Yuxarıya
skip to main content

Zəngəzur dəhlizinin gələcək təhlükəsizlik perspektivləri ictimai rəydə

17.03.2023

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Naxçıvan MR-da keçirilən ictimai rəy sorğusu çərçivəsində Zəngəzur dəhlizinin gələcək təhlükəsizlik perspektivləri ictimai rəydə qiymətləndirilib.

Sorğu iştirakçılarının 45,6%-i nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa olunmasından sonra Ermənistan ərazisindən keçən həm avtomobil, həm də dəmir yolu ilə hərəkət etməyi təhlükəsiz və etibarlı hesab etdiyini bildirib. Respondentlərin 26,8%-i yalnız dəmir yolu ilə hərəkət etməyi, 10,4%-i yalnız avtomobil yolu ilə hərəkət etməyi təhlükəsiz və etibarlı hesab edib.  Respondentlərin 15,4%-i heç birini ntəhlükəsiz və etibarlı olmadığını qeyd edib.

Respondentlərin 70,8%-i Ermənistanın təhlükəsizlik zəmanəti verəcəyinə inanmadığını ifadə edib. Onların 26,0%-i Ermənistanın təhlükəsizlik zəmanəti verəcəyinə inandığını bildirib.

Respondentlərin 64,8%-nin mövqeyinə görə, Rusiyanın müvafiq orqanının təhlükəsizliyə nəzarəti etibarlı olmayacaq. Onların 24,7%-i bu mövqedədir ki, Rusiyanın müvafiq orqanının təhlükəsizliyə nəzarəti etibarlı olacaq. 10,4%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

 

Sorğuda iştirak edənlərin 43,8%-i nə Avropa İttifaqının, nə də Rusiyanın nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasında vasitəçiliyini effektiv hesab edib. Respondentlərin 32,0%-i yalnız Avropa İttifaqının, 14,1%-i yalnız Rusiyanın vasitəçiliyinin daha effektiv olduğu qənaətindədir.

Respondentlərin 52,1%-i bu mövqedədir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası Ermənistan üçün nəfəslik yaradır. Onların 36,5%-i bu fikirlə razılaşmadığını qeyd edib, 11,5%-i fikir bildirməkdə çətinlik çəkib.

 

Sorğu çərçivəsində respondentlərin Naxçıvan MR-da qarşılaşdıqları əsas problemlər soruşulub və onlara bir neçə cavab variantı qeyd etmək imkanı verilib.

Respondentlərin əsas hissəsi, yəni 39,8%-i qiymət artımı problemini, 26,8%-i Naxçıvana gediş-gəliş xərcinin, bilet qiymətlərinin yüksək olmasını əsas problem kimi qeyd edib. Respondentlərin 22,5%-i işsizliyin, 19,5%-i qarşılaşdığı maddi çətinliklərin əsas problem olduğunu vurğulayıb. Respondentlərin 8,1%-i səhiyyənin vəziyyətini, 7,8%-i Naxçıvandan Türkiyəyə köç və miqrasiya problemlərini, 5,7%-i digər problemləri diqqətə çatdırıb. Respondentlərin 3,2%-i onu narahat hər hansı problemin olmadığını qeyd edib, 2,3%-i cavab verməkdə çətinlik çəkib.

Sorğular 2022-ci ilin 15 oktyabr - 19 oktyabr tarixləri ərzində Naxçıvan MR-da məskunlaşan 386 respondent arasında, telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri təmin edilib. Naxçıvan MR-nın 8 rayonu üzrə seçmə çərçivəsi əhali sayına proporsional müəyyən edilib və gender balansı qorunub. Sözügedən rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri məlumat bazasından təsadüfi qaydada seçilib və zənglər edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.