018-ci ildə 11-ci sinif şagirdləri arasında bu göstərici 41,95 faizə bərabər olmuşdur. Göründüyü kimi, qızların təhsildən uzaqlaşmasına ailələrin sosial-iqtisadi vəziyyəti, erkən nikahlar və s. səbəb ola bilər.
Tədris dili fənnindən oğlan və qız şagirdlərin qabiliyyət göstəricilərinin paylanmasınn inteqral əyrisi
(9-cu siniflər üzrə buraxılış imtahanı)
Buraxılış imtahanı fənləri üzrə oğlan və qız şagirdlərinin qabiliyyət göstəricilərinin müqayisəli təhlili göstərir ki, bütün fənlər üzrə qızların bilik və bacarıqları nisbətən yüksəkdir. 9-cu və 11-ci siniflərin oğlan və qız şagirdlərinin tədris dili fənnindən qabiliyyət göstəricilərinin paylanmasının inteqral əyrisi təqdim olunmuşdur. İnteqral əyrilərinin müqayisəli təhlili zamanı nəzərə almaq lazımdır ki, bir əyri digər əyridən nə qədər yüksəkdirsə, məzunların müvafiq altseçməsinin (oğlan, yaxud qız) nəticələri də digəri ilə müqayisədə bir o qədər aşağıdır.
Qrafiklərdən göründüyü kimi, həm 9-cu, həm də 11-ci sinifdə qızların qabiliyyət göstəriciləri daha yüksək olmuşdur. Bu tendensiya özünü ali təhsil müəssisələrinə qəbul imtahanlarında da göstərir.
Nəticə
Özündən sonra zəngin irs qoyub gedən, hər zaman böyük sevgi və qürurla xatırlanan, Azərbaycanın xeyirxah şəxsiyyətlərindən biri milyonçu Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək Bakıda ilk qızlar məktəbini tikdirmişdir. Bu bütün Cənubi Qafqazda yeganə qızlar məktəbi idi. H.Z.Tağıyevin qadınların təhsil almasının önəmi haqqında söylədiyi unudulmaz kəlamı hər birimiz əzbər bilirik: “Bir kişiyə təhsil verməklə savadlı bir insan qazanarsınız. Bir qadına təhsil verməklə isə savadlı bir ailə və cəmiyyət”.
Təəssüflər olsun ki, hələ də təhsilin dəyərini və mahiyyətini dərk etməyən bəzi valideynlər qızlarımızın təhsil hüququnu əlindən alaraq nəinki gələcək ailəni, eyni zamanda gələcəkdə cəmiyyətimizi də yaralamaqda “əsas rol” oynayırlar. Nəticədə həmin ailədə doğulan körpə də keyfiyyətli təhsil ala bilmir və bu tsikl beləcə davam edir. Yuxarıda qeyd edildiyi kimi, qızlarımızın təhsildən uzaqlaşmasına ailələrin sosial-iqtisadi vəziyyəti, erkən nikahlar və s. səbəb ola bilər. Lakin burada qabaqlayıcı və maarifləndirici tədbirlər görülməsə gender balansı tamamilə pozula bilər.
Gender balansının pozulması özünü gələcəkdə elm, təhsil, səhiyyə və dövlət idarəçiliyi sahəsində daha qabarıq şəkildə biruzə verə bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvarın 1–nə dövlət qulluqçularının sayı 29 127 nəfər olmuş və onların 28,5 faizini qadınlar təşkil etmişdir https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/.
2018/2019-cu tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili göstərir ki, ali məktəblərə qəbul imtahanlarında qızların qabiliyyət göstəriciləri oğlanlara nisbətən daha yüksək olmuşdur.
İlyas Hüseynov
BSU-nun beynəlxalq münasibətlər, BAAU-nun iqtisadiyyat fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda BSU-nun Beynəlxalq münasibətlər kafedrasının doktorantıdır. Tədqiqat istiqamətləri: Dağlıq Qarabağ münaqişəsinin sosial aspektlərinin təhlili, Ermənistanın ictimai-siyasi və sosial vəziyyətinin öyrənilməsi, Azərbaycan-Yunanıstan münasibətlərinin tədqiqi, dünya ölkələrinin enerji siyasəti və Azərbaycanın enerji diplomatiyası.