Azərbaycan daha bir qələbə qazandı
Azərbaycanın Laçın-Xankəndi yolunda qurduğu sərhəd-buraxılış məntəqəsinin çox böyük əhəmiyyəti var. Belə ki, 44 günlük Vətən müharibəsində qazandığımız Qələbədən sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan bölgəyə qanunsuz silah-sursat daşınmasını, həmçinin separatçıların və onların havadarlarının Azərbaycanın icazəsi olmadan ərazilərimizə daxil olmasını müşahidə edirdik. Həm 30 illik işğal dövründə, həm də son iki il yarım müddətdə ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarı prosesi baş verirdi. Nəticədə təbiətimizə çox böyük ziyan dəyirdi. Hesab edirəm ki, sərhəd-buraxılış məntəqəsinin qurulması həm Azərbaycanın tələb etdiyi beynəlxalq hüquq tərəfindən nizamlanan, həm də ölkəmizin haqqı olan bəzi məsələlərin qaydaya düşməsinə səbəb olacaq.
Cənubi Qafqazda Azərbaycanın rəhbərliyi ilə çox mühüm iqtisadi layihələr reallaşır. Postpandemiya dövrünün iqtisadi inkişafı məhz Azərbaycanın mərkəzində dayandığı layihələrin həyata keçirilməsi ilə mümkün olacaq. Bu baxımdan hesab edirəm ki, sərhəd-buraxılış məntəqəsinin qurulmasının Qarabağın dirçəldilməsindən sonra bölgənin turizm mərkəzinə və iqtisadi mərkəzə çevrilməsi prosesində mühüm əhəmiyyəti olacaq. Azərbaycan artıq öz ərazilərinə kimlərin daxil olacağına nəzarət etməklə bərabər, həmçinin quraşdırılmış yüksək səviyyəli texnologiyalar və skanerlər vasitəsilə Qarabağa gedib-gələn yüklərdən də məlumatlı olacaq.
Azərbaycan digər ölkələrin ərazisində sərhəd-buraxılış məntəqəsi qurmasına qarışmır. Digər dövlətlər də Azərbaycanın öz ərazisində sərhəd-buraxılış məntəqəsi qurmasına əsla müdaxilə edə bilməz. Azərbaycanın öz suveren ərazilərində sərhəd-buraxılış məntəqəsi qurması ilə bağlı proqnozları aylar əvvəl vermişdik. Bu, çox labüd məsələ idi. Nəzərə almaq lazımdır ki, beynəlxalq hüquq kontekstində hər bir dövlətin öz ərazilərində sərhəd-buraxılış məntəqəsi qurması onun müstəsna hüquqlarından biridir.
Azərbaycan suveren ərazilərində qanuni hüquqlarını yüksək səviyyədə təmin edib. Ölkəmizin son dövrlərdə Ermənistana, həm də Xankəndi və ətrafında müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarına xəbərdarlıqlarına baxmayaraq, Ermənistandan ərazilərimizə qanunsuz silah-sursat daşınması prosesi sürətlə davam etdirdi. Bu baxımdan da sərhəd-buraxılış məntəqəsinin qurulması ilə ərazilərimizə qanunsuz yüklərin daxil olmasının qarşısı alınacaq. Ölkəmizin bu hüquqi addımı bizim növbəti qələbələrimizdən biridir.
Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır