Türkiyədə prezident seçkiləri - 2023 Azərbaycan ictimai rəyində

27.04.2023

“Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər.  

Əminəm ki, əziz qardaşım bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir”.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

16 mart 2023-cü il

Beynəlxalq təhlükəsizlik sisteminin yenidən formalaşdığı və ənənəvi dünya nizamının dəyişdiyi hazırkı mürəkkəb şəraitdə Türkiyə Respublikasında mayın 14-də keçiriləcək prezident seçkiləri mühüm tarixi hadisə hesab olunur. Seçkilərlə bağlı aparılan obyektiv ictimai rəy sorğularında əsas rəqiblərin tərəfdar sayı təxminən bərabər qiymətləndirilsə də, ölkə miqyaslı on üç seçkinin qalibi, iyirmi illik təcrübəsi və beynəlxalq siyasətdə aktiv rolu ilə Rəcəb Tayyib Ərdoğanın öndə olduğu inkarolunmazdır.

Seçkilərin nəticələri təkcə Türkiyədə deyil, Balkan ölkələrindən Qərbə, Orta Şərqdən Afrikaya, türk dünyasından islam aləminə qədər - “könül coğrafiyası” adlandırılan geniş bir məkanda maraqla izlənilir. Təkcə Türkiyə üçün deyil, region ölkələrinin maraqları və beynəlxalq siyasətin gələcəyi baxımından 20 illik daxili və xarici siyasətin davam etdirilməsi, yaxud kardinal dəyişməsi dünyada geniş müzakirə olunur.

Şübhəsiz, son iyirmi illik dövr Türkiyənin dövlətçilik tarixində ən sürətli dəyişikliklərlə, miqyaslı tranformasiyalarla zəngin olub.

Türkiyə dövlətinin konstitusion idarəçilik modelinin dəyişməsi fonunda lider amilinin mühüm faktora çevrilməsi onun qlobal rolunun artmasına mane olan  ənənəvi hökumət böhranlarının aradan qalxması özü ilə bərabər xarici təzyiqləri də artırıb, demokratiya və insan haqları adı altında kənar müdaxilələri intensivləşdirib, etnik-milli qrupların, siyasi və dini cərəyanların toqquşdurulması cəhdlərini artırıb.

Lakin Türkiyənin daxili və xarici siyasətinin mərkəzində müstəqil və suveren  inkişaf yolu dəyişməyib, xüsusilə də son 20 ildə türk xalqının milli dəyərlər əsasında dünyada mövqeyi güclənib, daha geniş coğrafiyalarda məhz mədəniyyət, din və millət idealları əsasında əməkdaşlıq formatları genişlənib.

Siyasi qütbləşmə və çevrilişlərlə dolu onillərdən sonra siyasət xarici diqtə və göstərişlərin, çevriliş və hökumət böhranlarının nəticəsində deyil, milli ənənələr və əxlaqi dəyərlər zəminində yenidən qurulub, cəmiyyətin dövlət həyatına nüfuz etməsinə və xalqın öz taleyinin sahibi olmasına imkan yaranıb.

Yeni siyasi sistemin formalaşması ölkənin regional və beynəlxalq miqyaslı xarici missiya və hədəflərə doğru hərəkətini gücləndirib.

2002-ci il seçkilərinin “Tək başına, iş başına”, 2007-ci il seçkilərinin “Durmaq yox, yola davam”, 2011-ci il seçkilərinin “Sabitlik sürsün, Türkiyə böyüsün”, 2015-ci il seçkilərinin “Sən, mən yox, Türkiyə var”, 2018-ci il seçkilərinin “Vaxt, Türkiyənin vaxtıdır” şüarları 2023-cü il seçkilərində  “Türkiyə Yüz ili” devizi ilə ölkənin daxili siyasətindən xarici vektora doğru formalaşan prioritetlərini, Cümhuriyyətin 100-cü ilində yeni hədəf və prioritetlərini uğurla izləyir.

“Türkiyə Yüz ili” vizyonu ölkənin regional və beynəlxalq siyasətdə strateji xətlərini müəyyən edir.

Birinci Dünya müharibəsindən sonra, 1923-cü ildə Osmanlı mirası üzərində qurulan Türkiyə Cümhuriyyəti 100 il sonra dünya siyasətində aparıcı ölkələr sırasında yer alır. Son bir əsrdə bütün dövlət-hökumət rəhbərləri öz siyasi mübarizələrini Mustafa Kamal Atatürkün Cümhuriyyət ideallarının varisliyində görür, iqtisadi, siyasi, hərbi müstəqilliyi təmin etmək və  beynəlxalq aktora çevrilmək üçün strateji hədəfləri qarşıya qoyurlar.

Ötən on illər ərzində Türkiyə beynəlxalq siyasi arenada təkcə öz milli maraqlarını qorumayıb, regionun, türk və islam dünyasının mənafelərini müdafiə edib, prinsipial və qəti mövqeyi ilə dünyada özünə güclü nüfuz və etibar qazanıb. Yaxın Şərqdən Afrikayadək və keçmiş sovet məkanında baş verən hərbi-siyasi münaqişələr və ənənəvi hərbi-siyasi blokların dağılması fonunda Türkiyə beynəlxalq nizam və ədaləti təmin edən yeni nizamı irəli sürüb.

Türkiyə öz xarici siyasətində müşahidəçi roldan aktiv və beynəlxalq miqyasda təsirli ölkə statusuna Ərdoğanın hakimiyyəti dövründə yüksəlib. Tarixdə “Atatürk dövrü”, “Menderes dövrü”, “Özal dövrü” kimi liderlərin adı ilə simvollaşan siyasi mərhələlər indiki halda “Ərdoğan dövrü” üçün də xarakterikdir. Bütün qitələrdə ölkənin təsir gücü artıb, sağlam ambisiyaları güclənib və sülhün-təhlükəsizliyin təminatına xidmət edən siyasi xətt inkarolunmaz fakta çevrilib.

“Dünya 5-dən böyükdür” doktrinası beynəlxalq nizamdakı ədalətsizliyə diqqəti çəkib, əzilən xalqların himayəçisi kimi Türkiyə özünə çoxlu müttəfiqlər qazanıb. Miqrant problemi, milyonlarla köçkünə sığınacaq verilməsi və  müsəlmanlara qarşı ayrı-seçkiliyə davamlı etiraz Türkiyəyə beynəlxalq siyasətdə yeni status qazandırıb.

Azərbaycan cəmiyyətinin Türkiyəyə xüsusi rəğbəti və ehtiramının səbəbləri Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyasının gerçəkləşməsi ilə yanaşı, həm də müstəsna olaraq Vətən müharibəsində Türkiyənin ölkəmizə davamlı dəstəyi ilə bağlı olduğu sosioloji tədqiqatların nəticələri ilə də təsdiqlənir.

Sovetlər Birliyinin dağılmasından sonra Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkə olmasına baxmayaraq, yalnız son 20 ildə  Azərbaycan və Türkiyə arasında siyasi münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib,  üstəlik 15 sentyabr 2010-cu il tarixində İstanbulda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) yaradılması iki dövlətin xarici və daxili siyasətində yeni zirvələrin qazanılmasında müstəsna hüquqi-siyasi hadisəyə çevrilib. Ölkəmizlə bağlı son 20 ilin əsas hadisələrini qiymətləndirərkən önə çıxan əhəmiyyətli hadisələri belə sıralamaq olar:

 

 

  • Türkiyə son 20 ildə regional güc mərkəzindən qlobal aktora çevrilib. Azərbaycan-Türkiyə beynəlxalq müstəvidə güclərini birləşdiriblər, əksər hallarda vahid xarici siyasət yürüdüblər və yeni geosiyasi ittifaqların quruculuğunda tarixdə heç vaxt  görünməyən status qazanıblar. 90-cı illərin Azərbaycanına Türkiyədən baxış, “işğala məruz qalan ölkə” imicindən 2020-ci ildə dünyada “tək qalib dövlət” səviyyəsinə yüksəlmə rəsmi Ankaranın beynəlxalq mövqelərinin də güclənməsində mühüm rola malikdir.
  • Qlobal iqtisadi layihələr  - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və “Yeni İpək Yolu” nəqliyyat dəhlizinin önəmli hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhə və təhlükəsizliyə mühüm töhfə verir.
  • Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin reallaşması Türkiyə və Azərbaycan arasında enerji tərəfdaşlığını yeni mərhələyə yüksəldib. 2023-cü ildə Azərbaycanın Avropanın 10 ölkəsində mavi yanacaqla bağlı qazandığı tərəfdaşlar həmin siyasətin birbaşa nəticəsidir, hər iki ölkənin regional və qlobal mövqelərini gücləndirir.
  • Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkədir, 13000-dən artıq türk şirkətinin investisiyalarının həcmi 11 milyard dollardan çoxdur. Xüsusi vurğulayaq ki, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyanın həcmi də kifayət qədər böyükdür və müstəqillik tarixində ən yüksək həddə - 20 milyard dollara çatmışdır. Göründüyü kimi, iki ölkə arasında iqtisadi bağlar son 20 ildə yeni mərhələyə çatıb.
  •  İkinci Qarabağ müharibəsində Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə qazanılan Zəfər Türkiyə ictimaiyyətində Azərbaycana, eləcə də  ölkəmizdə türk xalqına sevgini yeni səviyyələrə qaldırdı. Təsadüfi deyil ki, Türkiyənin Qurtuluş hərəkatı ilə Qarabağın xilası arasında paralellik aparılır, hər iki xilaskarlıq missiyasının liderləri - Mustafa Kamal Atatürk və Heydər Əliyevin müəyyənləşdirdikləri strateji kursun qələbəsi vahid siyasət kimi qəbul edilir.
  • Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi  təkcə Cənubi Qafqazda deyil, eləcə də Avrasiya qitəsində daimi sülhün və təhlükəsizliyin təminatında mühüm rol oynayır.
  •  Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlıq səviyyəsinin artırılması və modern orduya çevrilməsində
  • müdafiə sənayesi sahəsində əməkdaşlıq və birgə layihələr;
  • kadr hazırlığı;
  • birgə hərbi təlimlər keçirən birinci dövlətdir.

Həmin təlimlərin yalnız bir neçəsinin adını çəkmək yetərlidir:  “EFES”, “Anadolu Ankası”, “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Erciyes-2019”, “Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “TurAz Qartalı-2019”, “TurAz Qartalı-2020” və “Heydər Əliyev-2020”, “Anadolu Qartalı – 2021” təlimlərini göstərmək olar.

  • Türkiyə işğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işlərinin aparılmasında da Azərbaycanla bir yerdədir.
  • Şuşanın azad olunmasından heç bir il keçməmiş məhz 2021-ci ilin iyunun 15-də - Heydər Əliyevin xilaskarlıq missiyasını özündə yaşadan Milli Qurtuluş Günündə imzalanan Şuşa Bəyannaməsi, Şuşaya ilk və hələlik tək xarici dövlət rəhbərinin səfəri və dövlət  törəni ilə qarşılanması, Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak Azərbaycan-Türkiyə müttəfiqliyinin dönməz xarakterini göstərdi.
  • Zəngəzur dəhlizinin açılması üçün Azərbaycanın mövqelərinə ən yüksək siyasi-diplomatik və informativ dəstək məhz Türkiyə tərəfindən verilir.
  • İkinci Qarabağ müharibəsində Türkiyə və Azərbaycan informasiya məkanı birləşdi və Ermənistanın məğlubiyyətində əhəmiyyətli rol oynadı.
  • 90-cı illərdə Türkiyə və Azərbaycan arasında iki vertolyotun alınmasına qərar verilməyən durumdan 2020-ci ildə F-16 təyyarələrinin Azərbaycanda saxlanılması qətiyyətinədək böyük bir yol keçildi, hərbi-siyasi müttəfiqlik zirvə nöqtəsinə çatdı. Belə strateji müttəfiqlik qardaşlıq münasibətlərindən də yüksəkdir, çünki keçmiş sovet məkanından və Afrikadan ərəb yarımadasına qədər geniş coğrafiyada qardaş millətlər arasında yaşanan konfliktlər sübut edir ki, bizim xalqların münasibətləri qardaşlıqdan yüksəkdir və onun əldə olunmasında hər iki ölkəyə rəhbərlik edən liderlərin rolu əvəzsizdir.
  • 2023-cü il Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümünün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə üst-üstə düşməsi yalnız rəqəmlərin simvolikası deyil, Türkiyə və Azərbaycanın dövlətçilik tarixinin, o cümlədən liderlərin müstəsna rolunun qiymətləndirilməsi baxımından əhəmiyyətli hadisələrdir.
  • Türk Dövlətləri Təşkilatı, TÜRKPA, Türksoy və digər siyasi-mədəni təşkilatların 21-ci əsrin mühüm regional və beynəlxalq təşkilatına çevrilməsi əhəmiyyətli hadisədir.
  • Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin cəmiyyətlərimiz tərəfindən birmənalı dəstəklənməsi (Sosial Tədqiatlar Mərkəzinin ardıcıl sorğuları bunu sübut edir) və hərbi-siyasi ittifaqın yaradılmasında lidelərin rolu istər dövlət başçıları, istərsə də partiya rəhbərləri və ya ictimai rəy lideləri olsun,  hər iki ölkənin ictimai fikrində yüksək ehtiramla qeyd olunur.
  • Türkiyə prezidentliyinə namizədliyini irəli sürən 4 namizəd arasında qlobal liderlik xüsusiyyətləri daşıyan şəxsin Azərbaycan cəmiyyətində böyük rəğbət qazanması  başadüşüləndir və xalqımız tərəfindən hazırkı kursun davamlılığına güclü istək var, çünki onillərlə formalaşan beynəlxalq siyasi nüfuz güclü resursdur, əksinə xarici siyasət kursunun kəskin dəyişməsi ölkəmizin mənafeləri baxımından əhalimiz tərəfindən müsbət qarşılanmır.
  • Digər namizədlərin qalibiyyəti halında Türkiyənin regional siyasətinin dəyişib-dəyişməyəcəyi cəmiyyətimizi dərindən qayğılandırır. Gələcək sülh müqaviləsi, sərhədlər məsələsi və Ermənistanın beynəlxalq himayədarları ilə münasibətdə Türkiyənin izləyəcəyi xətt prezident seçkiləri kontekstində əsas müzakirə mövzusuna çevrilib. 30 ildən çox davam edən işğal illərindən bu günə qədər Ermənistanla sərhədlərini açmayan bir dövlətin gələcək qərarları mühüm əhəmiyyət daşıyır.
  • Xüsusilə də, İkinci Qarabağa müharibəsinə həsr olunan və Azadlıq meydanında keçirilən hərbi paradda Türkiyə dövlətinin ən yüksək səviyyədə təmsil olunması, ordu qüvvələrinin dinc keçiddə iştirakı milyonlarla azərbaycanlının qəlbində qürur və sevgi oyadıb.

Beləliklə, Türkiyənin siyasi və mənəvi coğrafiyasının genişlənməsi 2023-cü ilin mayında keçiriləcək seçkiləri yalnız daxili hadisə, müstəsna olaraq secicilərin hüququ olan ölkədaxili məsələ olmaqdan çıxarırır, onu mühüm beynəlxaq siyasi hadisəyə çevirir.

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Türkiyədəki seçkilərlə bağlı Azərbaycanda aparılan ictimai rəy sorğusu ölkə əhalisinin Türkiyənin siyasi gələcəyinə müstəsna marağından, seçkilərin Azərbaycan üçün tarixi əhəmiyyətindən, ictimaiyyətin tanıdığı və dəstəklədiyi namizədlərin vəd etdiyi gələcəyin milli maraqlarımıza nə dərəcədə cavab verdiyini qiymətləndirmək ehtiyacından irəli gəlmiş, vətəndaşlarımızın, rəy və gözləntilərini, o cümlədən istəklərini öyrənmək zəruri sayılmışdır.

Azərbaycan ictimaiyyətinin mövqeyi Türkiyə xalqına necə təsir edəcəkdir? Söhbət əsla müdaxilə cəhdi və ya təsirdən getmir,  Azərbaycanın gələcək mənafeləri baxımından Türkiyə ilə əməkdaşlığı zəruri hesab etməsi (84.1%), postmüharibə dövründə  hər iki ölkənin və regionun sülh, əməkdaşlıq taleyi baxımından strateji müttəfiqliyinin davam  etməsi və bu səbəbdən regional, milli maraqlar baxımından Türkiyə üçün tarixi yolayrıcı hesab edilən 14 may tarixində keçiriləcək seçkilərin nəticəsini ölkəmiz üçün çox əhəmiyyətli kimi qiymətləndirməsi (73.3%) ilə izah etmək olar.

Məlum olduğu kimi, seçkilər dörd namizədin rəqabəti ilə keçirilir və sorğular da məhz namizədlər arasında müqayisəli dəyərləndirməni özündə əks etdirir. Azərbaycan xalqı seçkilərə milli mənafeyimiz, eləcə də regional maraqlar prizmasından yanaşır və dəyərləndirir.

 

TƏDQİQATIN METODOLOGİYASI

Tədqiqat kəmiyyət metodologiyası əsasında aparılıb. Topludan nümunənin seçilməsində sistematik ehtimallı seçmə üsulundan istifadə olunub. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Sorğular 14 iqtisadi rayondan 13-ü üzrə (Şərqi Zəngəzur istisna olmaqla), 10-u respublika tabeli şəhər, 54-ü inzibati rayon olmaqla ümumilikdə 64 rayon və şəhərdə keçirilib. Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid stasionar telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistematik qaydada seçilərək zənglər olunub.

Sorğularda 18 yaşından yuxarı 1070 respondent iştirak edib. Sorğular telefonla müsahibə formasından istifadə olunmaqla ev təsərrüfatları arasında aparılıb və respondentlər sonuncu ad günü prinsipi ilə müəyyən edilib. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir (Yəni sorğu eyni şərtlər daxilində 100 dəfə keçirilərsə, 95-də cari nəticələrdən 3% yuxarı və ya aşağı nəticələr ola bilər).

Sorğunun sahə işi (məlumatların toplanılması) 16 aprel – 20 aprel 2023-cü il tarixləri arasında icra olunub. Sahə işində SurveyToGo proqramı tətbiq edilərək kompüter dəstəkli telefonla müsahibə (Computer Assisted Telephone Interview) sistemindən istifadə olunub.

Sorğu anketinə 10 əsas, 8 sosio-demoqrafik olmaqla ümumilikdə 18 sual daxil edilib. Sorğunun hər bir respondentlə orta davametmə müddəti 6 dəqiqə 16 saniyə təşkil edib.

Sahə işinə başlamamışdan əvvəl intervüyerlər iki ayrı qrup olaraq təlimatlandırılıb. Həmçinin onlar tərəfindən bütün müsahibələrdə anonimlik təmin edilib, respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı, məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb.

Sorğu prosesinin gedişatında sahə işinə nəzarət olunub və yekun mərhələdə nəticələr təsadüfi qaydada yoxlanılıb. Sorğu nəticələri SPSS (Statistical Package for the Social Sciences) proqramı vasitəsilə təhlil edilib, nəticələrin tutarlılığı müxtəlif kombinasiyalarda yoxlanılıb.

SORĞUNUN NƏTİCƏLƏRİNİN TƏHLİLİ

      “Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir”.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

28 may 2022-ci il

 

Bütövlükdə dünya mediasında, Türkiyə seçkilərini 2023-cü ilin ən önəmli seçkiləri elan edən “Vaşinqton Post” (Washington Post), “Blumberq” (Bloomberg) kimi məşhur media orqanlarında qeyd olunduğu kimi, seçki nəticələri Vaşinqton və Moskva ilə birlikdə, Avropa, Yaxın Şərq, Mərkəzi Asiya və Afrika ölkələrində geosiyasi və iqtisadi hesabları yenidən formalaşdıracaq. Həmçinin rusdilli mətbuatda Türkiyənin hazırkı iqtidarı ilə Rusiyanın maraqları arasında paralellik aparanlarla yanaşı, Prezident Ərdoğanın qələbəsini Türkiyənin Qərb və Rusiya arasında balans yaradaraq regionda və dünyada nüfuz dairəsini genişləndirməsi baxımından təhlükəli hesab edən təhlillər də  mövcuddur. Fərqli yanaşma və gözləntilərə baxmayaraq, seçkilərin dünya ictimaiyyəti və mediasının diqqətində olduğu bir reallıqdır.

 

Türkiyədəki seçkilər ortaq geosiyasi maraqlara və strateji hədəflərə sahib Azərbaycan dövləti və cəmiyyəti üçün də aktualdır, rəy sorğularının nəticələri bunu təsdiq edir.

Türkiyədə qarşıdan gələn seçkilərə region və dünyada görünməmiş diqqəti, xüsusilə, ölkəmiz üçün müstəsna əhəmiyyətini nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən rəy sorğusunda ölkə ictimaiyyətinin Türkiyənin seçki ilə bağlı siyasi gündəminə olan marağını öyrənmək məqsədilə respondentlərə bu istiqamətdə sual ünvanlanıb. Ümumi nəticələrə əsasən, respondentlərin 83.8%-nin Türkiyənin seçkilərlə bağlı siyasi gündəmini izlədiyi məlum olub. Onların 31.0%-i seçkilərlə bağlı gündəmi tez-tez izlədiyini, 52.8%-i bəzən izlədiyini bildirib. Respondentlərin 16.1%-i heç izləmədiyini qeyd edib.

  • Nəticələr Türkiyənin seçki gündəminə olan ictimai maraq göstəricilərində gənclərdən orta və yuxarı yaş qruplarına doğru artan tendensiya olduğunu göstərib. Seçki gündəmini tez-tez izləyənlər 18-24 yaş qrupu üzrə 19.7%, 35-44 yaş qrupu üzrə 20.8%, 55-64 yaş qrupu üzrə 35.2% təşkil edib. Siyasi gündəmi heç izləmədiyini bildirənlər 18-24 yaş qrupu üzrə 36.0% təşkil edərkən, 25-34 yaş qrupu üzrə 26.2%, 45-54 yaş qrupu üzrə 13.3% və yaşı 65-dən yuxarı olanlar üzrə 5.1%-ə bərabər olub.
  • Orta təhsilə malik olanların 24.7%-i, ali təhsillilərin isə 41.7%-i seçki ilə bağlı siyasi prosesləri tez-tez izlədiyini qeyd edib.

Azərbaycan cəmiyyəti seçkilərin nəticələrinin ölkə və region üçün mühüm əhəmiyyətə malik olduğu mövqeyini bölüşüb. Bu, təkcə geosiyasi maraqlar zəminində deyil, həm də Azərbaycan dövlətinin və cəmiyyətinin Türkiyəyə olan yüksək diqqəti, yaxın dostluq və qardaşlıq münasibətləri kontekstində dəyərləndirilə bilər.

Sorğu nəticələrinə əsasən, ictimaiyyətin 73.3%-i Türkiyədə keçiriləcək seçkilərin nəticələrinin ölkəmiz üçün çox əhəmiyyətli, 21.6%-i əsasən əhəmiyyətli olduğunu qeyd edib. Sorğuda iştirak edənlərin cəmi 2.3%-i nəticələrin ölkəmiz üçün əhəmiyyətsiz olduğunu hesab edib, 2.9%-i hər hansı rəy bildirməyib.

  • Respondentlər arasında orta təhsillilərin 69.4%-i, ali təhsillilərin 79.3%-i seçkilərin nəticəsini ölkəmiz üçün çox əhəmiyyətli olaraq dəyərləndirib. Başqa sözlə, iştirakçıların təhsil səviyyəsindən asılı olmayaraq, əksəriyyəti Türkiyədəki seçkilərlə bağlı bənzər mövqeyi bölüşüb.
  • Kənd ərazi vahidlərində yaşayan respondentlərin 73.1%-i, qəsəbələrdə yaşayanların 78.0%-i, şəhərdə məskunlaşanların 72.6%-i seçkilərin ölkəmiz üçün çox əhəmiyyətli olduğunu bildirib.
  • Türkiyənin seçki ilə bağlı siyasi gündəmini tez-tez izləyənlərin 87.7%-i, heç izləmədiyini bildirənlərin 59.0%-i seçkilərin nəticəsini ölkəmiz üçün çox əhəmiyyətli hesab edib.

Sorğu əsasında iştirakçıların prezident seçkilərindəki namizədlər haqqında məlumatlılıq səviyyəsi öyrənilib. Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri beş ildən bir keçirilməklə, hazırkı seçkilərin tarixi Prezident Rəcəb Tayyib Ərdoğanın 10 mart 2023-cü tarixli qərarı ilə təsdiqlənib. 18 iyun 2023-cü il yerinə müəyyən edilən erkən seçki tarixi təkpartiyalı sistemin - Cümhuriyyət Xalq Partiyası hökumətinin sona çatdığı 14 may 1950-ci il seçkilərinə işarə edir.

Hazırkı prezident seçkilərində dörd namizədin iştirakı rəsmi olaraq təsdiq edilib.

2018-ci ildə səslərin 52.3%-ni toplayaraq prezident seçilən Rəcəb Tayyib Ərdoğanın 2023-cü il üzrə namizədlik müraciəti Yüksək Seçki Qurumu tərəfindən 23 mart 2023-cü il tarixində təsdiq olunub. Beş partiya onun xeyrinə namizədlikdən çəkilib və Ərdoğan prezident seçkilərində “Cümhur İttifaqının” vahid namizədi olub.

Altı partiyanın vahid bloku olaraq “Millət İttifaqı”nın prezident seçkilərindəki namizədi 6 mart tarixində Kamal Kılıçdaroğlu elan edilib. Onun namizədlik müraciəti 24 mart 2023-cü il tarixində Yüksək Seçki Qurumu tərəfindən təsdiq olunub.

Seçkilərin digər iki namizədi olaraq Məmləkət Partiyasının sədri Məhərrəm İncə və dörd partiyanın vahid blokundan Sinan Oğanın müraciətləri də Yüksək Seçki Qurumu tərəfindən təsdiqlənib.

Rəy sorğusu Azərbaycan ictimaiyyətinin sözügedən namizədlərlə bağlı məlumatlılığının müxtəlif səviyyələrdə olduğunu göstərib.

Bütün sorğu iştirakçıları namizədlər arasında Rəcəb Tayyib Ərdoğanı tanıdığını bildirərkən, digər namizədlərlə bağlı məlumatlılıq səviyyəsi fərqli olub. Belə ki, 58.9% Kamal Kılıçdaroğlunu, 29.6% Məhərrəm İncəni, 25.4% Sinan Oğanı tanıdığını qeyd edib.

  • Respondentlərin sosio-demoqrafik xüsusiyyətlərindən asılı olmayaraq, onların hamısı Rəcəb Tayyib Ərdoğan haqqında məlumatlıdır.
  • İştirakçılar arasında ali təhsillilərin 75.8%-i, orta təhsillilərin 51.6%-i Kamal Kılıçdaroğlu barədə məlumatlı olduğunu bildirib. Ali təhsilə malik hər üç respondentdən biri (33.4%) Sinan Oğanı, 41.4%-i Məhərrəm İncəni tanıdığını qeyd edib.
  • Respondentlərin yaş qrupları üzrə seçki gündəmini izləmə göstəricilərindəki müxtəlifliyə baxmayaraq, namizədləri tanıma ilə bağlı rəylərində əhəmiyyətli fərq qeydə alınmayıb. Xüsusilə də, 18-24 yaş qrupu üzrə respondentlərin 50.0%-i Kamal Kılıçdaroğlunu, 32.0%-i Məhərrəm İncəni, 26.0%-i Sinan Oğanı tanıdığını bildirib.

Sorğuda iştirak edənlərdən seçkilərdəki dörd namizəddən hansını dəstəklədiyi və hansı namizədin qalib gələcəyini ehtimal etdiyi barədə rəylərini qeyd etməsi istənilib.

Respondentlərin mütləq əksəriyyəti, yəni 90.4%-i keçiriləcək seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini dəstəkləyib. Onların 5.1%-i Kamal Kılıçdaroğlunu, 0.8%-i Məhərrəm İncəni, 0.1%-i Sinan Oğanı qalib görmək istədiyini bildirib. İştirakçıların 3.5%-i hansı namizədi dəstəkləməsi ilə bağlı rəyini bölüşməyib.

  • İştirakçılar arasında Kamal Kılıçdaroğlunu tanıyanların 89.5%-i, Sinan Oğanı tanıyanların 89.8%-i, Məhərrəm İncəni tanıdığını qeyd edənlərin 87.8%-i prezident vəzifəsində yenidən Rəcəb Tayyib Ərdoğanı görmək istədiyini ifadə edib.

 

Sorğu iştirakçılarının namizədlərə olan dəstəyi ilə yanaşı, hansı namizədin qalib gələcəyi ilə bağlı ehtimalları öyrənilib. Respondentlərin 87.8%-i 14 mayda keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyini düşünür. Cəmi 6.3% Kamal Kılıçdaroğlunun qalib gələcəyi ehtimalını bölüşərkən, Məhərrəm İncə və Sinan Oğan cavabını qeyd edənlər 0.8% və 0.3% təşkil edib. Respondentlərin 4.8%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

  • Ərdoğanı dəstəkləyənlərin 96.7%-i onun qalib gələcəyini ehtimal edib. Həmçinin Kılıçdaroğlunu dəstəkləyənlərin (6.3%) yarısı seçkilərdə Ərdoğanın qalib gələcəyi ehtimalını bölüşüb.

Respondentlərdən adını qeyd etdiyi namizədi hansı səbəblərlə dəstəklədiyi soruşulub və onlara ən çox 3 cavab variantı qeyd etmək imkanı verilib.

İştirakçıların mütləq əksəriyyəti tərəfindən dəstəklənən Rəcəb Tayyib Ərdoğanla bağlı rəylərini nəzərdən keçirdikdə, onların əsas hissəsi, yəni 55.7%-i öz mövqeyini Ərdoğanın Vətən müharibəsində Azərbaycana göstərdiyi dəstəklə əsaslandırıb.

Göründüyü kimi, respondentlərin 87.8%-i keçiriləcək seçkilərdə Prezident Ərdoğanın qalib gəlməsini dəstəkləyir. Məhz Qarabağ müharibəsində Azərbaycana olan dəstəyinə görə (55.7%), Azərbaycanın maraqlarını müdafiə etdiyinə görə (51.1%), liderlik keyfiyyətlərinə görə 29.4% və digər səbəblər burada vətəndaşlarımızın mövqelərinin formlaşmasına təsir edir.

 

Sorğuda iştirak edənlərin 68.7%-i namizədlər arasında yalnız Ərdoğan seçilərsə, Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olmağa davam edəcəyini qeyd edib. (Bu göstərici eyni zamanda Türkiyə dövlətinin Azərbaycana olan münasibətində siyasi liderin həlledici xarakter daşıdığını göstərir). Respondentlərin 26.0%-i isə namizədlərin hansının seçilməsindən asılı olmayaraq, Türkiyə dövlətinin Azərbaycana dəstəyinin davam edəcəyini düşünür.

 

  • Respondentlər arasında bu mövqe müqayisə etibarilə ən çox 35-44 yaş qrupunda olanların (67.1%), tələbələrin (66.7%) və orta təhsillilərin (58.9%) rəylərində qərarlaşıb. Həmçinin kişilərlə müqayisədə (51.5%) bu cavab qadınlar tərəfindən (59.7%) daha çox qeyd olunub.

Sorğu iştirakçılarının 55.1%-i Prezident Ərdoğanı Azərbaycanın maraqlarını müdafiə etdiyi üçün dəstəklədiyini bildirib.

  • Bu fikir ən çox yuxarı yaş qrupuna mənsub respondentlərin (61.7%), ali təhsillilərin (56.4%), dövlət sektorunda çalışanların (54.3%) cavablarında üstünlük təşkil edib. Hər hansı bir partiyaya üzv olanların 59.1%-i, bitərəflərin 48.7%-i bu fikri təsdiqləyib.

Rəcəb Tayyip Ərdoğanın Vətən müharibəsində Prezident İlham Əliyevin liderliyi və Ali Baş Komandanlığı altında əldə olunan Qələbəyə göstərdiyi prinsipial siyasi və mənəvi dəstəklə, azad olunan torpaqlara olan tarixi səfərlərlə və Zəfərimizin simvolu olan Şuşada imzalan hərbi-siyasi müttəfiqlik bəyannaməsi ilə, həmçinin İranın ölkəmizə artan təzyiqlərinə qarşı göstərdiyi əhəmiyyətli dəstəklə, Ermənistanla aparılan “sülh gündəliy