Yuxarıya
skip to main content

Sosial Tədqiqatlar Mərkəzində İƏT-in nümayəndələri ilə görüş keçirilib

05.09.2023

Sosial  Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Azərbaycanda səfərdə olan İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti ilə görüş keçirib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə hazırda bölgədə və regionda baş verən proseslər müzakirə edilib. 

Mərkəz rəhbəri bildirib ki, həm işğal dövründə, həm də ondan sonrakı dövrdə Ermənistan tərəfi insan haqlarını pozub, müharibə cinayətləri törədib və buna bütün dünya şahid olub. O daha sonra nümayəndə heyətinə faktaraşdırıcı missiya kimi 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumlarına məruz qalmış Gəncə şəhərinə və digər zərər çəkmiş şəhərlərə etdikləri səfərlərə görə təşəkkür edib.

 Nümayəndə heyətinin üzvləri çıxış edərək bildiriblər ki,  müharibə dövründə beynəlxalq humanitar hüququn qaydaları pozulub, mülki insanların yaşadıqları məntəqələri atəşə tutulub. Eyni zamanda ifadə ediblər ki, erməni tərəfinin cinayətləri barədə bütün dünyanın məlumata malik olması vacibdir və onlar bununla bağlı beynəlxalq səviyyədə mühüm işlər görəcəklər.