Yuxarıya
skip to main content

Rusiya-Ukrayna müharibəsi Azərbaycan ictimai rəyində

13.06.2023

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan cəmiyyətinin Rusiya-Ukrayna müharibəsinin  başlanma səbəbləri və yekunları, nəticələri ilə bağlı fikirlərini öyrənmək məqsədi ilə rəy sorğusu keçirib.

Sorğunun nəticələrinə əsasən, Rusiya-Ukrayna müharibəsinin başlanmasının əsas səbəbləri olaraq respondentlərin 32,2%-i Rusiyanın qlobal maraqlarını, 31,2%-i isə Ukraynanın Qərb təşkilatlarına (Avropa İttifaqı və NATO) üzv olmaq istəyini qeyd edib. Respondentlərin 28,1%-i müharibənin başlanmasını Rusiya hökumətinin yanlış strateji hesablamaları, 26%-i Qərbin Ukraynanı silahlandırması, 15,6%-i Ukraynada Qərbyönümlü hakimiyyət dəyişikliyi, 5,7%-i Ukraynada artan millətçilik amilləri ilə əsaslandırıb. İştirakçıların 9,6%-i digər cavab variantını qeyd edib, 3,9%-i bu suala cavab verməkdə çətinlik çəkib.

Respondentlərin 33,3%-i bu müharibədə Ukraynanın, 32,7%-i Rusiyanın qalib gələcəyini düşünür. Maraqlıdır ki, onların 11,4%-i bu suala “Qərb” (NATO və Avropa İttifaqı) cavabını verməklə, əslində müharibənin qazanan tərəfinin Qərb təsisatları olduğunu düşündüyünü ifadə edib. İştirakçıların 15,8%-i bu müharibədə heç bir tərəfin qalib gəlməyəcəyini bildirib. 1,8%-i digər cavab variantlarını səsləndirib, 4,9%-i isə bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Rusiya-Ukrayna müharibəsində hansı tərəfinin qalib gələcəyini düşünənlərin yaş kateqoriyaları üzrə çarpaz müqayisəsi əsasında qeyd etmək olar ki, 55 yaşa qədər olan respondentlərin daha çox hissəsi Rusiyanın, 56 və yuxarı yaş qrupuna aid respondentlərin daha çox hissəsi isə Ukraynanın qalib gələcəyini düşünür. Beləliklə iddia etmək olar ki, respondentlərin xüsusilə yüksək yaşlı qrupunda bu müharibədə Ukraynanın qalib gələcəyinə dair əminlik payı daha yüksəkdir.

Respondentlər arasında orta təhsillilərin 35,2%-i Rusiyanın, 37,5%-i Ukraynanın, ali təhsillilərin 27,3%-i Rusiyanın, 24,8-i Ukraynanın qalib gələcəyini düşünür.

Rusiya-Ukrayna müharibəsinin başlanma səbəbləri və hansı tərəfin qalib gələcəyinə dair respondent rəyləri arasında çarpaz müqayisələrə görə, Ukraynada Qərbyönümlü hakimiyyət dəyişikliyinin müharibəyə səbəb olduğunu vurğulayanların əksəriyyəti (48,3%), həmçinin Ukraynada artan millətçiliyin müharibəyə səbəb olduğunu vurğulayanların əsas hissəsi (42%) Rusiyanın müharibədə qalib gələcəyini düşünür. Bunun əksinə olaraq, müharibəyə Rusiya hökumətinin yanlış strateji hesablamalarının səbəb olduğunu vurğulayanların əksəriyyəti (49,1%), həmçinin müharibəyə Rusiyanın qlobal maraqlarının səbəb olduğunu vurğulayanların əsas hissəsi (41,6%) isə Ukraynanın müharibədə qalib gələcəyini təxmin edir.

Sorğular 2023-cü ilin 14-17 may tarixlərində, könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib və anonimlik tam qorunub. Sorğularda telefonla müsahibə formasından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.