Yuxarıya
skip to main content

Yeniliyin üsyankar notları

03.07.2023

1980-ci illərdən sonra Qərb dünyasında qəribə yeniliklər ortaya çıxırdı. Umberto Eko 1980 sonrasının dünyasını tam yenilik səhifəsi sayır. Əslində bu, hardasa bir qədər qəribə gələ bilər. Çünki Renessans çağı özlüyündə nəinki yeni, inqilabi bir dövr oldu və bütün dünya tarixini, elmini, kültürünü, yaşayış tərzini ciddi formada özündən əvvəlki dövrlərdən fərqləndirdi.

Sadəcə “orta əsr zülmətindən qaçış” bir növ mahiyyəti dəyişdi. Formalar o qədər də fərqli deyildi. Həmin dövrün psixologiyası yeniliyi təkrarlamaq prosesinin aktiv rol aldığı zamanlar idi. Sorokin sonrakı dövrləri buna görə daha “məhsuldar” hesab edir. Qərbdə insani münasibətlərin laxlamağı, intibah dövründən sonra ortada olan siyasi və sosial qarmaqarışıqlar ortaya yeni ideyalar bəxş etməklə kifayətlənmir, bütünlükdə incəsənətdə, musiqidə fərqli janrlara və tiplərə yön verirdi.

Tərz olaraq rok musiqidən daha sakit görünən, amma birbaşa siyasi proseslərin təsiri ilə yaranan rep musiqisinin önəmini kiçiltmək olmaz. Ümumiyyətlə, siyasət birbaşa kültürlə bağlı olduğu üçün hər bir siyasi dəyişikliklər və ideoloji mübarizələr sonrasında fərqli və yeni bir şeylər yaradır. Özü də bu yeniliklər iyirminci əsrin sonlarında bütün mahiyyəti ilə tam fərqli olurdu. Modernizmin ənənələrdən qopa bilməmə axsaqlılğından ortaya çıxan yeni cərəyanlar, janrlar, hərəki proseslər tamamilə yeni və orijinal olması ilə seçilirdi.

Siyasətin təkan verdiyi dəyişikliklər Qərbdə “fanzine” anlayışının ortaya çıxmağı ilə nəticələndi. Anlayışın mahiyyətində hansısa qarşılıq gözləmədən nəsə yeni bir şey yaratmaq dayanırdı. Kapitala dayanmamağı, hansısa gəlir və mənfəət güdülməməsi fanzin üçün əsas idi. Daha çox siyasi dəyişikliklər və təlatümlər nəticəsində yaranan fanzin bütün sahələri əhatə etdi. Ona görə də fəlsəfi fikir daşıyıcıları və kulturoloqlar bütün sahələri özündə birləşdirməyi bacaran fanzin anlayışını ortaya atdı.

 

Ekzistensional fəlsəfənin azad fərdə və yaradıcılıq tandeminə çox bənzəyir. Ekzistensionalistlər də inanırdı ki, insanlara peşəkarlıq tələbini qoymaq ilk başlar üçün çox lazımsızdır və gələcəkdə böyük təkamül prosesi keçə biləcək fərdlərin bəri başdan əngəllənməsidir. Müasir biznes dünyası üçün bu yanaşmalar bir dərs olmalıdır. Şirkətlərin bir çoxu gözümüzün önündə işçi yetişdirmək, əziyyət çəkmək yerinə ilk başdan insanlardan o qədər bacarıqlar istəyir ki, bu haradasa işgüzar ədalətsizliyə söykənir. Bazar iqtisadiyyatına görə bu, çox praqmatik addım ola bilər, amma fəlsəfə və estetika açısından heç də uğurlu və cəmiyyətə töhfə verəcək strategiya sayılmır

Ədəbiyyat fanzinləri arasında şeir, hekyə, bədii mətn timsalında siyasi problemləri dilə alan əsərləri və yaradıcılıq formalarını göstərə bilərik. Bunun dünyada bir çox nümayəndəsi var. Kimiləri Dostoyevskini də bu siyahıya sala bilər. Qərb Çak Palanik timsalında bunun ən yaxşı və bilinən təsəvvürünü yaradıb. Bəlli bir məğzi olmayan fanzinlər geniş yayılıb. Burada konkret bir hadisədən təsirlənməyən, hansısa bir qayda-qanun çizgisi müəyyənləşməmiş, konkret bir hadisədən yaranmayan örnəklər daxildir. Hansısa bir rəssam da, karikaturist də bu fanzinlərdən yararlana bilir. Məğz yoxdur, fikir var. Səbəb yoxdur, nəticə var. Mütləq bir istinadı yoxdur, amma ağır sosial yükü və mesajı mövcuddur.

Çox insana sadə və rahat gələn rep musiqi beləcə kültürəl və siyasi proseslər nəticəsində “getto”lardan doğulmağa başladı. Rep musiqinin konret yaranması 1970-ci illərin əvvəllərinə aiddir. Amerikan qara dərili gənclərin Nyu Yorkda bir araya gələrək yaratdığı rep indi dünyada samballı bir tərəfdar kütləsinə malikdir. Daha çox Bronks, Harlem kimi qara dərililərin istismara və ayrı-seçkiliyə məruz qaldığı bölgələr repin xammalı oldu. Repə qədər mövcud olan blyuz, şeirin musiqi ilə ifadəsi sayılan fank və ritmik rəqs RNB-nin qarışdırılmağı ilə ilk rep örnəkləri yarandı. “Freestyle” dediyimiz indiki forma repin ilk adıdır.

 

Tərz sərbəst və rahat idi, xüsusi bir bəstəkarlıq və not biliyi tələb etmədiyi üçün bu adı daha uyğun gördü zəncilər. Rap dilimizə tərcümədə vuruş kimi də səslənə bilir. İnsanların reklam və qaydalardan qaçmağı, oturuşmuş dəyərlərdən “nəfəs almaq ehtiyacı”ndan doğan “getto” qraffiti sənəti də repə təsir etdi. Nəsə çəkə bilirdilərsə, nəsə deyə də bilərdilər.

Göründüyü kimi, rep musiqi mürəkkəb tarixi təkamül prosesinin nəticəsi olaraq yaranaraq, dünyanın populyar musiqi janrı oldu. Notlara və bəstələrə deyil, fikir və sözə yüklənən rep musiqisinin dəyişən dünyanın tələbləri ilə gələcəkdə yeni formalar ilə daha zənginləşəcəyi və digər musiqi növləri ilə birləşib daha da seviləcəyinə şübhə yoxdur.

Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır