Qadınların sosial rolları ictimai rəydə
Qadın bioqrafiyasına aid normativ təsəvvürlər həm cəmiyyətin norma və dəyərləri, həm də sosial strukturun aktual imkan və tələblərindən asılı olaraq daim dəyişir. Bir qayda olaraq, müxtəlif təsəvvürlər eyni zamanda mövcud olmaqla, bir növ bir-birilə mübarizədə olur. Çox zaman üstün olan təsəvvürlər cəmiyyətdə hakim “gender müqaviləsi” ilə uzlaşsa da, bəzən ona uyğunsuz və ya zidd də ola bilər.
Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğularında respondentlərə qadınlara aid üç fikirdən hansı ilə daha çox razılaşdıqları soruşulub: 1) qadınların əsas işi ailə və uşaqlara baxmaqdır; 2) qadınlar iş həyatında və ictimai həyatda iştirak etməlidirlər; 3) qadınlar həm iş həyatı, həm də ailə həyatında fəal olmalıdırlar.
Sorğu könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib və anonimlik tam qorunub. 12 iqtisadi rayon əhatə olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.
Rəyi soruşulanların 14,3%-i qadınların əsas işinin ailə və uşaqlara baxmaq olduğunu, 4,6%-i qadınların iş həyatında və ictimai həyatda iştirak etməli olduqlarını, 79,7%-i isə onların həm iş həyatı, həm də ailə həyatında fəal olmalı olduqlarını qeyd ediblər.
Verilən cavablarda ciddi gender fərqləri üzə çıxıb. Belə ki, qadınların əsas işinin ailə və uşaqlara baxmaq olduğunu düşünənlər kişilər arasında 20,7%, qadınları arasında isə 8,1%-dir. Onların həm iş, həm də ailə həyatında fəallığının vacibliyini vurğulayanlar isə, əksinə qadınlar arasında daha çoxdur. Qadınların 88,2%-i, kişilərin isə 71,2%-i bu fikirlə razılaşıb.
Respondentlərin təhsil səviyyəsinin cavablara təsiri aydın şəkildə özünü biruzə verib. Belə ki, qadınların həm iş, həm də ailə həyatında fəallığının vacibliyi fikri ilə, orta təhsillilərin 73,4%-i, texniki-peşə təhsillilərin 85,2%-i, ali təhsilli respondentlərin isə 93,7%-i razılaşıb. Qadınların əsas işinin ailə və uşaqlara baxmaq olması fikri ilə razılaşanların təhsil bölgüsündə isə əks tendensiyanı izləmək olar. Orta təhsillilərin 20,2%-i, texniki-peşə təhsillillərin 7,4%, ali təhsillillərin isə 4,2%-i bu fikirlə razılaşıb.
Məşğuliyyət bölgüsündə diqqət çəkən məqam qadınların hər iki sahədə fəallığının vacibliyi fikri ilə daha çox iki qrupun - dövlət sektorunda işləyənlərin (84,3%) və evdar qadınların (85,7%) razılaşmasıdır. Başqa sözlə, evdar qadınların əksəriyyətinin yalnız özəl sahədə fəallıq göstərmələrinə birmənalı yanaşmadığını güman etmək olar. Qadınların əsas işinin ailə və uşaqlara baxmaq olması fikri ilə razılaşanlar daha çox çox fərdi əmək fəaliyyəti (26,3%) ilə məşğul olanlar, həmçinin işsiz olub, iş axtaranlar (28,2%) arasındadır.
Gəlir səviyyəsi artdıqca qadınları yalnız özəl sahədə görən respondentlərin sayı azalır, həm özəl, həm də ictimai sahədə fəallığını məqbul hesab edənlərin sayı isə artır.