Yuxarıya
skip to main content

İraq ABŞ işğalından 20 il sonra: Bu gün həyat daha yaxşıdır?

11.04.2023

“Gallup” İraq müharibəsininin başlanmasının 20-ci il dönümündə yenidən iraqlılarla sorğu keçirib. Sorğuda onların həyatlarını necə gördükləri, zamanla fikirlərinin nə dərəcədə dəyişdiyi araşdırılıb.

İraqda həyatın 20 il əvvəlkindən daha yaxşı və pis olması sualının konkret cavabı yoxdur. Araşdırmalar isə göstərir ki, müharibənin nəticələri və qeyri-sabitliyi milyonlarla insanın səfalətini daha da artırıb.  Ancaq hər şeyin itirilmədiyini göstərən siqnallar da var.

2004-cü ildə “Gallup”ın İraq sorğusunda iraqlılardan ən böyük ümidləri və qorxuları barədə soruşulub. Onların ən böyük ümidləri yaxın zamanlaradək təhlükəsizlik və sabitlik (47%), gələcək üçün ən böyük qorxusu isə məzhəb qarşıdurması və vətəndaş müharibəsi olub (28%).

Onların ən böyük qorxuları gerçəkləşdi. Şiələr və sünnilər arasında məzhəb qarşıdurması tezliklə amansız vətəndaş müharibəsinə çevrildi. Bu, regionda daha geniş dalğalanmaya gətirib çıxardı və İŞİD-ə 2014-2017-ci illərdə İraqın böyük hissəsini işğal etməyə imkan verdi.

İraq Müharibəsi təxminən 200.000 mülki iraqlının həyatını itirməsi ilə nəticələndi. Sonrakı zorakılıq və qeyri-sabitlik illərindəki digər ölümləri də nəzərə alsaq, ölənlərin ümumi sayı yarım milyon nəfər təşkil edir.

Ölkə 2019-cu ildən bəri isə hökumət əleyhinə etirazlarla əhatə olundu. Lakin davam edən etirazlara baxmayaraq, 2021-ci il seçkilərindən sonra bir illik dalana dirəndikdən sonra İraqda, nəhayət, 2022-ci ilin sonunda yeni hökumət quruldu.

İŞİD 2014-2016-cı illər arasında İraqı əhatə etdikcə, iraqlılar gündəlik olaraq dünyanın digər ölkələriylə müqayisədə daha çox mənfi emosiyalar - kədər, narahatlıq, qəzəb, stress və fiziki ağrı yaşayıblar. İŞİD-in süqutundan bu yana isə iraqlıların gündəlik emosional yükü bir qədər az olsa da, onların “Mənfi Təcrübə İndeksində” xalları və indeksi təşkil edən komponentlər hələ də yüksək olaraq qalır.

İşğaldan iyirmi il sonra müharibənin ruhi yaraları mülki əhalinin beynində təzə olaraq qalır. Ancaq hələ də ümid var. 2008 və 2022-ci illər arasında həyatlarını “çiçəklənən” hesab edəcək qədər müsbət qiymətləndirən iraqlıların nisbəti iki dəfə artıb (müvafiq olaraq 9% və 19%).

Bundan əlavə, həyatlarını “əzablı” sayılacaq qədər pis qiymətləndirənlərin nisbəti 18%-dir ki, bu da indi Yaxın Şərq və Şimali Afrikanın bir sıra qonşu ölkələrindən aşağıdır.

İllərdir davam edən münaqişə və vətəndaş müharibəsindən sonra təhlükəsizlik mənzərəsi sabitləşdikcə, gecələr təkbaşına gəzərkən özlərini təhlükəsiz hiss edən iraqlıların nisbəti durmadan artaraq 2022-ci ildə rekord həddə (74%) çatıb.

Siyasi korrupsiya ilə bağlı təsəvvürlər 2018-ci ildən bəri qətiyyətlə yüksək olub. İraqlıların əksəriyyəti (88%-i) hökumətin korrupsiyasının 2022-ci ildə geniş yayıldığını qeyd edir.

Bəzi dalğalanmalara baxmayaraq, iraqlıların öz hökumətlərinə inamı 15 il əvvəlkindən aşağıdır. 2022-ci ildə iraqlıların əksəriyyəti öz milli hökumətlərinə güvənmədiklərini (63%),  37%-i güvəndiyini ifadə edib.

Müharibədən sonra iqtisadi tərəqqi çətinləşib. İraq iqtisadiyyatı ixracın 99%-dən çoxunu təşkil edən neftdən asılı olaraq qalır. COVID-19 pandemiyası və neft qiymətlərinin şoku, digər amillərin təsiri 2020-ci ilin Səddam Hüseynin devrilməsindən sonra İraqda iqtisadi artım baxımdan ən pis il olduğunu göstərir.

Qida almaqda çətinlik çəkən iraqlıların nisbəti 2014-cü ildə İŞİD-in ortaya çıxmasından dərhal əvvəl sürətlə artıb və 2022-ci ildə (41%) hələ də qətiyyətlə yüksək olaraq qalıb ki, bu da 2008-ci ildəki ümumi göstəricidən (25%) xeyli çoxdur.

İraqda məşğulluq vəziyyəti də acınacaqlıdır. Əhalinin demək olar ki, üçdə ikisi (65%-i) 2022-ci ilin iş axtarmaq üçün pis vaxt olduğuna inanıb. İşsizlikdən məyusluq 2019-cu ildə kütləvi etirazların arxasında duran digər əsas amil idi.

Yoxsulluğun və işsizliyin geniş yayılmasına baxmayaraq, iraqlıların iqtisadi baxışı möhkəmdir. Onların təxminən üçdə ikisi yaşayış standartlarından məmnun olduqlarını bildirir. Respondentlərin əksəriyyəti həyat standartlarının yaxşılaşdığını bildirir (53%-i). İraqlıların 31%-i isə bu göstəriciin pisləşdiyini qeyd edir. Bir sözlə, üzləşdiyi böyük struktur problemlərinə baxmayaraq, hələ də İraq iqtisadiyyatının əsaslarının düzgün istiqamətdə getdiyinə dair bəzi kiçik əlamətlər var. Ümumilikdə, 2023-cü ildə İraqda iqtisadi tərəqqi çox çətin olaraq qalır və maddi iztirablar emosional iztirablarla yanaşıdır.

İraq eyni zamanda, bu gün tamamilə fərqli bir ölkədir. İndi ölkənin 40 milyon əhalisi var ki, bu da müharibənin əvvəlindəki rəqəmdən demək olar ki, iki dəfə çoxdur. İraqlıların əksəriyyətinin yaşı 25-dən aşağıdır. Müharibə dəhşətləri sabit bir dövlətdə yaşamağın  nə olduğunu heç vaxt bilməyən milyonlarla gənc iraqlının uşaqlığını müəyyən edib.

Ancaq illərlə davam edən qarışıqlıqdan sonra da bəzi ümid tumurcuqları var. Ölkə eyni zamanda tərəqqi və tənəzzüllə müəyyən edilir. 2014-cü ildən onların ən böyük ümidləri - təhlükəsizlik və sabitlik müəyyən dərəcədə əldə olunub, lakin  demək olar ki, hələ çox uzun bir yol var.

Aydın olan budur ki, işğaldan iyirmi il sonra müharibənin izləri dərindir.

Şəfanə İbrahimova – STM-in aparıcı məsləhətçisi