Yuxarıya
skip to main content

Azərbaycan-Türkiyə münasibətlərinin tarixi, siyasi və sosial inkişaf dinamikası

17.05.2023

Azərbaycan Respublikasının müstəqillik illərində həyata keçirdiyi xarici siyasət kursunun, xüsusən də Türkiyə ilə siyasi və sosial münasibətlərinin qurulması və inkişafı probleminin elmi-nəzəri cəhətdən araşdırılması, bu sahədə həyata keçirilən tədbirlərin, onların nəticələrinin ümumiləşdirilməsi, obyektiv qiymətləndirilməsi mühüm elmi və praktik əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan özünün geostrateji mövqeyinə görə tarix boyu bir çox böyük dövlətlərin maraqlarının toqquşduğu siyasət meydanına çevrilmişdi. Belə mürəkkəb, mənafelərin toqquşduğu ziddiyyətlər meydanı olması Azərbaycan dövlətinin, xüsusən də müstəqilliyinin ilk illərində, xarici siyasət fəaliyyətində son dərəcə diqqətli olması zərurətini doğurmuşdur. Müstəqilliyin bərpasından əvvəlki illərdə Azərbaycanın dil, mənəvi, tarixi, mədəni və siyasi cəhətdən sıx tellərlə bağlı olduğu Türkiyə dövləti ilə hər hansı formada yaxınlaşmaq cəhdi, onun xarici siyasətinin dini, etnik təəssübkeşlik prinsipləri əsasında həyata keçirilməsi və bu əməkdaşlığın “pantürkizmə”, “panturanizmə” meylli olması haqqında ittihamlarla müşayiət olunurdu.

Azərbaycan Türkiyə ilə həm qonşu həm də tarixi irs, kökən, din, dil, adət, ənənə və mədəni cəhətdən yaxın iki xalqdır. Azərbaycan-Türkiyə mədəni əlaqələrinin tarixi və milli-mənəvi kökləri bir-biri ilə qırılmaz surətdə bağlı olan bir sıra amillərlə şərtlənir. Etnik, tarixi, milli-mənəvi və ictimai-siyasi təməllərə söykənən bu qardaşlıq bağları çox qədim və zəngin ənənə üzərində qurulmuşdu. Tarixin müxtəlif dövrlərində yaxınlıq münasibətləri və qurulan əlaqələrin inkişaf dinamikası nəticəsində bu iki xalq haqqında “bir millət, iki dövlət” ifadəsi artıq daha çox istifadə edilməyə başlamışdı. Azərbaycanlılar Türkiyənin siyasi və ictimai həyatında fəallıq göstərib. Azərbaycan və Anadolu türkləri əsrlər boyu “bir-biri ilə sıx əlaqədə olmuş, bir-birinə kömək etmiş, arxa durmuşlar. Məhz buna görə də heç təsadüfü deyil ki, Azərbaycanın bir çox görkəmli şəxsiyyətləri tarixin ayrı-ayrı mərhələlərində Türkiyədə fəaliyyət göstərmiş, orada öz istedadlarını tamamilə büruzə verə bilmişlər, həm Türkiyə xalqı qarşısında, həm də Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişlər. Onların hamısı iki ölkə arasındakı dostluğun, qardaşlığın böyük tarixidir, rəmzidir. Türkiyənin ictimai-siyasi, mədəni həyatına müsbət təsir göstərməklə yanaşı, həm də Türkiyə ictimaiyyətində Azərbaycan haqqında obyektiv fikir yaradılmasında əvəzsiz xidmət göstərib. Mühacirlər tərəfindən “Azərbaycan”, “Azərbaycan Yurt Bilgisi”, “Azəri Türk”, “Odlu Yurt” adlı jurnallar nəşr edilmişdi. Türkiyədə yaşayan azərbaycanlılar Türkiyənin ictimai-siyasi həyatında fəal iştirak edib.

Türkiyədə milli mübarizənin müxtəlif cəbhələrində də xeyli azərbaycanlı zabit və əsgər könüllü olaraq xidmət etmişdir. Bunların önəmli bir qismi, İstiqlal Savaşından sonra da orduda qalmış və müxtəlif üst rütbələrə qədər yüksəlmişdir. Bunların arasında, Albay Səmədin (Sayqın) , Albay Yusif Xəzərli, Topçu Albay Mehmed Akpolat, Topçu Albay Aslan Berkan, Albay Salih Aksoy, süvari Albay Firidun Daryal, hava General Cihangir Berker, hava General Hüseyin Turgut ilk anda sayıla biləcək onlarca isimlərdən bəziləridir. Azərbaycan milli ordusunun dağılması ilə Türkiyəyə gələrək Qurtuluş Savaşına qatılan azərbaycanlı zabitlərlə birlikdə milli mübarizə dönəmində Azərbaycanlı zabitlərdən ibarət kiçik bir qrup da vardı. Bunlar, Azərbaycan Xalq Cumhuriyyəti ilə Osmanlı Dövləti arasında bağlanmış olan hərbi müqavilə asasında İstanbulda təlim görən zabitlər idi. Onlar da təlimlərini tamamladıqdan sonra türk ordusuna qatılıb və ən yüksək rütbələrə qədər yüksəlmişdir. Bunların arasında ordu generalı Mahmud Berköz ilə Jandarma Baş Komutanlığında (Daxili Qoşunlar Komandanlığı) olan ordu generalı Nuri Berközü, bir dönəm Qars millət vəkili olan Kurmay Albay Hüsamettin Topaçı yad edə bilərik.

Bununla belə, ümumilikdə XX əsrin 90-cı illəri təkcə Azərbaycan üçün deyil, bütünlükdə Türküyə üçün də əlamətdar hesab edilə bilər. Belə ki, XX əsrin 90-cı illərinə qədər türk dünyasını beynəlxalq aləmdə təkcə Türkiyə Respublikası təmsil edirdi. 90-cı illərin başlanğıcında SSRİ-nin dağılması nəticəsində daha beş Türk dövlətinin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqillik qazanması ilə türk dünyasında gözə çarpacaq bir canlanma başlandı. Bu mənada XX əsrin sonları Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə çoxcəhətli əlaqələrin qurulduğu dövrdür. Bu qarşılıqlı yaxınlaşma dünyada və xüsusən də, Avropada gedən inteqrasiya prosesləri ilə üst-üstə düşür və iki dövlətin həyati mənafeyindən doğduğuna görə getdikcə daha çox aktuallıq kəsb edir. Lakin göstərilən dövrdə, bəzən isə hal-hazıra qədər dünya dövlətlərinin Azərbaycanda baş verən hadisələrə münasibəti birmənalı olmamış, dövlətlərimiz arasında münasibətlərə bir qədər ehtiyatla yanaşılmışdı. Bu yanaşma təkcə siyasi dairələrdə, rəsmi səviyyədə deyil, həmçinin elmi araşdırmalarda, azərbaycanlıların müəyyən rəsmi qurum və sektorlarda fəaliyyətində da özünü göstərmişdi

Azərbaycan iqtisadiyyatı bu gün dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biridir və ölkədə hər bir sahənin inkişaf yolunda olduğu hiss olunur. Bütün bunların memarı kimi Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev tanınır. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələri ilə birlikdə 19 oktyabr 2018-ci il tarixində törəmə şirkəti olan SOCAR Türkiyə tərəfindən uğurla davam etdirilmişdir. Əliağada real sektorun 6,3 milyard dollarlıq sərmayə ilə ən böyük layihəsi olan STAR Neft Emalı Zavodu, Petkim Külək Elektrik Stansiyası, Petlim Konteyner Limanı və Aliağa Baş Qərargah binasının açılışı və Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP). ) Avropa bağlantısı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən həyata keçirilib.

