Yuxarıya
skip to main content

Dünyanı narahat edən əsas məsələlər

30.03.2023

“Ipsos” beynəlxalq tədqiqatlar mərkəzi aylıq dünyanı narahat edən mövzularla bağlı sorğusunun yeni nəticələrini açıqlayıb.

Nəticələr göstərir ki, artan qiymətlər 29 ölkədə orta hesabla hər 10 nəfərdən dördünü (42%) narahat edir.

 Bütün ölkələrdə inflyasiya ilə bağlı narahatlıqdan sonra yoxsulluq və sosial bərabərsizlik (31%), cinayət və zorakılıq (29%), işsizlik (28%), maliyyə və siyasi korrupsiya (26%) gəlir. Bunlar birlikdə qlobal miqyasda beş əsas narahatlıq mövzusudur.
İnflyasiya
Bu ay inflyasiyaya bütün ilin ən böyük narahatlığı olaraq yanaşılıb. Ancaq ötən ayla müqayisədə bu göstərici təxminən 1 % bəndi azalaraq 42%-ə düşüb.
Argentina (66%) yenidən inflyasiyadan ən çox narahat olan ölkədir. Bununla belə, narahatlıq fevral ayına nisbətən 4% azalıb.
12 ölkə – Argentina, Avstraliya, Kanada, Kolumbiya, Fransa, Almaniya, Böyük Britaniya, Hindistan, Polşa, Sinqapur Türkiyə və ABŞ-da qiymət artımı ən çox narahatlıq doğurur.
Koronavirus
Koronavirusla bağlı narahatlıq 2020-ci ilin aprelindən bəri ən aşağı səviyyəyə düşüb. Respondentlərin 6%-i onu seçib ki, bu da fevral ayına nisbətən 3% aşağıdır. Ötən ilin bu vaxtı  isə pandemiyayla bağlı təlaş 24% təşkil edib. Nəticələr  göstərir ki, bu məsələ qlobal səviyyədə vətəndaşların gözündə bitib.
On nəfərdən altısından bir qədər çoxu (62%-i) ölkələrinin yalnış istiqamətdə getdiyinə inanır.  Bu göstərici  Argentinada 87%-ə, Cənubi Afrikada isə 86%-ə yüksəlib.
İqtisadi durum
29 ölkədə orta hesabla insanların üçdə biri öz ölkələrindəki cari iqtisadi vəziyyəti “yaxşı” adlandırır ki, bu da ötən ayla müqayisədə 1% aşağıdır. Cədvəlin başında Sinqapur gəlir, burada  respondentlərin 77%-i ölkə iqtisadiyyatına müsbət yanaşır.
Argentinada ölkənin iqtisadi vəziyyətini yaxşı dəyərləndirənlərin nisbəti 2% artaraq 9%-a çatıb və bu, ölkə üzrə son 20 ayın ən pessimist nəticəsidir. Yaponiya isə bu bölmədə anketdəki ən pessimist ölkədir.

İqlim dəyişikliyi
Dünyada hər altı nəfərdən biri (15%) iqlim dəyişikliyini ölkələrinə təsir edən ən böyük problemlərdən biri sayır. Bu narahatlıq sorğuda göstərilən 18 məsələ arasında səkkizinci olaraq qalır.
Fransa hazırda iqlim dəyişikliyindən ən çox narahat olan ölkədir, respondentlərin 29%-i onu problem olaraq seçib. İndi inflyasiyadan sonra ölkənin ikinci ən böyük narahatlığı bu məsələdir. Fransa iqlim dəyişikliyi ilə bağlı ikinci dəfədir ki, artıq ən çox narahat olan ölkədir.
Belçika da 2023-cü ilin fevral ayı ilə müqayisədə 4 faizlik artımdan sonra iqlim dəyişikliyindən ən çox narahat olan ilk beş ölkə sırasına daxil olub.

Yoxsulluq və sosial bərabərsizlik
29 ölkədə təxminən hər üç nəfərdən biri (31%) yoxsulluq və sosial bərabərsizliyi yaşadıqları yerlərdə ən böyük problemlərdən biri kimi seçir. Bərabərsizliklə bağlı narahatlıq 2022-ci ilin aprelində inflyasiyanı keçdikdən sonra hər ay  18 narahatlıq siyahısında ikinci yerdə qərarlaşıb. Problemdən ən çox narahat olan üç ölkə isə Tailand, Macarıstan və İndoneziyadır.  Bu məsələlər Braziliya, Belçika, Hollandiya və Yaponiya üçün isə əsas narahatlıqdır.

Şəfanə İbrahimova
Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi