Yuxarıya
skip to main content

Siyasi məsihçilik və onun tarixi (I hissə)

13.04.2023

Sekulyar messianizm və ümumbəşəri perfeksiya ideyası Roma teoloqu Pelagiusun “voluntarizm” (kainatdakı təməl və yeganə gücün azad iradə olduğu ideyası) doktrinasından qaynaqlanır. Pelagiusa görə, Bibliyanın Tanrısı dünyanı azad iradəsi ilə, heç nədən (ex nihilo) yaratdı. Əgər o insanı da öz surətində yaradıbsa, deməli, insan da azad iradəyə sahibidir. Bir iradəyə sahib olduğumuza görə aksiyalarımızı yönləndirə, xeyiri şərdən ayırd edə bilərik. “İradəmiz olmadan nə xeyir, nə də şər əməl törədirik və hər zaman onlardan birisini etmək azadlığımız var”. Ekkleziastikusun Yunan versiyasında da qeyd edilir ki, “Allah insanı yaratdı və onu öz qərarının iqtidarına tərk etdi”. İlahi iradə heç bir məhdudiyyət bilmədiyi kimi, insan iradəsi də bütün əngəlləri aşmalıdır. Yalnız öz təbiəti tərəfindən müəyyən edilən varlıq heç bir dini-əxlaqi mühakiməyə tabe edilə bilməz.  Günah insan təbiəti ilə deyil, onun iradəsinin qüsuru ilə bağlıdır. Biz, Adəmdən “ilkin günah”ı miras aldığımız üçün deyil, əcdadımızın davranışını təqlid etdiyimiz üçün günah işləyirik (bax.1). İnsan Tanrının inayətinə deyil öz iradəsinin gücünə əsaslanmalıdır. İnayət essensial olsa da, o, Tanrının bizə bəxş etdiyi azadlıqdan qaynaqlanır.

Tanrı tərəfindən yaradılan insan bir pis situasiyadan çıxmaq üçün onun inayətini gözləməməli və yalnız öz gücünə arxalanmalıdır. Tanrı yalnız fərdin dünyəvi həyatının əvvəllində və sonunda faydalı, aktualdır. Əvvəllində, o bizi dəyərli viatikum - xeyiri və şəri bir-birindən ayırmağa, birincisi üçün çalışıb, ikincisindən qaçmağa qadir edən bir vicdan bəxş edir. Sonrasında isə, Məhşər Günü, Tanrı mükafatlar və cəzalarını paylayır. Bu müddət içərisində o, kənara çəkilir və uzaqdan insan mübarizələrini müşahidə edir. Bizi yalnız öz qərarlarımızın tabeliyinə tərk edir.

Pelagius özünü mühafizəkar xristian olaraq düşünürdü. Lakin onun doktrinasının hələ də davranış və ya etika deyil, dini doktrina altında ehtiva edilə bildiyini sorğu-sual edə bilərik. Madam ki, Allah bütöv insan irqinə öz inayətini bəxş edib, o zaman səlamət üçün xristian olmaq zəruri deyil. Tanrı tərəfindən qorunacaq fəzilətli paqanlar da var. İnsanlardan tələb edilən ilkin xüsusiyyət doqma və ya kilsəyə tabelik deyil, xarakter gücü və öz-özünə nəzarətdir, təvazökarlıq deyil, muxtariyyət, müqəddəratını öz əlinə almaqdır. 

Bu perspektivdən, T.Todorov bildirir ki, Pelagiusun Tanrısı Yunan Titanı, insanlara alovu gətirən və onlara öz həyatı üzərində nəzarətə icazə verən Promoteydir (bax.2). Pelagiusa görə, insan Tanrının bəxş etdiyi iradə azadlığı ilə günahsız yaşaya, “Tanrı kimi ola” və dünyanı öz iradəsi ilə mükəmmələ doğru transformasiya edə bilər. Perfeksiya bütün insani varlıqlar üçün əlçatandır və onlar bunun üçün aspirasiya nümayiş etdirməlidirlər.

XVIII əsrin sonlarına doğru Pelagiusun irsi fundamental dəyişikliyə məruz qaldı. Fərdlərin müqəddəratı, əxlaq və siyasət üzərinə nisbətən daha az, cəmiyyətlər üzərinə isə daha çox vurğu edilməyə başlandı. Bu, həm Russo, həm də Monteskiyö üçün keçərli idi. Russo həm fərdi muxtariyyət, hətta fərdi avtargiya zərurətini, eyni zamanda öz suverenliyinin yeganə “master”i kimi xalq suverenliyinin əhəmiyyətini qeyd edərkən, Monteskiyö siyasi sistemlər və qanunvericilik üzərinə fokuslanırdı. İlkin günah və fərdi səlamət bir maraq kəsb etmirdi. Teoloqlar və filosoflar arasındakı debatlardan siyasi aktlara, kütlələrə yönəlmiş xitablara keçildi (bax.1).

İnqilabın əvvəllərində xüsusən də Monteskiyöyə qarşı Maarifçilik filosofları arasında kəskin parçalanma yarandı. Bu, ən çox “Monteskiyönün mühafizəkarlığı” olaraq gördüyü plüralizmə qarşı çıxışlar edən Kondorsedə güclü idi. Pelagius tərzi düşüncə – iradənin mütləq optimizmi - Kondorsedə aşkar edilə bilər. Ona görə, iradənin gücünə əsaslanmaqla tərəqqinin müzəffər yürüşünü davam etdirə və şəri bütövlükdə Yer üzündən silə bilərik. İradəçiliyin protaqonistlərindən biri olan Kondorse Fransa Akademiyasının katibliyi vəzifəsindən məmnun olmayaraq elmi-fəlsəfi refleksiyalardan siyasi aktivliyə keçməyi qərar aldı, və 1791-də Qanunverici Məclisin üzvü oldu.

Fərdi sferadan kommunal sferaya keçməklə və özünü dini çərçivələrdən azad etməklə Pelagiusun ideyaları kəskin dərəcədə radikallaşdı. Ümumi iradə olmaq şərtilə insan iradəsi xeyirin hakimiyyətini mümkün edə və ölümdən sonra deyil, burada və indi hər kəsə müqəddəs xilas gətirə bilərdi. Bu, voluntarizmin dünyanın radikal transformasiyasını vəd edən millenarizm və messianizm ilə bütövləşməsi idi. Yeganə fərq məqsədlərin təbiətinin sekulyarlığında idi. Supra-təbii müqəddəs domenin inkarı bu ümidin meydana çıxmasını stimullaşdıran amil idi. İnsan arzuları ilə harmonik şəkildə dünyanın transformasiyasına nail ola bilərdi. Pelagius kimi onun xələfi olan inqilabçılara görə də, bəşəriyyətin sonsuz tərəqqisi yolunda heç bir əngəl olmamalı idi. İlkin günah da bir superstisiya olaraq inkar edilməli idi. Cəmiyyətlərin bir keçmişi var amma onların ənənələrə bağlı olmaq öhdəlikləri yoxdur. Müəssislər Məclisinin üzvü Jan Pol Rabo Sent-Etiyenə görə, tarixdən istifadə edirik, faydalanırıq amma tarix bizim qanunumuz (məcəlləmiz) deyil. Davranışılarmız sadəcə ağıl və ədalət prinsipinə əsaslanmalıdır. (bax.2)

Hədəfi yeni dünya və yeni insan inşa etmək olan bu düşüncə insani varlıqları formasız kütlə olaraq görürdü. Lui Antuan de Sen-Jüst bildirirdi ki, qanunvericilər yoğrula bilən xam insani maddəni doğru yöndə biçimləndirməli və xeyirin zəfərinə çalışmalıdırlar (bax.3). Ali xeyir təhlükədə olduğu zaman hər yol keçərli hesab olunurdu, hətta kütləvi terrora qədər. Xeyir əldə olunduğu zaman o əbədiləşdirilməli idi.

Bu formada ortaya çıxan məsihsiz məsihçiliksiyasi məsihçilik (messianizm) dünyəvi səlamət axtarışında Tanrıya heç bir yer verməsə də, yeni ehkamlara kor-koranə inanc, həyatını itirən tərəfdarların şəhidlərə transformasiya edilərək müqəddəs kimi sitayiş edilməsi səciyyələrini özündə daşıyırdı.

İnqilabçılara görə, bu inqilab Fransada başladılan və bütün dünyada davam edəcək olan bir müharibə idi. Sen-Jüst qeyd edirdi, fransız xalqı dünyanın azadlığına səs verdi. 1792-ci ildə Fransa Məclisi qardaşlığı bütün dünya xalqlarına bəxş etmək və onların azadlıqlarına qovuşmasına yardım etməli idi. Bu, həmin xalqların ölkələrinin fransız əsgərləri tərəfindən işğalının legitimləşdirilməsi anlamına gəlirdi. Bu ideyanın dəstəkçilərinin heç birisi digər xalqların gələcəyinə qərar verməyin müdafiə etdikləri ümumbəşəri bərabərlik prinsipini pozduğu haqqında düşünmürdü.

İnqilabi müharibələrin proponentləri, xüsusən də Kondorse daxil olmaqla Jirondistlər qardaşlığın zəruri olduqda silah gücü ilə hər yerə ixracını tələb edirdilər. Yalnız bununla əbədi sülhün ali hədəfinə nail olmaq mümkün idi. Qrupun lideri Jan Piyer Brisoya görə, daha ali, daha müqəddəs məqsədli yeni Xaç Yürüşü üçün zaman gəlib, bu, ümumbəşəri azadlıq uğrunda xaç yürüşüdür (bax.4). Bu məqsəd uğrunda bütün vasitələr işlədilməli idi. Artıq düşmənin eliminasiyası da ikincidərəcəli oldu. Despotizm tərəfdarları azadlığın eksterminasiyaedici mələyi tərəfindən yox ediləcəkdi. Düşmənin məhvi əxlaqi vəzifə kəsb etməyə başladı. Zorakılıq gizlədilmir, açıqca tələb edilirdi. 1794-cü ildə Vandeya qiyamının yatırılmasında 600 min fransızın öldürülməsi məhz bu ali məqsəd uğrunda edildi. “İnqilab təhlükədə olduğu” zaman düşmənlərə əsla mərhəmət göstərilməməli idi. Vandeyada cəzalandırıcı aktları həyata keçirən bir fransız kapitanı yazırdı: “Bu dəhşətverici idi, amma respublikanın gələcək rifahı amiranə şəkildə bunu tələb edir.” (bax.5)

Hakimiyyətə gəldikdən sonra eyni ideologiyanı mənimsəmiş Napoleon da bütün Avropa üzərinə onu təlqin etməyə çalışırdı. O, beynəlxalq arenada özünü sistematik olaraq Maarifçilik və İnqilabın varisi olaraq təqdim etməyi seçdi. Fransız ədibi Jermen de Stael Napoleonu “at belində Robespiyer” adlandırırdı. Napoelonun İtaliyaya yürüşü zamanı bir qəzet, “azad millətin fəthləri məğlubların müqəddəratını yaxşılaşdırır, kralların gücünü zəiflədir və Maarifçiliyi gücləndirir”. Onun ordusunun komandanlarından biri marşal Müra Napoleona “sizin zat-i aliliyiniz burada bir Məsih kimi gözlənilir” – yazırdı (bax.6).

Lakin reallıq tamamilə fərqli idi. İşğaldan sonra yerli əhali fransızların gətirdiyi yeni tiraniyanın daha amansız olduğunu anlamağa başladılar. Marşal Andre Masena bildirir ki, İtaliyada repressiyalar zamanı ifrat zorakılıq aktlarından qaçmaq qeyri-mümkün idi. İşğaldan sonra partizan müharibəsinə başlayan ispanlara görə, “Bir fransız necə bir şeydir? Bir fransız vəhşi, qeyri-müəyyən, natamam yaradılmış bir kreaturadır və hər kəsin bu yırtıcı heyvanı öldürmək hüququ var” (bax.7).

Özlərini siyasi olaraq superiyor hesab edən fransız inqilabçıları özlərini sivilizasiyanın zirvəsinə qoymuşdular. Kondorse yazırdı: “bütün xalqlar bir gün fransızlar və anqlo-amerikanlar kimi ən azad, maariflənmiş xalqların çatdığı sivilizasiyaya çatmalıdırlar” (bax.8). Azadlıq idealı ilə Kondorse bütün distant xalqların yaşam tərzlərinin transformasiya edilməsini arzulayırdı. Barbarlıqdan azad edilməli olan xalqlar bundan agah olmaya və hətta müqavimət göstərə bilərlər, bu halın qarşısı hər vasitə ilə alınmalıdır. Çünki Kondorseyə görə, Avropa xalqları onları ya sivilləşdirməli ya da yox olmalarına səbəb olmalıdırlar.

1798-ci ildə Misiri işğal etməyə başlayan Napoelon öz əsgərlərinə “sivilizasiya və ticarət üzərində nəticələri misligörünməmiş olacaq bir fəthə başlamaq üzrəsiz” deyirdi. Haitidə Tusen Lüvertürün rəhbərliyində başlayan qullaq üsyanını yatıran Şarl Leklerk Napoleona yazırdı: “dağların bütün qaradərililərini  məhv etməliyik. Bütün və qadınları və kişiləri də... Onların yalnız 12 yaşdan daha az uşaqlarını sağ buraxmalıyıq. Yalnız bununla koloniyada sülh təmin edilə bilər”. Fransa Nazirlər Şurasının sədri Jül Feri də bildirirdi ki, ali irqlərin inferiyor irqlər qarşısında hüququ var. Onlar bir öhdəliyə bağlıdır: bütün inferiyor irqləri sivilləşdirmək öhdəliyi” (bax.9).

Bununla da, siyasi məsihçiliyin əsas səciyyələrini belə müəyyən edə bilərik: ali bir proqram, asimmetrik rollar, bir tərəfdə aktiv subyekt, digər tərəfdə fikri soruşulmayan passiv faydalanan və proyektin icrası üçün hərbi vasitələrdən istifadə.

            Ədəbiyyat:

  1. B. R. Rees, Pelagius: Life and Letters (Woodbridge: Boydell Press, 1998).
  2. Tzvetan Todorov, “Inner enemies of Democracy”, trans.by Andrew Brown, Polity Press, 2014, p.29
  3. R. Saint-Étienne, Considérations sur les intérêts du Tiers-État, 2nd edn (Paris: no pub., 1788), p. 13.
  4. Saint-Just, Discours sur la Constitution à donner à la France, 24 April 1793, in Oeuvres (Paris: no pub., 1834), p. 74.
  5. D. A. Bell, The First Total War: Napoleon’s Europe and the Birth of Modern Warfare (London: Bloomsbury, 2008), Kindle edition
  6. Bell, The First Total War, Kindle edition
  7. Bell, The First Total War, Kindle edition
  8. Bell, The First Total War, Kindle edition
  9. Condorcet, Outlines of an Historical View of the Progress of the Human Mind, available at http://oll.libertyfund.org/titles/condorcet-outlines-of anhistorical-view-of-the-progress-of-the-human-mind, accessed 27 March 2014.

Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.