Yuxarıya
skip to main content

Bərabərsizliyə qlobal baxış: İnsanlar ədaləti necə başa düşür?

06.07.2023

Dünyada bərabərsizlik gənc nəsil üçün daha aktual məsələdir. Onlar böyüklərə nisbətən daha az zəhmət və ləyaqətlərinin mükafatlandırıldığı cəmiyyətdə yaşadıqlarına inanırlar. Ancaq bərabərsizliyin necə təyin olunduğu və bu səbəbdən kimlərin əziyyət çəkdiyi barədə müxtəlif qruplar arasında yanaşmalarda bəzi mühüm fərqlər var.
“Ipsos” beynəlxalq tədqiqatlar mərkəzi ilk dəfə dünyada insanların ədaləti necə başa düşdüklərini, müxtəlif qrupların üzləşdikləri ayrı-seçkiliyi necə qavradıqlarını, bununla bağlı əldə edilən irəliləyişləri necə qiymətləndirdiklərini və bu vəziyyəti yaxşılaşdırmaq üçün kimlərin məsuliyyət daşımalı olduğunu düşündüklərini incələyib. Qarşıdakı illərdə durumun necə dəyişdiyini izləmək üçün  araşdırmanın inkişaf etdiriləcəyi bildirilir.
Dünyanın 33 fərqli ölkəsinə nəzər salan araşdırmanın nəticəsi göstərir ki, gənclər bərabərsizliyə daha həssasdırlar və hər növbəti nəsil bərabərsizliyi öz ölkəsində daha mühüm məsələ hesab edir. 1945-1965-ci illər arasında doğulanlar bu fikirlə razılaşmayan yeganə nəsildirlər. Eyni zamanda gənc nəsillər meritokratiyada yaşadıqları  fikrinə getdikcə daha çox şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, struktul amillər həyatda nə qədər uğurlu olacaqlarını müəyyən edən vacib  faktorlardır. Onlar həm də daha çox düşünürlər ki, gerçək ədalətli cəmiyyət hər kəsə bərabər imkanlar təklif edən deyil, hər kəsə eyni həyat keyfiyyətini təmin edən cəmiyyətdir.
Araşdırmanın nəticəsi göstərir ki, gənc nəsil yaşadıqları cəmiyyətdə yaşlı insanlara ədalətsiz davranıldığını daha az düşünür. “Z” nəsli yeganə nəsildir ki, gənclərlə yaşlı vətəndaşlardan daha pis davranıldığını düşünür. 
Digər bir istisna gender bərabərliyi ilə bağlıdır. Belə ki, gənc nəsil qadınların ədalətsiz rəftardan əziyyət çəkdiyini düşünməyə meyilli deyil. Qadınlar kişilərə nisbətən daha çox düşünürlər ki, əlillər, nevroloji problemləri olanlar, psixi sağlamlığı zəif olanlar və özünü LGBT kimi tanıdanlarla ədalətsiz, qeyri-bərabər rəftar olunur.
Təəccüblü deyil ki, qadınlar kişilərdən daha çox qadınlara, kişilər isə qadınlardan daha çox kişilərə ədalətsiz davranıldığını düşünür. Ancaq yaş ayrı-seçkiliyi, dini ayrı-seçkilik, irqçilik və ksenofobiya ilə bağlı məsələlərə kişilərlə qadınların yanaşmasında elə bir fərq yoxdur.
Maraqlı nəticələrdən biri budur ki, varlılar və yüksək təhsillilər bərabərsizlikdən daha çox narahatdırlar və vəziyyəti düzəltmək üçün irəli getmək lazım olduğunu fikirləşirlər. Nəticələr göstərir ki, müəyyən bir ölkənin vətəndaşlarının oradakı bərabərsizlikdən nə dərəcədə narahat olmaları, həmin ölkədə gəlirlərin necə bölüşdürülməsi ilə bağlıdır. Ümumi yanaşma belədir ki (Polşa xaric), bərabərsizliyi aradan qaldırmaq üçün daha çox iş görmək lazımdır. Bütün dünyada vətəndaşlar öz ölkələrində bununla bağlı vəziyyətin yaxşılaşdırılmasında ilk növbədə hökumətin məsuliyyət daşıdığı fikrini qəbul edirdilər. Qlobal vətəndaşların təxminən yarısı uğurlarının onların fərdi səylərinin nəticəsi olduğuna inansa da, bu, cəmiyyətin daha ədalətli olması üçün kimin məsuliyyət daşımalı olduğu fikrində əks olunmur.

Mənbə: https://www.ipsos.com/sites/default/files/ct/news/documents/2023-07/Ipsos%20-%20Equalities%20Index%202023%20-%20Full%20report.pdf

Şəfanə İbrahimova