Yuxarıya
skip to main content

Ordumuz tərəfindən aparılan anti-terror tədbirləri ilə bağlı sorğunun nəticələri

02.10.2023

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan ordusunun sentyabrın 19-da Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrinə qarşı apardığı antiterror tədbirləri ilə bağlı ictimai diskursu öyrənmək məqsədilə rəy sorğusu keçirib. Sorğu çərçivəsində antiterror tədbirləri və onun nəticələri, Xankəndi, Xocalı, Xocavənd rayonlarında yaşayan erməni sakinlərin inteqrasiyası, Ermənistanla sülh gündəliyi və digər aktual məsələlər barədə vətəndaşların rəyi öyrənilib.

Sorğunun nəticələri ölkə ictimaiyyətinin mütləq əksəriyyətinin antiterror tədbirləri ilə bağlı məlumatları, xəbərləri izlədiyini göstərib. Belə ki, rəy sorğusunda iştirak edənlərin 74.2%-i Azərbaycan ordusunun apardığı antiterror tədbirlərini mütəmadi olaraq izlədiyini, 24.0%-i müəyyən fasilələrlə izlədiyini bildirib. İştirakçıların cəmi 1.8%-i bu barədə məlumatları izləmədiyini ifadə edib.

Sorğu nəticələrinin respondentlərin sosiodemoqrafik xüsusiyyətlərinə görə təhlili, bu barədə rəylərin gender bölgüsünə, yaş qrupuna və digər parametrlərə görə fərqləndiyini göstərib. İştirakçılar arasında kişilərin 80.4%-i, qadınların 67.9%-i antiterror tədbirləri ilə bağlı məlumatları mütəmadi izlədiyini bildirib.

Həmçinin yaş artıqca bu barədə məlumatları mütəmadi izlədiyini bildirənlərin sayında artım qeydə alınıb.

İctimai rəy keçirilmiş antiterror tədbirlərinin təhlükəsizliyin təmin edilməsi, suverenliyin bərpa olunması, separatçılıq siyasətinin qarşısının alınması kimi müxtəlif istiqamətli nəticələr doğurduğunu təsdiqləyib. Bununla belə, nəticələrlə bağlı məlumatların proseslərin gedişatına uyğun olaraq tədricən ictimailəşməsi və informasiya mühitinin dinamikası ictimai rəyə təsirsiz ötüşmür və hazırkı nəticələr situativ xarakter daşıyır.

Sorğunun nəticələrinə görə, respondentlərin 78.3%-i antiterror tədbirləri nəticəsində Qarabağdakı erməni silahlı qüvvələrinin təslim və tərksilah edildiyi mövqeyini təsdiqləyib.

Sorğuda iştirak edənlərin 70.3%-i Azərbaycanın erməni silahlı qüvvələrinin mövcud olduğu Xankəndi və ətraf ərazilər üzərində öz suverenliyini bərpa etdiyini bildirib.

İştirakçıların 69.0%-i Qarabağdakı qondarma siyasi rejim və qurumların ləğv olunduğu fikri ilə razılaşıb.

Respondentlərin 63.3%-i Qarabağda təhlükəsizliyin təmin olunduğu mövqeyini bölüşüb.

60.5% hərbi əməliyyatlar nəticəsində Qərb ölkələrinin, dünya ermənilərinin separatçılıq siyasətinin qarşısının alındığını ifadə edib.

Cəmiyyətin antiterror tədbirlərinə diqqətini və prosesə həssas yanaşmasını nəzərə aldıqda, hərbi əməliyyatların öz nəticələri baxımından ictimai gözləntiləri nə dərəcədə doğrultması aktuallıq kəsb edir.

Rəy sorğusunda iştirak edənlərin 75.8%-i antiterror tədbirlərinin tam gözlədiyi kimi, 16.6%-i əsasən gözlədiyi kimi yekunlaşdığını ifadə edib. Respondentlərin ümumilikdə 4.8%-i hərbi əməliyyatların öz nəticələri baxımından gözləntilərini doğrultmadığını bildirib. Onların 2.8%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 26 – 30 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 385 respondent iştirak edib. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub.

Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.