Yuxarıya
skip to main content

Niyə avropalılar Ukrayna məsələsində birləşirlər?

10.04.2023

Ənənəvi düşüncə bundan ibarətdir ki, müharibələr danışıqlarla başa çatır. Lakin əslində onların sonu daha çox rəy sorğularında müəyyən edilir. İctimai dəstəyin olmaması Amerikanın Vyetnamdakı müharibəsini, Fransanın Əlcəzairdəki müharibəsini sona çatdırdı və 2000-ci ildə Slobodan Miloşeviçin seçki qutusunda məğlub olması ilə keçmiş Yuqoslaviyadakı müharibələrə son qoydu. Ukraynanın Qərb müttəfiqləri indiyədək Kiyevi dəstəkləməkdə təəccüblü şəkildə birləşiblər. Lakin Vladimir Putin, şübhəsiz ki, Qərbin ictimai rəyinin dəyişəcəyinə ümid edir.

Ukrayna ilə müharibənin ildönümünə bir neçə gün qalmış xalq qarşısında çıxış edən Rusiya prezidenti demokratik siyasətin məntiqinin Qərbin Kiyevə dəstəyini tükənəcəyinə ümid edərək, onun uzun müddət davam edəcək müharibəyə hazır olduğunu açıq şəkildə ifadə etdi.

Lakin döyüşlərdən 12 ay sonra Qərb koalisiyasındakı çatlar böyümək yerinə daha da kiçilib. 2023-cü ilin yanvarında 10 Avropa ölkəsində (Danimarka, Estoniya, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, Portuqaliya, Rumıniya və İspaniya) keçirilən ECFR sorğusu göstərir ki, avropalılar Kiyevin müstəqilliyini dəstəkləmək əzmində təəccüblü şəkildə həmrəydirlər. Son 12 ayda ictimai rəyin dinamikası müharibənin növbəti mərhələsi haqqında bizə nə deyir?

2022-ci ilin mayında ECFR-nin sorğusu göstərdi ki, avropalılar müharibəni qınamaqda və Rusiya ilə münasibətləri pozmaq istəklərində yekdil olsalar da, məsələ ilə bağlı hələ də dərin fikir ayrılıqları var.

Bir qrup respondent müharibənin mümkün qədər tez başa çatmasının ən vacib məsələ olduğuna inanırdı, hətta bu, Ukraynanın Rusiyaya güzəştə getməsi demək olsa belə. Digər qrup isə yalnız Rusiyanın aşkar məğlubiyyətinin sülh gətirə biləcəyinə inanırdı. 2022-ci ildə aparılan təhlillər göstərdi ki, “sülh düşərgəsi” “ədalət düşərgəsindən” daha böyükdür və sorğu keçirdiyimiz əksər Avropa ölkələrində müharibənin mümkün qədər tez bitməsinə üstünlük verilir. Bu varianta xüsusilə İtaliya, Almaniya, Rumıniya və Fransada üstünlük verilirdi. Polşa yeganə ölkə idi ki, daha çox insan Rusiyanın təcavüzünə görə cəzalandırılmasını istəyirdi, hətta bu daha uzun müharibə demək olsa belə. O zaman əsas qorxu bu idi ki, bu iki düşərgə arasındakı parçalanma Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra Aİ-nin əldə etdiyi təsirli birlik pozula bilər.

Lakin doqquz ay sonra, Avropa ölkələri arasında mühüm fikir ayrılıqları qalmasına baxmayaraq, mənzərə dəyişdi.

Nəticələr göstərir ki, Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə başa çatması istəyi artıq avropalılar arasında o qədər də populyar deyil. Bir sıra ölkələrdə – Estoniya, Polşa, Danimarka və Böyük Britaniyada – Ukraynanın bütün ərazilərini geri almasına açıq üstünlük verilir, hətta bu, daha uzun müharibə və ya daha çox ukraynalının öldürülməsi və didərgin düşməsi demək olsa belə. Almaniya və Fransada müharibənin ən qısa zamanda bitməsini istəyənlərin sayı xeyli azalıb. Almaniyada indi demək olar ki, bir çox insan müharibənin mümkün qədər tez bitməsini istədiyi kimi Ukraynanın bütün ərazilərini geri almasını istəyir. Fransada isə uzun müharibə variantı müharibəni mümkün qədər tez bitirmək variantı üzərində bir qədər üstünlük əldə edib. Yalnız İtaliya və Rumıniyada daha çox insan hələ də müharibənin mümkün qədər tez bitməli olduğunu düşünür.

Sorğuda iştirak edən hər bir ölkədə Rusiyanın rəqib olması fikri üstünlük təşkil edir (Rumıniyada 32 faizdən Estoniyada 77 faizədək). Rəyi soruşulan doqquz Aİ üzv ölkəsi arasında respondentlərin yalnız 2 faizi Rusiyanı müttəfiq, 12 faizi isə ölkəsi üçün zəruri tərəfdaş hesab edir.

Bu, 2021-ci ilin yazında keçirilən ECFR sorğusunun nəticələri ilə müqayisədə tamamilə fərqli bir nəticədir. O vaxt insanlardan onların ölkələri ilə deyil, Rusiyanın Avropa ilə münasibətləri haqqında fikirlərini soruşulmuşdu – bu da nəticələri birbaşa müqayisə etməyi bir daha çətinləşdirir. Amma ümumilikdə götürdükdə, avropalıların Rusiyanı necə qəbul etməsi ilə bağlı göstəricilərdə böyük dəyişiklik baş verib. İki il əvvəl daha az respondent (Bolqarıstanda 5 faizdən Polşada 38 faizə qədər) Rusiyanı özlərinə rəqib kimi görürdü. Ən geniş yayılmış fikir Rusiyanın Avropa üçün zəruri tərəfdaş olması idi: Almaniya, Fransa və İspaniyada respondentlərin 30 faizindən çoxu və İtaliyadakıların yarısı bu fikri bölüşürdü. Artıq bu düşüncələrin hər biri radikal olaraq dəyişib.

Paşa Bayramov
İstanbul Universiteti və Marmara Universitetinin (magistr) Media və Kommunikasiya ixtisası üzrə məzunu. Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi