Yuxarıya
skip to main content

Rasselsayağı məntiq

02.10.2023

Bertran Rassel ən maraqlı aqnostik filosoflardandır mənə görə. Uzun müddət düşüncənin sərhədləri ilə bağlı onun tezisləri ciddi qalmaqallara səbəb oldu. Baxmayaraq ki, kosmoqonik düşüncə tərzinin inkişafı insan əqlinin sərhədlərini müəyyən etdi.

İnsan zəkası ölümcül xəstəliklərə çarə tapa bilməmişkən və hər zaman dediyim kimi işıq sürətinə bir az belə yaxınlaşacaq bir elmi inqilab etməzkən mənəvi və fəlsəfi səbəblərlə bağlı dəqiq hökmlər söyləmək yanlışdır. Hətta bir az da irəli getsəm yaza bilərəm ki, ateizm və dəqiq, mütləqiyyətçi fikirləri müdafiə edən düşüncələr aqnostik dünyada qəbuledilməzdir.

20-ci əsrin düşüncə dünyasının ən məşhur filosoflarından biri kimi qarşıya çıxan Bertrand Rassel (1872-1970) həm əsərlərinin sayı, həm də araşdırdığı mövzular (riyaziyyat fəlsəfəsi, bilik nəzəriyyəsi, tarix fəlsəfəsi, əxlaq, din, siyasət, sosiologiya) baxımdan zəngin dünyagörüşə malik insan idi. Rassel fəlsəfə anlayışını müzakirə edərkən ilk olaraq bu anlayışın tətbiqi və müəyyənləşdirilməsində əhəmiyyətli çətinliklərin ola biləcəyinə diqqət çəkir.

Onun fikrincə, bir çox filosoflarda olduğu kimi, fəlsəfə anlayışına da ümumi tərif vermək mümkün deyil. O qədər ki, fəlsəfəni şərh edən və ya onu anlamağa çalışan iki filosof arasında belə fəlsəfənin ümumi tərifi ola bilməz. Bu səbəbdən hər kəsin özünəməxsus fəlsəfə tərifi və anlayışı var.

Beləliklə, fəlsəfəni bir kult kimi tərifləndirən bütün baxışlar məhz Rassel tərəfindən inkar edildi. Əslində fəlsəfə də, mifologiya da, din də konkret tərifə malik olmamalıdır. Ümumi, yaxın anlayışlar izahda vacib ola bilər, amma ümumi təriflər qəbulediılməzdir bəlkə də.

Fəlsəfə bizi həmişə diqqətli, ehtiyatlı və tənqidi davranmağa, düşündüyümüz mövzu haqqında nə edə biləcəyimizi öyrənməyə yönəldir. Digər tərəfdən, fəlsəfə bizi təvazökar olmağa dəvət edir və bilik hesab etdiyimiz şeyin həmişə belə olmadığını düşünməyə vadar edir. Yəni, bir şeyin praktiki həlli yoxdursa onu necə bilik adlandıra bilərik?

Burada artıq bilik və bilgi anlayışlarının fəlsəfi fərqi ortaya çıxır ki, sevdiyim dil fəlsəfəsi ilə bağlı növbəti yazılarda daha geniş təhlil edəcəyik.

Fəlsəfə bir anlayış olaraq skeptisizmi ehtiva edir və ona görə də fəlsəfənin tərifi verilərkən skeptisizm də nəzərə alınmalıdır. Bu kontekstdə Rassel zehniyyətinə görə hər şeydən şübhələnməyin zəruriliyini vurğulayır.

Rassel skeptisizmi bir məktəbə çevirən və Piron tipli şübhə metoduna əməl edən filosoflara qarşıdır. Onun fikrincə, belə bir şübhə üsulu ilə heç bir həqiqət meyarına nail olmaq mümkün olmadığı kimi, heç bir qazanc əldə etmək olmaz. Çünki bu cür şübhə üsuluna əməl edənlərin fikrincə, hər hansı bir konsepsiyanın doğru və ya yalan olduğunu, yəni bu anlayışın mövcud olan və ya mövcud olan bir şeylə əlaqəli olub-olmadığını bizə əminliklə göstərəcək və ya təqdim edəcək heç bir həqiqət meyarı ola bilməz.

 Yəni, şübhə metod ola bilər, amma həyat tərzi deyil!

Dekartdakı şübhə riyaziyyatda tapdığımız müəyyən biliklər kimi açıq bir həqiqətə çatana qədər irəli aparılacaqdır. Bu limitə çatana qədər bütün məlumatlar bir-bir nəzərdən keçiriləcək və xaric ediləcək. Lakin burada şübhə skeptiklərdə olduğu kimi, biliyin mövcud ola biləcəyinə və düzgün biliyə çata biləcəyinə prinsipcə şübhə etmək deyil. Başqa sözlə, Dekart şübhə etmək üçün heç vaxt şübhə etmir. Dekartın şübhəsi metodoloji şübhədir. Bu, dəqiq məlumat əldə etmək üçün istifadə olunan bir vasitədir, bir yoldur. Dekart həqiqət olduğunu açıq-aydın bilmədiyi heç nəyi həqiqət kimi qəbul etmirdi. Dekartın bu yanaşmasını da məhz Rassel ən yüksək səviyyədə şərh edirdi.

Rassel də fəlsəfəni dünyaya getdikcə dərinləşən münasibətin ifadəsi kimi qəbul edir. Onun fikrincə, müasir insan tənhalığını elm və fəlsəfə ilə aradan qaldıra, fikrini ölməz şeylərə yönəldə bilər. Burdan həm də bu nəticə hasil olur ki, insan cismən ölsə də, fikrən hər zaman yaşayır.

Rasselin fəlsəfəsi əsasən elmə əsaslanan fəlsəfə olduğu üçün realist fəlsəfədir, digər tərəfdən də elmin hadisələrdə qəbul etdiyi çoxluğu qəbul etdiyi üçün plüralist fəlsəfədir. Bu kontekstdə demək olar ki, Rasselin reallıq anlayışı hər cür monizmə qarşı bir anlayışdır.

Rassel təkamülçü fəlsəfə adı altında bəhs etdiyi başqa bir fəlsəfə anlayışında Darvinin (1809-1882) təkamül nəzəriyyəsinin Spenserdəki (1820-1903) kimi bəzən çox dar olduğunu da müdafiə edirdi. Bu, aqnostikləri ateizmə yaxınlaşdırmağa çalışanlara bir zərbə idi.

Beləliklə, Bertrand Rassel bir çox düşüncə və elm adamları üçün vacib bir metodoloji yol müəyyənləşdirdi.

P.S. İstər tibbdə, istər sənayedə, istərsə də digər məsələlərdə şübhə etməyən mütəfəkkir heç vaxt toplumu aydınlandıra bilməz.

Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır