Yuxarıya
skip to main content

Valideynlik anlayışı ictimai rəydə

01.08.2023

Valideynlik anlayışına dair gözləntilər ailə institutunun təməllərindən biridir. İctimai fikirdə geniş yayılmış təsəvvürlərdən fərqli olaraq, valideynliyə müxtəlif tarixi dövrlərdə fərqli şəkildə anlaşılıb və icra edilib. Valideyn-övlad bağlılığının xarakteri, cəmiyyətin ata və ana qarşısında irəli sürdüyü tələblər də müəyyən tarixi inkişaf yolu keçərək dinamik səciyyə daşıyır. Ötən əsrin sonlarına doğru övlad tərbiyəsinin ənənəvi sxemləri dəyişməyə başlayıb. Hazırda eyni fenomenə müxtəlif yanaşmalar mövcud olmaqla, sanki bir-biri ilə qarşıdurmadadır.

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuda respondentlərə valideynliyə dair gözləntiləri ifadə edən iki mühakimə təqdim edib və hər biri ilə razı olub-olmadıqları soruşub. Birinci mühakimə “Valideynlər övladları üçün bacardıqları hər şeyi etməli və nəyisə qurban verməyə hazır olmalıdırlar”, ikinci isə “Valideynlərin öz həyatı var və övladlarına görə onlardan çox böyük qurban tələb etmək olmaz” kimi səsləndirilib.

Sorğu könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib və anonimlik tam qorunub. 12 iqtisadi rayon əhatə olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Sorğunun nəticələrinə görə, birinci mühakimə ilə razılaşanlar ikinci ilə razılaşanlardan əhəmiyyətli dərəcədə çoxdur. Yəni, iştirakçıların 87,3%-i valideynlərin övladları üçün hər şeyi etməli və onlar naminə qurban verməyə hazır olmalı fikri ilə, 51,9% isə valideynlərin öz həyatının olması və onlardan böyük qurbanlar tələb etməyin düzgün olmaması ilə razılaşıblar. Diqqəti cəlb edən maraqlı məqam budur ki, birinci mühakimə ilə razılaşanların 49,1%-i ikinci mühakimə ilə də razılaşıb. Bu nəticə valideynlik anlayışının, ona aid təsəvvürlərin güman edildiyindən daha mürəkkəb olduğunu və eyni fərdlərin belə sosial fenomenə münasibətinin birmənalı olmadığını göstərir.

Hər iki suala verilən cavabların gender mənsubiyyətinə görə bölgüsündə qadınlar və kişilərin cavablarında müəyyən faiz fərqləri vardır. Birinci mühakimə ilə qadınların 90,6%, kişilərin isə 84,0%-i razılaşıb, ikinci mühakiməyə münasibətdə isə faizlər uyğun olaraq, 50,3% və 53,6%-dir. Lakin hesablamalar bu fərqlərin statistik əhəmiyyətli olmadığını göstərir.

Valideynliyə fədakar yanaşmanı ifadə edən mühakiməyə verilən cavabların yaşa görə bölgüsündə də statistik əhəmiyyətli fərqlər aşkar olunmur. İkinci mühakimədə isə, yəni valideynlikdə fərdiyyətçi yanaşmada ən gənc (18-25) və ən yaşlı (65+) qrupların cavabları arasında fərq daha nəzərəçarpandır. 18-25 yaşlı respondentlərin 66,7%-i, yaşı 65-dən yuxarı olanların isə 59,5%-i valideynlərin öz həyatının olması və onlardan çox böyük qurbanları tələb etməyin qeyri-məqbul olması ilə razılaşıb. Maraqlıdır ki, birinci sualın yaşayış məntəqəsinə görə bölgüsündə fərqlər çox cüzi olsa da, ikinci mühakimədə kənd və şəhər arasında fərq bir qədər daha nəzərəçarpandır. Kənd yerlərindən olan iştirakçıların 54,5%-i, şəhərdən olanların isə 49,7%-i valideynlərin öz həyatının olması fikri ilə razılşıblar.

Cavabların məşğuliyyət növünə görə bölgüsündə diqqət cəlb edən bir neçə məqam var. Birinci mühakimə, yəni valideynlikdən fədakarlıq gözləntisi ilə ən çox razılaşanlar evdar qadınlar (100%) və təqaüdçülərdir (90%). İkinci, yəni valideynliyə fərdiyyətçi yanaşma ilə ən az razılaşanlar da məhz evdar qadınlar qrupudur (38%).

Təqdim olunan iki mühakimə mənaca bir-birinin ziddi olduğundan elə güman yarana bilərdi ki, onlardan biri ilə razılaşma, digərinin inkarı nəticəsində mümkündür. Lakin alınan nəticələr də göstərir ki, valideynlik ideologiyaları real həyatda eyni zamanda mövcud olur və fərdlərin davranışını şərtləndirir.