Regionda maraqları toqquşan dövlətlərin alimləri, dövlət, siyasət və mədəniyyət xadimləri arasında hadisələrə obyektiv, qərəzsiz yanaşma ilə bərabər, bəzən qərəzli, obyektivlikdən uzaq araşdırmalara da rast gəlinir. Belə ki, Azərbaycanın dil, mənəvi, tarixi, mədəni və siyasi cəhətdən sıx tellərlə bağlı olduğu Türkiyə və Türk dövlətləri ilə hər hansı formada yaxınlaşmaq cəhdinə həqiqətə və məntiqə uyğun gəlməyən mənalar verilir, dünyanın eyni kökdən olan xalqları üçün tamamilə təbii sayılan əlaqələri Azərbaycan-Türkiyə mədəni əlaqələri üçün arzuolunmaz hesab edilirdi. Bu mənada Azərbaycan-Türkiyə mədəni əlaqələrinin araşdırılması siyasi və ideoloji cəhətdən, siyasi-diplomatik münasibətlərin yeni və daha doğma bir mərhələsinə yol acmaq baxımından da əhəmiyyətlidir. Mədəni əlaqələrimizin öyrənilməsi hər iki xalq arasında qarşılıqlı mənəvi zənginləşmə zərurətindən irəli gəlir. Tarix göstərir ki, Azərbaycanın azadlıq və istiqlaliyyəti Türkiyə və Türk xalqları ilə yanaşı Rusiya, İran, Gürcüstan və s dövlətlərlə siyasi-mədəni-tarixi əlaqələr kontekstində mövcuddur. Belə ki güclü siyasi və mədəni münasibətlərin qurulması ideyası Türkiyə və region dövlətləri sıx mədəni əlaqələr bizim müasirləşməmizə, dünya dəyərlərini mənimsəməmizə, dünyanın qabaqcıl millətləri sırasında, demokratik, maariflənmiş, müasir bir cəmiyyət kimi tanınmağımıza yardım etməlidir. Türkiyədəki azərbaycanlılar, mədəni və dil yaxınlığına görə Türk cəmiyyətinə yaxşı inteqrasiya edilmiş olaraq qəbul edilməkdə. Bununla birlikdə dində fərqlər (azərbaycanlıların əsasən şiə, türklərin əsasən sünni olması) tarixi yaddaş və etnik, milli şüur dialektdə və özünü dərk etməkdə qalır. 90-cə ildən bu günə Türkiyə universitetlərində 100.000 dən çox Azərbaycanlı təhsil alıb.

Azərbaycan bu gün öz ana dilinin hakim olduğu çətin coğrafiyada tarixin heç bir dövründə olmadığı qədər müstəqil və yerləşdiyi regionun ən güclü dövlətidir. Dövlət güclədikcə onun ana dili, mədəniyyəti və milli dəyərləri də daim yüksəlmişdir. Ordusu, siyasi-iqtisadi potensialı, müstəqilliyi qorumaq və işğaldakı Qarabağın azadlığını təmin etmək prinsipi üzərində qurulmuşdu. Dünya xalqlarının hər birində olduğu kimi Azərbaycan xalqında da kökünə, soyuna, ilkin maddi-mənəvi dəyərlərinə qayıdış meyli son zamanlar güclənmişdi. 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün sürən vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə nəticələnməsi milli-mənəvi dəyərləri daha da möhkəmlətdi. Bu müharibə ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Hakimiyyət, xalq və ordu bu sınaqdan böyük uğurla çıxaraq tarixə şanlı günlər və səhifələr yazdırdı. Türkiyə bu mübarizədə hər zaman siyasi və mənəvi dəstəyi ilə hər zaman Azərbaycanın yanında oldu.

2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə iki qardaş ölkənin birlik və həmrəyliyinin tərənnümü olmaqla bərabər, özündə üç mühüm tarixi ehtiva edir: Birincisi, bu Bəyannamə tarixi Qars müqaviləsini yeni çalarlarla təsdiqlədi; İkincisi, bu sənəd ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını özündə yaşadan Milli Qurtuluş Günündə imzalandı; Üçüncüsü isə iki qardaş lider tarixi sənədə Qafqazın incisi, türk dünyasının qeyrət qalası sayılan Şuşada imza atdılar. Hazırda davamlı inkişafda olan Azərbaycan-Türkiyə münasibətləri bütün beynəlxalq təşkilatlarda olduğu kimi, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi beynəlxalq və regional təşkilatlar, həmçinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə, Azərbaycan-Türkiyə Qarışıq Komissiyası kimi mexanizmlər çərçivəsində genişlənməkdə və möhkəmlənməkdədir.

Xalq ruhunun, milli mənəviyyatın bütün ifadə çalarlarını və xüsusiyyətlərini qoruyub saxlayan milli-mənəvi dəyərlər bu qayıdışa rəvac verən sönməz idrak, solmaz təfəkkür, orijinal dünya duyumudur. Azərbaycan xalqlarının vahid kökə, ortaq mədəniyyətə söykənən bu irsinə müxtəlif coğrafi məkanlar kontekstində baxılsa görünür ki Türkiyə və Azərbaycan ilə uzun illər olan yaxın münasibətlərdə də bu qövmin milli-mənəvi dəyərləri bölünməmiş, tarixi sınaqlarda bütövlüyünü qorumuşdur. Tarixin müxtəlif dövrlərində ideoloji aşınmalara, siyasi rejimlərin basqısına məruz qalan Azərbaycan xalqı mənən məğlub olmamış, öz etnik-mədəni sistemini qoruyub saxlamışdır.

 

                                                                    Əfqan Vəliyev

                                        Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri